Dişləri tökülmüş Fox Terrier və Haluk Ulusoy-Şenol Günəş cütlüyü

Dişləri tökülmüş Fox Terrier və Haluk Ulusoy-Şenol Günəş cütlüyü
ÖLKƏ FUTBOLU 8 İyun 2009 / 16:29 2490
-  A +

Uels matçı son nöqtədi. Azərbaycan futbolunda radikal dəyişikliklərə ehtiyac var. Böyük futbolu ümumiyyətlə dayandırmaq da olar. Stadionlar tikilib uşaq futbolu üçün yaxşı şərait yarandıqdan və bu uşaqlar yetişib böyük futbolçu olduqdan sonra yenidən böyük futbol səhnəsinə qayıtmaq olar. Yoxsa onsuz da yaxın 5-10 ildə qapazaltı olaraq davam edəcəyik. Yoxsa qarşıda bizi Lixtenşteyn fəlakəti və klublarımızın Avropa fiaskosu gözləyir. Biz bitmiş əcnəbi məşqçilərə və legioner futbolçulara verilən milyonlarla avroya hər bir rayona yox, hər bir kəndə xaricdən uşaq məşqçilərinin gətirilməsinin və hər bir rayonda yox, hər bir kənddə uşaq meydançalarının tikilməsinin daha məqsədəuyğun olduğunu yazmaqdan bezdik, bunlar qulaq asmaqdan yorulmadı. Ölkədə milli komandanın oyunlarını keçirilməsi üçün bircə dənə də normal stadion yoxdu, bunlar Bakıda Avropa və dünya çempionatının final mərhələsini keçirməkdən dəm vurur. Dunyada çoxdan sökülmüş stadionlar hələ bizdə tikilməyib. Məsələn,»Qalatasaray»ın sökülməyə hazırlanan Ali Sami Yen stadionuna yaxın gələ biləcək bir stadion yoxdu bizdə. Dövlətin futbol ayırdığı pullar Foqts kimi adamlara yedirdilir. Sadəcə məşhur adlarına görə. Azərbaycan futbolunun legioner funksionerlərə ehtiyacı var, geydirmə legioner futbolçu və məşqçilərə yox!
Azərbaycan futboluna xərclənən milyonlarla dollar özünü doğrultmur. Burda qəribə heç nə yoxdu. Məlum məsələdi ki, Rövnəq Abdullayevin əsas işi ARDNŞ-dədi. AFFA-ya isə əsas işi futbol qurumunda olan bir rəhbər lazımdı. Belə biri də Azərbaycanda yoxdu. Əsas işi AFFA-da olacaq bir adam tapmaq olar bəlkə də, amma futbol təşkilatçılığını bilən bir adam yoxdu bu ölkədə. Məsələn, Halk Ulusoy-Şenol Günəş cütlüyü kimi kimi Türkiyə futboluna uğurlar gətirən və müasir futbolun inkişaf yollarını bilən adamlar lazımdır bizə. Ümumiyyətlə, AFFA tam tərkibdə bu cür insanların komandalarına həvalə olunsa və orda Elxan Məmmədov kimi gənclər calışıb nəsə öyrənsə, gələcəkdə ölkəmizdə peşəkar futbol funksionerləri də yetişər. Elə millimizə də legioner lazım olsa, Türkiyə millisinə düşə bilməyən çox sayda səviyyəli oyunçu var ki, bizim bayraqdan ötrü hər şeylərindən keçər və formamızı geyinməkdən də qürür duyar.
Həm AFFA, həm də klublarda aləm bir-birinə dəyib. Ömründə milyon görməyənlərə bir anda o qədər vəsaitin taleyi tapşırılıb ki, onlarin gözləri böyüyüb dörd olub. Onlara ilk öncə Azərbaycan futbolunun muqəddəratının həlli həvalə edilib. Amma onların görduyu və görmək istədiyi tək şey puldu. Klubların futboldan başqa hər şeyi bilən pul işinə baxanları xaricdən alınan legionerlərə milyonlar verir. Həmin oyunçuların sonra gəlib ehtiyat oyunçular skamyasının bəzəyinə çevrilməsi də kimsəni maraqlandırmır. Yəqin Petrjelanin 100 minlik oyunçunu 1 milyon 200 min dollara «Neftçi»yə sırımaq istədiyindən xəbərdarsınız. Bu, mətbuata açıqlanan yeganə belə faktdı. Yalnız bir şey məlumdur ki, hər transfer pəncərəsində hər klubda bu cür hallar olur. Sonra da bu legionerlər Avropanın ən zəif klubları qarşısında aciz qalır. Cempionatın oyunlarında oyun satırlar. Alan olmasa, satan da olmaz. Klubların qara kassalarını ləğv etmək olar, fəqət onda pul işinə baxanların gəlir mənbələrindən biri azalar.
Klublar nə gündədisə, AFFA-da o gündədi. Bircə fərq var ki, AFFA-da pul işinə baxanlardan biri Elxan Məmmədov adlı yaraşıqlı intelligent bir oğlandı. Buna görə «qoca qurdlar» və «cavan tülkülər» onu sevmirlər. Çünki bizim bir çox futbol adamına intelligent demək zimbabvelini islandiyaliyaliya bənzətmək kimi mümkünsüz bir şeydi. Futbolumuzun qalan məmurlarının da Elxan Məmmədov qədər mədəni və dünya görüşlü olmasını arzulayıram. Məmmədov futbolumuzun inkişafını həqiqətən istəyən bir insandı. Mədəni insanların niyyətləri də düzgün olur. Bir əmması var, hər gözəlin eybi olur,  Elxan müəllim də futbolun inkişafı yolunu bilmir. AFFA-da və Azərbaycanda ona bu yolun sirlərini öyrədəcək bir adam da yoxdu. Amma dövlət inkişafı istəyir və gərəkəndən də artıq maya buraxır. Fəlakət bu paraları düzgün xərcləmənin yolunun bilinməməsindədi. Dövlətin vəsaitini kor-koranə külləyirlər. Futbolumuzun milyon dərdi ola-ola milyon avro verib İspaniya millisini bizim bərbad milliylə yoldaşlıq görüşünə gətirirlər.
Milyonlar verib bir məşqçi gətiriblər. Bu məşqçinin də qalan gətirdikləri kimi pulları almaqdan başqa heç nə bacarmadığı ortaya çıxanda başlarını itiriblər. Milli komandamızda 35 yaşlı, bu yaşına qədər futbolçu kimi heç bir iz qoymamış əcnəbi tör-töküntüləri oynadırlar. Futbol rəhbərlərimiz özləri də nə etmək istədiklərini bilmirlər. Azərbaycan yığmasında «Azərbaycan» sözünü düz deyə bilənlərin sayı bu sözü düz deməyənlərin sayından az qalmaq üzrədi bu minvalla. Bu legioner sürüsü də bütün dünyada bizi rüsvay edir. Bütün dünya bizə lağ edir ki, bu Azərbaycan yığmasıdı, yoxsa Rusiya Braziliya məhəllələrinin veteranlarının yığması. Əvvəllər öz oyunçularımız, öz məşqçimiz olanda yenə arada bir-iki qələbə qazanırdıq, texnikamızla seçilirdik yəni dünya çempionu olmasaq da, azdan-çoxdan nəyləsə yadda qalırdıq. İndi qələbə nədir, mərkəzi keçmək üzünə həsrətik. "Qalatasaray"ın yeni baş məçqçisi Frank Raykard bugünlərdə yaxşı deyib ki, "hədəfimiz təbii ki, çempion olmaqdı. Amma ən böyük hədəfimiz gözə xoş gələn futbol oynamaqdı. Mənim üçün bu, uğurdan oncə gəlir".
Çoxlarının Berti kimi tanıdığı Hans Hubert müəllim gözəl müdafiəçi olub. Mübariz keyfiyyətlərinə görə azarkeşlər onu TERRİER itlərinə bənzədib və ona bu itlərin daha çox tülküləri yeməklə ad çıxaran FOX TERRİER növünə bənzədib və ona bu ləqəbi veriblər. Futbolçu karyerasını bitirdikdən sonra Foqts məşqçi kimi də uğurlar qazanıb, Avropa çempionu olub (düzdü alman KİV-i bu çempionluqda ən böyük payın Bertinin yox, onun arvadının olduğunu iddia edirdi. Final matçının taleyini həll edən Oliver Birhoffun məhz FOX TERRİERin həyat yoldaşının təkidiylə AC-yə aparıldığı bildirilirdi).
Amma bütün bunlar keçmişdə qalıb, daha doğrusu, keçən əsrdə. Futbolda isə sevgidən nifrətə gedən yolun əsrlə davam etmir. Həmin uğurdan sonra Foqtsun da karyerasında sürətli eniş başladı. Sonunda Şotlandiyanı DC-yə çıxarmaq əvəzinə Farer adaları və Moldova kimi komandalarla heç-heçələrə imza atan alman özünəinamı itirərək karyerasını bitirmək qərarına gəlmişdi.
Kaşki bitirsəydi! Azərbaycan kimi bir komandadan qovulmaq təhlükəsiylə də uzləşməzdi, jurnalistllər ona hörmətsizlik etməzdi, biz də onun komadasını dişləri tökülmüş FOX TERRİERə bənzətməzdik. İllərcə qazandığı avtoriteti Bakıda pula qurban verməzdi.
Futbola pul xərcləyənlərimiz kimi məşqçilər də kor-koranə hərəkət edir. Adamın millinin heyətini Foqtsun müəyyənləşdirməsinə inanmağı gəlmir. Məsələn, hətta Dağıstanda belə heç kimin tanımadığı «DAQDİZEL»in üzvü Zaytsevi o hardan tanıya bilər? Foqts klublardakı legioner limitsizliyindən gileylənə-gileylənə millimizi legioner limitinin tətbiq olunası bir hala gətirib. Ən maraqlısı isə odur ki, bu legionerlər bizim futbolçulardan da zəifdi! Zaur Ramazanov, Zaur Tağızadə, Samir Əliyev, Emin İmaməliyev, Elvin Məmmədov, Rəşad Sadıqov, İlqar Qurbanov, Araz Abdullayev, Cavid İmamverdiyev və adını çəkmədiyim onlarca AZƏRBAYCANLI futbolçunun çıxış etdiyi komandanın ən azından FUTBOL oynayaya biləcəyi şübhəsizdi. Amma Foqtsun nə etmək istədiyini anlamaq olmur. Əslində onun Azərbaycana pul üçün gəldiyi məlumdu. Foqts futboldan doyub və ona artıq futbol lazim deyil, ona sadəcə pul lazımdı. Belə vəziyyətdə bu adama heç U-15-i də tapşırmaq duz deyil. Amma keçmişdə qazandığı adına hörmət əlaməti olaraq yarımillik U-15 i TERRİERə vermək olar, bəlkə də ondan yenidən işləməyə və futbolçuları yetişdirməyə həvəs yarandı.

Anar ŞABANOĞLU
[email protected]

 

 

Daha çox


Son xəbərlər