“İki komanda çempionluğa oynayırsa, hansı rəqabətdən söhbət gedə bilər?” – Yunis Hüseynov

“İki komanda çempionluğa oynayırsa, hansı rəqabətdən söhbət gedə bilər?” – Yunis Hüseynov
ÖLKƏ FUTBOLU 16 Avqust 2019 / 16:49 3949
-  A +

“Kəpəz”in sabiq baş məşqçisi Yunis Hüseynov “Neftçi” və “Qarabağ”ın avrokuboklardakı çıxışı və bu gün başlanacaq 2019/20 mövsümü Azərbaycan Premyer Liqası ilə bağlı Qol.az-ın suallarını cavablandırıb

- “Neftçi” Avroliqanın üçüncü mərhələsində “Bney Yehuda”ya uduzub mübarizəni dayandırdı. Məğlubiyyətin səbəblərini nədə görürsünüz?

- “Neftçi” iki oyunun nəticəsinə əsasən rəqibi üstələyəcəyinə inanırdım. Amma komanda Bakıdakı oyunu ilə rəqibi düzgün analiz etmədiyini göstərmişdi. Baxmayaraq ki, saytlar yazırdı ki, İsrail təmsilçisi olduqca zəifdir, “Neftçi” onları rahatlıqla keçəcək, ancaq bu aldadıcı mövqe idi. “Bney Yehuda”nın baş məşqçisi “Neftçi”ni favorit adlandırmışdı. Bu, həqiqətən də belə idi. Ancaq rəqib “Neftçi”ni düzgün təhlil etmişdi. Gələk komandamızın oyununa. “Neftçi”nin boşluqlardan yararlanmağı bacaran futbolçuları var. Dario, Monroz kimi oyunçular öz bacarıqları ilə bu fürsətləri dəyərləndirirlər. Bununla belə “Neftçi” müdafiədən oynayan komandaya qarşı çıxış etməyi  bacarmır. Keçən mövsüm çempionatın gedişatında da biz bunun şahidi olmuşduq. Mən keçən il öz çıxışlarımın birində “Neftçi”nin çempion olmayacağını bildirmişdim. Azarkeşlər bu fikrimə görə məndən incimişdilər. Neçə il bu komandanın şərəfini qorumuşam, kapitanı olmuşam və bir futbolçu kimi formalaşmağımda “Neftçi”yə borcluyam. Amma hiss etmişdim ki, bu cür oyunla “Neftçi” çempion olmayacaq. Dediklərim özünü doğrultdu. Mən həmişə müsahibələrdə qeyd edirəm ki, ilk növbədə Avroliqada qol buraxmamaq lazımdır. “Neftçi”nin oyunçuları nə qədər istəsələr də top buraxmasınlar, etdikləri səhvlər qapılarına qolların vurulması ilə nəticələndi. İsrail təmsilçisi evdə 5 müdafiəçi ilə oynadı. Belə olan halda “Neftçi”nin baş məşqçisi taktikanı dəyişməli, rəqibin müdafiədən oyununa hazır olmalı idilər. İlk olaraq, rəqib komandaya hücum etmək şansı verilməli idi ki, arxa xəttdə boşluqlar olsun və “Neftçi” əks hücumda bundan istifadə edib qol və ya qollar vursun. Əlavə olaraq da qol buraxmamaq lazım idi. Rəqibin ilk qolu çox erkən vuruldu, 14-cü dəqiqədə. İkinci qol isə müdafiəçilərin kobud səhvindən oldun. Rəqib sadəcə olaraq autdan qol vurdu, həmin an “Neftçi” müdafiəsi yatmışdı.

- Roberto Bordin “Bney Yehuda” ilə matçlarda tam fərqli taktiki sxemlərlə çıxmışdı. Bununla bağlı fikirləriniz necədir?

- İlk oyunlarda Moldova təmsilçisinin qapısından 9 qol keçirəndə hamı baş məşqçini alqışladı. Ancaq hər kəs bilirdi ki, “Sperantsa” zəif komandadır. Bundan sonra isə Rusiya “Arsenal”I ilə qarşılaşdıq. Tula təmsilçisi isə Rusiyanın ortabab komandası idi. “Neftçi” “Bney Yehuda”nı, “Arsenal” isə “Neftçi”ni  düzgün təhlil etməmişdi. “Bney Yehuda” “Arsenal”dan olduqca zəif idi. Bu cür zəif komandaya qarşı isə düzgün oynamaq lazım idi. Elə etmək lazım idi ki, ilk qolu Bakıda “Neftçi” vursun. Belə olsaydı əminliklə qeyd edirəm ki, hesab 2:0, hətta 3:0 bizim xeyrimizə ola bilərdi. Ancaq təəssüf ki, ilk qolu rəqib vurdu və hesab 0:2 olduqdan sonra müdafiəyə qapandı. İsraildəki oyunda isə komandanın zəif olması bir epizod ilə öz təsdiqini tapır. “Neftçi”nin penalti epizodundan sonra oyunun yekunlaşmağına 1 dəqiqə qalmasına baxmayaraq rəqib komanda topu geriyə ötürə bilərdi. Amma rəqib mərkəzdən başlayan kimi topu auta vurur və cərimə meydançalarına doğru qaçırdılar. Bu isə rəqibin futbolun incəlikləri, bicliklərindən xəbərdar olmamasından irəli gəlir. Ancaq onlar “Neftçi”dən çox işlədilər, daha istəkli idilər. Buna görə də qələbə qazandılar.

- “Qarabağ” Çempionlar Liqasında APOEL-ə məğlub olaraq ÇL-da mübarizəni dayandırdı. Səfərdə qazanılan qələbəyə rəğmən komanda Bakıda 2 cavabsız top buraxdı. Bu məğlubiyyətə səbəb hansı amillər oldu?


-“Neftçi” barədəki fikirlərim “Qarabağ” üçün də keçərlidir. Yeganə fərq “Qarabağ”da top saxlamağı bacaran oyunçuların çox olması və kollektiv oyun bacarığıdır. Komanda cinahlardan hücum etməyi bacarır. Əgər “Qarabağ”a cinahdan boşluqlar verməsən, onlar ciddi epizod yarada bilmirlər. Ancaq “Qarabağ” top saxlamağının nəticəsində rəqibdən bir baş üstün idilər. Mərkəzdə top saxlamaq isə hələ rəqibdən tam güclü olmaq demək deyil. Əsas olan düzgün hücumlar qurub qol vurmaq idi. Kiprdə bunu bacarsa da, Bakıda edə bilmədi. Səbəb nə idi? Səfərdə APOEL-in baş məşqçisi italiyalı idi və 3-5-2 sxemi ilə oynadı. Kipr klubu 3 müdafiəçi ilə meydana çıxmışdı, boşluqlar verirdi. Bildiyiniz kimi “Qarabağ”da Zubir və Xayme boşluqlar tapanda irəliləməyi bacaran oyunçulardır. Bu cür texnikalı futbolçular rəqibin bir neçə oyunçusunu keçməyə qadirdirlər. Xüsusilə Zubir Kiprdə bu baxımdan istədiyini edirdi. Təəssüf ki, həmin oyunun son saniyələrində başla vurulan qol və Bakıdakı 2 qol “Qarabağ”ın ÇL-dən kənarda qalması ilə nəticələndi. Bakıdakı oyuna isə rəqib yeni baş məşqçi ilə gəlmişdi. Tomas Doll “Qarabağ”ı oyununu düzgün analiz etdi. 4 müdafiəçi ilə meydana çıxan APOEL ilk olaraq cinahları bağladı. 4-5-1 sxemi ilə oynayaraq “Qarabağ”ın hücum etməsini gözlədi. Komandamız isə həmişə 30 min azarkeşin qarşısında qol vurmaq istəyir və daima hücumda olur. Əfsuslar olsun ki, penalti epizodu ilə ilk hissəni məğlub başa vurduq. İkinci hissəni isə “Qarabağ” çox istəkli başladı və ilk 15-20 dəqiqədə baxımlı hücumlar qursalar da, bundan istifadə edə bilmədilər. Rəqibin ikinci qolundan sonra isə bərabər səviyyədə oyun izlədik.

 - “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində qarşılaşacağı “Linfild” komandasına qarşı oyunlarda şansları nə qədərdir?

- Deyərdim  ki, iki oyunun nəticəsinə əsasən “Qarabağ” 80 faiz mərhələni keçib qrupa vəsiqə qazanacaq. Onların AL-ın əvvəlki mərhələlərində qarşılaşdıqları komandalara baxdım. Pley-offa qədərki mərhələrdə ciddi nəsə etməyiblər. “Qarabağ”a inamım böyükdür.

- Bu gündən etibarən Azərbaycan çempionatının oyunları başlayır. Gözləntiləriniz nədir?

- Oyunlar başlamadan gözləntilər barədə nəsə demək çətindir. Amma 8 komandalıq çempionat rəqabət baxımından zəifdir. Legionerlərin sayına görə “Neftçi” və “Qarabağ” öndədir. Yerli futbolçular inciməsin, ancaq avrokuboklarda mərhələ keçməyimizdə əsas səbəbkarlar legionerlərdir. Hansı komandanın legionerləri çoxdursa, onlar çempionluğa oynayacaq.

- Bəs, sizcə, “Qarabağ” və “Neftçi”dən başqa çempionluq uğrunda yarışan komandalar olacaq?

- Bu haqda nəsə demək çətindir. Bu iki klubdan başqa “Sabah” legionerlər və bir sıra yerli futbolçular heyətinə cəlb edə bilib. Deyilənlərə əsasən, onların da şansları böyükdür. İşləri avand olsun. Necə oynadıqları ilk oyundan bəlli olacaq. Ümumilikdə ilk 2 turdan sonra çempionluğa oynayan komandaların adlarını çəkə bilərəm.

- Premyer Liqamızda rəqabətsiz oyunların avrokuboklara təsiri varmı?

- Dediyim kimi, çempionatımızda rəqabət olduqca zəifdir. Bir oyunçuda rəqabət aparmaq əzmi yoxdursa, o futbolçu heç vaxt püxtələşə bilməz. Avropa Liqasında 4-5 oyun keçirməklə komanda inkişafı mümkün deyil. Hər bir futbolçu ilk olaraq daxili çempionatda inkişaf etməli, yalnız bundan sonra avrokuboklarda özünü göstərməlidir. Bunun olmaması da çempionatımızın zəifliyinin nəticəsidir. Hər kəs deyir ki, çempionatımız güclüdür, rəqabət var. Bir çempionatda cəmi iki komanda çempionluğa oynayırsa, hansı rəqabətdən söhbət gedə bilər? Gəlin, özümüzü aldatmayaq. Hər kəs öz işinə peşəkar səviyyədə yanaşmalıdır.

- Müsahibə üçün təşəkkürlər. İşlərinizdə uğurlar!

- İş var ki, uğur da olsun... (gülür)

Azad NURİYEV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı