Tanınmış idman jurnalisti ad gününü qeyd edir

Tanınmış idman jurnalisti ad gününü qeyd edir
XƏBƏR 19 İyun 2012 / 14:58 2433
-  A +

Bu gün tanınmış idman jurnalisti, Azərbaycan Milli Olimpiya Komitəsinin üzvü, “Olimpiya” İnformasiya Agentliyi və  Olimpiya.az portalının rəhbəri Elnur Əşrəfoğlunun ad günüdür.

Bakı Dövlət Universiteninin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirən Əşrəfoğlu 21 il jurnalistika sahəsində geniş təcrübəyə malikdir. “525-ci qəzet”, “7 gün “ , “Azərbaycan” kimi mötəbər qəzetlərdə fəaliyyət göstərən Elnur Əşrəfoğlu  Azərbaycan Televiziyasında 16 il ( 1993-2009 ) ərzində müxbirlikdən İdman proqramları redaksiyasının baş redaktoru vəzifəsinə kimi yüksələ bilib. Uzun illər televiziyada fəaliyyət göstərən dəyərli telejurnalist bir çox yeni layihələrin müəllifi kimi tanınıb. Onun müəllifi və aparıcısı olduğu “Sport digest” əyləncəli idman televiziya proqramı milyonların rəğbətini qazanıb. Elnur Əşrəfoğlu müstəqil Azərbaycanın xarici ölkədən ilk futbol reportajını aparan şərhçi kimi televiziya tarixinə düşüb (İsrail-Azərbaycan.1995-ci il).

Elnur Əşrəfoğlu 1996-cı ildən başlayaraq bütün Yay Olimpiya oyunlarında idman jurnalisti kimi vəzifəsinin öhdəsindən layiqincə gəlib. Bununla yanaşı həmkarımız 3 qış olimpiadasını canlı izləməyə də imkan tapıb. Azərbaycan Televiziyasının qızıl fonduna daxil olan “Zirvəyə doğru: Sidney-2000”, “Afina-2004”, “Pekin zəfərləri”, “Milli Olimpiya Komitəsi-10 il”, “Professor”, “9 nömrəli oyunçu”, “Böyük hokkey”,”Sehrbaz” və daha bir neçə sənədli filmlərin ərsəyə gəlməsində əməyi olub. Bir çox beynəlxalq idman yarışlarından reportaj hazırlayan və 1994-cü ildən başlayaraq bütün futbol üzrə dünya və Avropa çempionatlarının final mərhələsində Azərbaycandan yeganə akkreditə olunan jurnalist Elnur Əşrəfoğlu daim dünyanın tanınmış idman adamları - Məhəmməd Əli, Pele, Maradona, Kobi Braynt, Messi, Del Pyero, Samaranç, Jak Roqq, Zepp Blatter, Mişel Platini, Keti Friman, Mariya Şarapova, Frans Bekkenbauer, Covanni Trappatoni, Dunqa, Ronaldinyo, Maykl Felps, Ueyn Qretski, Rafael Nadal, Roje Federer,Useyn Bolt və digərləri ilə ünsiyyət qurmaqda özünü yaxşı tərəfdən göstərib. Hətta dünyanın bir çox məşhur telekanallarının tanınmış idmançılarla əldə edə bilmədiyi müsahibələri məhz Elnur Əşrəfoğlu əldə edirdi. Elnur Əşrəfoğlu “Neftçi” futbol klubunun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəisi kimi 2 dəfə dalbadal Azərbaycan çempionluğu sevincini yaşayaraq, Premyer Liqanın qızıl medallarına sahib olub.

Hazırda Polşa və Ukraynada keçirilən futbol üzrə Avropa çempionatına da akkreditə olunan həmkarımız yarışın  yarımfinal və final görüşlərini izləmək üçün Kiyevə yola düşəcək.
Biz də həmkarımızı ad günü münasibəti ilə təbrik edir, həyatında və işlərində uğurlar arzulayırıq!

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi