AFFA-dan müəmmalı hakim təyinatı

AFFA-dan müəmmalı hakim təyinatı
ÖLKƏ FUTBOLU 13 Mart 2019 / 14:17 3371
-  A +

Dünən Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının bu həftənin cümə günü keçiriləcək XXI turunun hakim təyinatlarını açıqlayıb. Təyinatlarda diqqəti bir-iki məqam çəkir.

Əvvəla ondan başlayaq ki, turun mərkəzi qarşılaşması hesab olunan “Neftçi” – “Qəbələ” matçı gənc Səbuhi Bayramova həvalə edilib. S.Bayramov bu ildən Premyer Liqanın matçlarını idarə etməyə başladığından onun yüksək liqa üçün yetərli təcrübəsinin olmadığını söyləyə bilərik. Düzdür, uzun müddət birinci divizionda hakimlik etmiş bu gənc referinin artıq Premyer Liqada da sınanması müsbət haldır. Amma birdən-birə onun mərkəzi qarşılaşmaya təyinat alması suallar yaratmaya, həmin hakimin gələcəyi baxımından isə narahatlıq doğurmaya bilməz. Çox uzağa getməyək. Elə ötən həftə “Sumqayıt”la “Neftçi” arasındakı qarşılaşma göstərdi ki, bu əhəmiyyətli oyunun başqa bir gənc Rəşad Əhmədova həvalə edilməsi doğru qərar olmayıb. Hər nə qədər həmin hakim matçı qərəzsiz idarə etsə də, Mehdi Cənnətov-Kiril Petrov epizodunda qətiyyətli qərar versə də, ondan haqlı narazılıqlar da az olmadı. Ümumiyyətlə, bu tip qarşılaşmalara gənclərin atılması, onların sonrakı karyerasını indidən yandıra, psixoloji zərbə vura bilər. Bu mənada, “Sabah” – “Sumqayıt”, yaxud “Zirə” – “Keşlə” matçları durduğu halda, gənc Səbuhi Bayramovun “Neftçi” – “Qəbələ” oyununa təyin edilməsi sual doğurur. Düz üç FİFA referimiz olduğu halda AFFA Hakimlər Departamenti hansı məntiqlə bu mühüm matçı yetərli təcrübəsi olmayan birinə həvalə edir?

İkinci sual: niyə “Neftçi” – “Qəbələ” matçı ilə eyni gündə keçiriləcək turun daha bir vacib qarşılaşması – “Səbail” – “Qarabağ” oyununa birdən-birə iki FİFA referimiz – Əliyar Ağayev (baş hakim) və Rəhim Həsənov (ehtiyat hakim) təyinat alır? Əliyar Ağayevi, yaxud Rəhim Həsənovu “Neftçi” – “Qəbələ” matçına təyin etməyə fövqəladə futbol zəkasımı tələb olunurdu?

“Neftçi” – “Qəbələ” matçı mühüm qarşılaşmadı. Ehtiyatsız verilə biləcək hakim qərarı iki komandadan birinə, yaxud elə hər ikisinə zərbə ola, daha da pisi futbolumuzda növbəti xoşagəlməz söhbətlərə yol aça bilər.

Təyinatın verilməsində kimin rolu çox olub? AFFA-nın Hakimlər Departamentinin avstriyalı yeni sədri Fritz Ştuxlikinmi, yoxsa onun köməkçisi – hakimlikdən uzaqlaşdırılan, sonradan yenidən Hakimlər Departamentinə qaytarılan Elçin Məmmədovunmu? Hər halda qərarı fərd olaraq kimin verməsindən asılı olmayaraq, baş verə biləcək bütün mümkün narazılıqlara və qalmaqallara görə AFFA birbaşa məsuliyyət daşıyacaq.

Daha çox


Son xəbərlər