"Esyen bizim kluba pula görə gəlmir" - Aftandil Hacıyev

"Esyen bizim kluba pula görə gəlmir" - Aftandil Hacıyev
ÖLKƏ FUTBOLU 14 Mart 2019 / 14:09 5742
-  A +

"Səbail"in bazasında olarkən Esyenlə söhbətimiz oldu, karyerasını bitirmədiyini bildirdi. Biz də ona təklif etdik ki, oynamaq istəsən, səni komandamızda görmək istəyərik".

Bu sözləri Qol.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. Klubun rəsmi saytı bir neçə dəqiqə öncə dünya futbolunun tanınmış simalarından Maykl Esyenlə danışıqlara başlandığını açıqlayıb. Məsələ ilə bağlı danışan A. Hacıyev Qana millisinin sabiq üzvünün həftə sonu müqavilə imzalamaq üçün Bakıya gələcəyini bildirib:

"Fikrimiz ciddidir, onun ümumi durumu ilə də maraqlandıq. Karyerasını bitirdiyini elan etməyib, məşqlərinə də davam edir. Müqavilə şərtlərini danışmaq üçün Esyeni Bakıya dəvət etmişik. Həftəsonu paytaxtımızda olacaq. Şərtlər hər iki tərəfi razı salsa, onu heyətimizə qatacağıq. Sözləşmənin müddəti bu mövsümün sonu və növbəti mövsümü əhatə edəcək. Bakıya gələndən sonra bir daha bu haqda danışacağıq".

Gənc mütəxəssis vaxtı ilə "Lion", "Çelsi", "Real", "Milan" kimi Avropa nəhənglərinin formasını geyinmiş Esyenin "Səbail"ə pula görə gəlmədiyini söyləyib: "Esyen "Səbail"ə maliyyə məsələlərinə görə gəlmir. Onun kifayət qədər imkanı var. Karyerası zəngin olan futbolçudur. Sadəcə, futbola, peşəsinə vurğun olduğu üçün oynamaq istəyir. Ölkəmizdə çıxış etmək ona maraqlı gəlib. Bu cür futbolçunun təcrübəsindən faydalanmaq yaxşı olar. Gələcəkdə durumuna baxıb, nə qədər oynaya biləcəyinə qərar verəcəyik".

A. Hacıyev Esyenin transferinin həm də reklam xarakteri daşıdığını gizlətməyib: "Bəlkə də indiyə qədər Azərbaycana belə titullu futbolçu gəlməyib. Həm gənc oyunçular, həm də bu cür dünya ulduzları ilə bağlı ilk addımı "Səbail" atır. Bəlkə də Esyen vasitəsilə digər tanınmış futbolçular da ölkəmizə təşrif buyurar. Bu da öz növbəsində çempionatımızın reytinqinin qalxmasına kömək edər. Bu gün belə futbolçular Çin, ABŞ kimi futbolu zəif olan ölkələrə gedirlər. Bu cür addımı Azərbaycanda ilk olaraq bizim atmağımız, əlbəttə ki, sevindirir. Düşünürəm ki, bundan sonra digər titullu futbolçularda da ölkəmizə gəlmək üçün maraq oyana bilər".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi