Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”ın planlarını Qol.Az-a açıqladı

Ağasəlim Mircavadov “Xəzər-Lənkəran”ın planlarını Qol.Az-a açıqladı
ÖLKƏ FUTBOLU 19 İyun 2009 / 18:03 2538
-  A +

“Xəzər-Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov hazırladığı yay hazırlıq planı və digər məsələlərlə bağlı Qol.Az-a müsahibə verib

- Ağasəlim müəllim, ötən gün hazırlıq planı hazırlayacağınızı və rəhbərliyə təqdim edəcəyinizi demişdiniz. Həmin plan hazırdır?
- Bəli. İndi sizə də deyim. Komanda iyunun 24-də Bakıda bir araya gələcək və hazırlığa start verəcək, 29-na kimi burada olacağıq. İyunun 29-dan iyulun 16-a kimi isə hazırlığın ikinci mərhələsini keçmək üçün Türkiyənin Bolu şəhərinə yola düşəcəyik. Sonra yenidən Azərbaycana qayıdıb Lənkərana yola düşəcəyik və iyulun 25-ə kimi hazırlığımızı orada davam etdirəcəyik. 25-də isə hazırlığın son mərhələsini keçmək üçün Avropaya yola düşəcəyik. Çünki həmin vaxt şərq ölkələri çox isti olur. Odur ki, sərin ölkə seçəcəyik. Böyük ehtimalla Polşaya gedəcəyik. Avropanın bir üstünlüyü də odur ki, səviyyəli rəqiblərlə yoldaşlıq görüşü keçirmək imkanımız olacaq. Avqustun 7-də yenidən Lənkərana qayıdıb çempionatın ilk turunun hazırlığına start verəcəyik. Ümumilikdə hazırlığı 4 mərhələyə bölmüşük. Bu mərhələlərin özü də bölünəcək. Yəni, həm fiziki, həm də texniki-taktiki hazırlıq üzərində işləyəcəyik.
- Heyətlə bağlı məsələyə aydınlıq gəldi? Yəni kim gedib, kim qalıb?
- Bu məsələdə hələ ki, sizə konkret bir söz deyə bilmərəm. Çünki komanda ilə birinci gün görüşəcəm və çox suallara orada aydınlıq gələcək.
- Dediniz ki, hazırlığı 4 mərhələyə bölmüsünüz. Oturuşmuş heyət hansı mərhələdə formalaşacaq?
- İlk mərhələ bütünlüklə futbolçu seçiminə həsr olunacaq və baxışa gələn futbolçuları sınaqdan çıxaracağıq. Təbii ki, yoldaşlıq görüşləri keçirmək şərti ilə. Sonrakı mərhələlərdə daha çox heyətin kompletləşməsi ilə məşğul olacağıq. Ümumiyyətlə, transferləri qışda edəndə daha rahat olur. Çünki yaya kimi komanda oturuşur və yayda qlobal dəyişikliklərə ehtiyac olmadan həmin oturuşmuş heyətlə həm avrokuboklara, həm də növbəti mövsümə hazırlaşa bilirsən.
- Əhməd Dursun komandada qalır, yoxsa gedir?
- Hələ bilinmir. Çünki o, hazırda Türkiyədədir.
- Siz özünüz, baş məşqçi kimi Əhmədi komandanızda görmək istəyirsiniz?
- Adını eşitmişəm, bilirəm Türkiyədə tanınan oyunçudur. Amma sualınıza indii konkret cavab verə bilmərəm.
- Yeri gəlmişkən, Əhməd son açıqlamasında sizi tanımadığını deyib.

- Normaldır da, nə deməlidir ki? Tanımır, tanımasın. Heç mən də onu yaxşı tanımıram. Heç indiyə kimi şifahi söhbətimiz də olmayıb. Baş məşqçi gəldiyim gün o, Türkiyədə idi. Hələ də gəlib çıxmayıb.
- Emin Quliyev, Alim Qurbanov və Füzuli Məmmədovun məsələsi nə yerdə qaldı? Ötən gün verdiyiniz açıqlamanızda demişdiniz ki, rəhbərliklə görüşüb bu məsələni də aydınlaşdıracaqsınız.
- Alim onsuz da “Xəzər-Lənkəran”ın futbolçusudur. Sadəcə, başqa kluba icarəyə verilmişdi. İcarəsini başa vurub yenidən Lənkərana qayıdıb. Eminlə Füzulini isə komandadan kənarlaşdırmışdılar.
- Amma həm Eminin, həm də Füzulinin “Xəzər-Lənkəran”la 1 illik müqavilələri var. Yəni onlar da rəsmən sizin futbolçulardır. Bu mənada, yenidən Lənkərana qayıtmaları baş məşqçi kimi sizdən asılıdır.
- Eminlə Füzulinin məsələsi məndən asılı deyil.

Daha çox


Son xəbərlər