“İnter”in (hazırkı “Keşlə”) sabiq prezidenti Georgi Nikolov Qol.az-a müsahibə verib. Azərbaycanda çalışdığı dövrü xatırlayan bolqarıstanlı iş adamı maraqlı fikirlər səsləndirib.
- Azərbaycandan getdikdən sonra nə işlə məşğul olursunuz? Deyəsən, artıq futboldan kənardasınız.
- Bəli, artıq futbolun içində deyiləm. Öz biznesimlə məşğulam. Əsasən məsləhətçi kimi xidmət göstərirəm.
- Uzun illər bu sahədə çalışmısınız. İndi futbolsuz sizə çətin deyil?
- Artıq yox. Əvvəllər bir az darıxırdım. İndi isə görürəm ki, futbolsuz da yaşamaq olar.
- Azərbaycandakı son iliniz daha çox xoşagəlməz hadisələrlə yadda qaldı. Bəlkə buna görə futbol artıq sizə maraqlı gəlmir?
- “İnter” mənim sevimli klubum idi. Ancaq o, 2017-ci il oktyabrın 28-də “öldü”. Bax, bu, məni çox incitdi.
- Bəs “Keşlə”?
- “Keşlə”nin rəhbərliyinə hörmətlə yanaşıram. Amma bu, mənim klubum deyil. Mənə görə, “Keşlə” “İnter”in bütün tarixini və ləyaqətini mənimsədi. Ancaq “Keşlə” “İnter” deyil! Başa düşürsünüz, biz “İnter”i götürəndə o, “çirkin ördək balası” idi. Biz onu gözəl, zərif “qu quşu”na çevirdik. Sonda da həmin “qu quşu”nu bizdən oğurladılar və adını “Keşlə” qoydular. Bunu qəbul edə bilmirəm.
- “İnter”i sizdən kim oğurladı?
- AFFA hələ 2007-ci ildə “İnter”in adını dəyişib, “Keşlə” qoymaq istəyirdi. Amma həmin vaxt alınmadı. Bir il sonra yenidən cəhd etdilər. Yenə baş tutmadı. 2015-ci ildə yenə bu məsələ gündəmə gəldi. Nəhayət, 2017-ci ildə bacardılar. İndi federasiya “Keşlə”ni saxlamaq üçün ona pul ayırır. Ona görə də kluba istədiyi adı qoya bilər.
- İlk 3 cəhddə klubun adının dəyişidirilməsinə kim mane oldu: siz, yoxsa?..
- Mən şiddətlə buna qarşı çıxdım. Yəqin, Ramin Musayev onunla söhbətimizi xatırlayır. 2015-ci ildə AFFA-nın baş katibinə də dedim ki, nə qədər mən bu klubun prezidentiyəm, adı “İnter” olacaq. Heç bir “Keşlə”dən söhbət gedə bilməz. Düşünürəm ki, bu, Elxan Məmmədovun da yadındadır. Yeri gəlmişkən, “Keşlə” bizim dildə “anbar” deməkdir. Sizcə, bir klubun adını dəyişib “anbar” qoymaq necə ola bilər?
- Sizin dilinizdə yaxşı səslənməyə bilər...
- Səslənməyi bir tərəfə, klubun loqosu və rənglərini dəyişdilər. Sanki “İnter”lə bağlı hər şey silinməli, heç bir xatirə qalmamalı idi. Elə bil internetdə heç bu adda komanda mövcud olmayıb. Belə çıxır ki, “Keşlə” 2004-cü ildən fəaliyyət göstərir.
- Azərbaycanda, “İnter”də keçirdiyiniz illəri necə xatırlayırsınız?
- Azərbaycanda keçirdiyim illər həyatımın ən xoşbəxt anlarından biridir. İnanın, bunlar boş sözlər deyil. Sizin vətəninizi, xalqınızı sevirəm. Orada düşmənlərim yoxdur, hamısı mənim dostlarımdır. İnanıram ki, onlar da məni bu cür qəbul edirlər.
- Futbolumuz kənardan necə görünür?
- Bolqarıstanda insanlar Azərbaycan futbolu haqda az bilirlər. İndi “Qarabağ”da bolqar futbolçu var – Simeon Slavçev, hərdən sizin futbolunuz haqda yaxşı şeylər yazır. Ümumilikdə isə məlumat çox azdır.
- Azərbaycan futbolunu izləyirsiniz?
- “Qarabağ”ın Avroliqadakı, çempionatdakı çıxışını izləyirəm. Mənə elə gəlir ki, komandanın əvvəlki motivasiyası, canlılığı, aqressivliyi qalmayıb. Bilmirəm, bəlkə də yanılıram. Milli komandanız da gözlənilən oyunu göstərmir. Premyer Liqada cəmi 8 komanda qalıb. Bu, yaxşı hal deyil. Birinci liqa yalnız şou üçündür. Əvəzediciləri də divizion klublarına birləşdirdilər. Bu isə yaxşı heç nə vəd etmir. Çünki 2007/2008-ci illərdə də belə idi.
- Uzun illər Azərbaycanda işləmisiniz. Sizcə, futbolumuzun əsas problemi nədədir?
- Çox çətin sualdır. Bilmirəm, bəlkə də futbolunuzda klublara dəstək verə bilən kifayət qədər güclü maliyyə dayaqları yoxdur. SOCAR” “Neftçi” və “Sumqayıt”ı, “Azersun” “Qarabağ”ı, “Gilan” “Qəbələ”ni maliyyələşdirir. Bu qədər... Digərləri isə AFFA-nın hesabına ayaqda qalmağa çalışır. Mənə elə gəlir ki, əsas problem bundadır. Halbuki yaxşı material var. Tovuz, Gəncə, Sumqayıt ölkənin əsas futbol şəhərləridir.
- Ancaq sizin sadaladığınız Gəncə və Tovuz kimi şəhərlərdə bu gün futbol yox dərəcəsindədir...
- Hə, xüsusilə Tovuza görə təəssüflənirəm. Orada elə istedadlar yetişir ki... Amma onları həvəsləndirən heç nə yoxdur. Ən əsası isə klubları Premyer Liqada çıxış etmir.
- Bayaq qeyd etdiniz ki, başlıca problem maliyyə ilə bağlı ola bilər. Ancaq hazırda elə ölkələr var ki, futbola bizdən da az vəsait qoyurlar, qarşılığında isə ciddi uğurlar qazanırlar...
- Futbol zənginlər üçün oyuncaqdır. İspaniya, Fransa, İtaliya, Almaniya, İngiltərə kimi nəhənglərlə yerdə qalan ölkələrin futbolu arasında böyük uçurum var. Xorvatlar isə kiçik istisnadır. Amma ümumiyyətlə, hər şey buna doğru gedir: futbol oliqarxları futbol proletariyası ilə qarşı-qarşıyadır.
- Millətlər Liqasında şanslarımızı necə qiymətləndirirsiniz?
- Çox zəif. Qrupda yalnız bir – səfərdə Farer adalarına qarşı qələbəniz var. Düzdür?
- Bəli. Hazırda qrupda ikinci pillədəyik. Lider Kosovo ilə 2 xallıq fərq var.
- Və sizin yığmanız Kosovo, Maltanı uda bilmədi. O Kosovonu ki, çempionatları və milliləri cəmi bir neçə ildir formalaşıb. Özünüz nəticə çıxarın. Çempionu hər il Avroliqa və Çempionlar Liqasında oynayan Azərbaycanın yığma komandası hansısa Kosovonun qarşısında çətinlik çəkir. Əslində isə belə olmamalıdır.
Elnur SALAHOV
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"