Foqts niyə AzTV-yə getmədi?

Foqts niyə AzTV-yə getmədi?
ÖLKƏ FUTBOLU 29 Aprel 2009 / 00:17 2894
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts aprelin 27-də "İdman Azərbaycan" kanalında efirə gedən "Premyer liqa" verilişinə gəlmədi. Qol.Az-ın məlumatına görə, proqramın qonaqsız olmasını verilişin aparıcısı Altay Əliyev məhz Foqtsun son anda gəlməkdən imtina etməsi ilə əlaqələndirdi. "Dəfələrlə müraciət etməyimizə baxmayaraq almaniyalı baş məşqçi bizim təkliflərimizi rədd edib. Hətta bununla bağlı Uelslə oyun başa çatdıqdan sonra AFFA-nın baş katibi Elxan Məmmədova da məlumat verdim. Son vaxtlar isə dəfəflərlə Mikayıl Nərimanoğlu bizə Foqtsu gətirəcəyini söz versə də, hər dəfə bu elə söz olaraq qaldı. Tez-tez xarici mətbuatda çıxışlar edən BİZiM BAŞ MƏŞQÇİmizin ətrafına dolanmaq belə müşkülə çevrilib. Foqtsun keçirilən oyunlar, hazırlıqlarla bağlı fikrilərini yalnız xarici mətbuatdan oxuya bilirik".
Son hadisə isə daha maraqlı olub. Qol.Az-ın müxbiri ilə söhbətində Elxan Məmmədovun "Foqts həmin gün rəsmi yeməyə dəvət almışdı" fikrinə Altay Əliyev belə aydınlıq gətirib. "Adəti üzrə yenə verilişdən əvvəl qonaqların dəvət olunması üçün planı tərtib edəndə Mikayıl Nərimanoğlu ilə əlaqə saxladım. O, Foqtsla ünsiyyətə girib, qısa müddətdə cavab verəcəyini bildirdi. Təbii ki, proqramın 1-ci gün qonaqsız olmaması üçün Nərimanoğludan qısa müddətdə cavab verməsini xahiş etdim. Tez-tez əlaqə saxlayıb vəziyyətlə maraqlandım. Hətta söhbətimizin birində Nərimanoğlu 99 faiz məsələnin həll olunduğunu söylədi. Və saat 19.03-də Foqtsun Almaniya səfirliyinin dəvətini qəbul etdiyini və şam yeməyində olacağı bildirildi. Və mən də qonaqsız qaldım. Sonra həftənin 3-cü gün verilişində 100 faiz Foqtsun gələcəyinə söz verilsə də mən etiraz etdim".
Altay Əliyev məsələni şişirtməyə ehtiyac olmadığını söylədi və vəziyyətdən təəssüfləndiyini qeyd etdi. "Aydın məsələdir ki, Foqts müstəqil adamdır və istədiyi adamla görüşə bilər. Lakin uzun müddətdir hətta AFFA rəsmilərinin də köməyi ilə tapa bilmədiyimiz Foqtsu yabançı jurnalistlər, səfirlik nümayəndələri istədikləri vaxt tapırlar". 
Baş katib Elxan Məmmədovun "mənimlə birbaşa heç kim əlaqə yaratmayıb" fikrinə isə Altay bəy belə münasibət bildirib:
"Hər halda qurumun mətbuat əlaqələndirici var və biz onunla təmasa girmişik. Elxan Məmmədovun onsuz yetərincə çox işi var və onu rahatsız etməməyi düşündüm".

P.S. Son anda əldə etdiyimiz məlumata görə Berti Foqts mayın 1-də ANS-in "Bol Futbol" verilişinin qonağı olacaq. Görəsən Azərbaycan milli komandasının oyunlarını yayımlayan, Premyer Liqanı geniş şəkildə təbliğ edən Dövlət Televiziyasının "İdman Azərbaycan" kanalına gəlməyən Foqtsu digər kanalın təklifini qəbul etməyə nə vadar edib?    

Daha çox


Son xəbərlər