Polisi olmayan “Qoyun adaları” – Farer adalarından reportaj

Polisi olmayan “Qoyun adaları” – Farer adalarından reportaj
ÖLKƏ FUTBOLU 11 Oktyabr 2018 / 17:41 8099
-  A +

Artıq iki gündür Farer adalarının Torşavn şəhərindəyik. Bizi yağışla qarşılayan paytaxt küçələri indi-indi quramağa başlayıb. Havanın yağmurlu olmasına baxmayaraq, şəhərin bir hissəsini gəzə bilmişik. Əslində paytaxt elə bu bir hissədən azacıq böyükdür. Ancaq şəhəri gəzdikcə daha uzağa getməyi, yeni bir mənzərə ilə tanış olmağı düşünürsən. Və yadına düşür ki, burdan o yanı yoxdur, uzağa getmək istəyirsənsə, bu adanı tərk edib, digərinə keçməlisən.

Torşavnın yerləşdiyi Streymoy Farer arxipelaqının ən çox əhalisi olan adasıdır. Ölkə əhalisinin təxminən yarısı (21 min 500 nəfər) bu adada yaşayır. Ancaq paytaxt küçələrində insanlara rast gələndə sevinirsən. Çünki bu hal çox gec-gec baş verir. Elə bil, hamı şəhəri tərk edərək Atlantik okeanına balıq tutmağa gedib. Elə bunun nəticəsidi ki, axşam saat 8 olmamış əksər restoran və kafelər bağlanır. Gecə klublarına getmək istəyirsənsə, həftənin şənbə gününü gözləməlisən. Bəzi restoranların qapısı açıq, işığı yanılıdı. İçəri daxil olursan ki, hər şey var... Bircə insan çatışmır. Burda oğru olmadığı üçün heç polis də yoxdu. Ümumiyyətlə, Danimarka krallığının tərkibinə daxil olan Farer adaları müdafiə məsələsində müstəqil deyil.

Marketləri alış-veriş yox, gəzmək üçün yaxşıdı. Çünki məsələn, bizdə 1 manata olan sular burda 7 manat, 3 manata olan pivə isə 14 manatdır. Adicə kəmər almaq üçün 250 manatından keçməlisən. Ərzaq məhsulları da Avropanın bir çox ölkəsindən xeyli bahadır. Marketlərdə spirtli içkilər satılmır. Alkoqollu içkiləri yalnız bar və restoranlarda sifariş etmək mümkündür.    

Torşavnın relyefi də qəribədir. Nə dağətəyidi, nə dağlıq, nə də düzənlik. Hər 50 metrdən bir gah yoxuşa qalxırsan, gah da enişlə qarşılaşırsan.



Yolları çox ensiz, küçələri təmiz və səliqəlidi. Şəhər böyük olmadığından hansı istiqamətdə getməyindən asılı olmayaraq, gəlib okeanın sahilinə çıxırsan. Burda gəmi, yaxta və kiçik qayıqlar əlindən tərpənmək olmur. Bəlkə də onların sayı elə Torşavnın əhalisi qədərdi. Axı “Qoyun adaları” adlanan bu ölkə həm də balıqçılıqla məşğuldu. Buranın insanları zahirən skandinaviyalılara bənzəsə də, onlar kimi “soyuq” deyillər. Daha istiqanlı və sakitdilər.

Ölkənin əsas dili Farer dilidir. Əhali ingiliscə yaxşı bilmir. Elə qaldığımız oteldəki resepşn qız da ingiliscə verdiyimiz sualları cavablandırarkən çətinlik çəkir. Ancaq bir təhər anlaşa bilirik. Əziyyətlə olsa da, bizə şəhər haqda məlumat verir.

Şəhərin qəribə mənzərələrindən biri evlərin üzərində meydança qazonu kimi ot örtüyünün olmasıdır. Bu da ölkənin qoyunçuluqla məşğul olması ilə bağlıdı. Deyilənə görə, əvvəllər bir-birinə yaxın olan belə evlərin üzərində qoyunlar, keçilər otlayırmış. Sonradan müasirləşən paytaxtda bu ənənə aradan qalxır. Ancaq indi də bəzi evlərin üstü qoyun otlağına oxşayır.




Futbol matçı üçün gəldiyimiz Farer adalarında bu idman növü o qədər də populyar deyil. Ötən gün Azərbaycan və Farer adaları millilərinin oyun öncəsi keçirilən mətbuat konfransında bunun şahidi oldum. Təsəvvür edin, konfransa cəmi bir nəfər yerli jurnalist gəlmişdi. Şəhərdə gəzəndə də bu gün ölkənin əsas milli komandasının oyuna çıxacağı heç nə ilə hiss olunmur. Oyundan söz düşmüşkən, artıq Farer adaları ilə matçımıza bir neçə saat qalır.

Budur, yenə yağış başladı. Yəqin ki, bu, yerli komanda üçün əlverişlidir. Axı onlar burdakı iqlim şıltaqlığına öyrəşib.

Yığmamızın uğurlu nəticə qazanması diləyi ilə “Torşavn” otelindən ayrılırıq.

Ramiq AĞAMƏMMƏDOV
Farer adaları, Torşavn

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi