“Xəzər-Lənkəran” AFFA və “Bakı”ya cavab verdi

“Xəzər-Lənkəran” AFFA və “Bakı”ya cavab verdi
ÖLKƏ FUTBOLU 2 İyun 2010 / 10:43 2212
-  A +

“Xəzər-Lənkəran” rəhbərliyi “Bakı” ilə Azərbaycan Kubokunun final matçından sonra mükafatlandırma mərasiminə qatılmamalarına aydınlıq gətirib. Klubun vitse-prezidenti Tuyqun Nadirov Lent.az-a açıqlamasında bu qərarın klub rəhbərliyi yox, komanda üzvləri tərəfindən çıxarıldığını bildirib.

Onun sözlərinə görə, qarşılaşmanın ardından futbolçularda ruh düşkünlüyü yaranıb: “Bu, “Bakı”nın vurduğu ilk qolun həm ədalətli oyun, həm də ümumiyyətlə, oyun qaydaları çərçivəsinə sığmaması ilə bağlı idi. Hakim mübahisəli top qərarı veribsə, topu birbaşa qapıya göndərmək olmaz. İstər top yerə dəyib qapıya daxil olsun, istərsə də birbaşa. Onda autdan topu qapıya göndərək, deyək ki, qoldur? Yəni, futbolçularımızda ruh düşkünlüyü yarandığı üçün mükafatlandırma mərasiminə qatılmadılar. Elə bir vəziyyətdə onları məcbur edib, mərasimə gətirmək olmazdı”.

Mükafatlandırma mərasiminə gəlmədiyi üçün “Xəzər-Lənkəran” AFFA İntizam Komitəsi tərəfindən 5 min manat cəriməyə məruz qalıb. Komandanın hərəkəti AFFA, Peşəkar Futbol Liqası və azarkeşlərə hörmətsizlik kimi qiymətləndirilib. Nadirov isə çempionatın əsasnaməsində klubun medal təqdimatına gəlmədiyi üçün cərimələnməsi haqda bəndin yer almadığını bildirib: “Hansı əsasla İntizam Komitəsi klubumuzu cərimələyir? Mən əsasnamədə elə şey görməmişəm ki, klub medalların təqdimatına gəlmədikdə cərimələnir. Harada yazılıb ki, çıxıb medalları almamaq cərimədir? İntizam Komitəsi bunu AFFA, PFL və azarkeşlərə qarşı hörmətsizlik kimi dəyərləndirir. Bəs “Xəzər Lənkəran”a olan hörmətsizliyi hara qoyaq? “Bakı” klubunun, Elçin Məmmədovun hörmətsizliyinə, Xaqani Məmmədovun qulaqcıqla oyun idarə etməsinə kim cavabdehdir?”

Bununla belə, “Xəzər-Lənkəran” rəsmisi kluba kəsilən cərimənin mükafatlandırma mərasiminə qatılmayan futbolçulardan tutulma variantını istisna edib: “Düzdür, futbolçuların mükafatlandırma mərasiminə qatılmamaları klubumuza cərimə bahasına başa gəldi. Sözsüz ki, 5000 manat cərimə kluba maddi cəhətdən ziyandır. Biz də klub rəhbərliyi olaraq, onlara deməmişik ki, mükafatlandırmaya çıxmasınlar. Amma o zaman kəsiyində komandanın mükafatlandırmaya çıxmaması bizim üçün də gözlənilməz oldu. Bu məsələdə heç bir futbolçumuzu cərimələməyəcəyik. Biz onların nə yaşadıqlarını, nə hiss etdiklərini, niyə ruh düşkünlüyündə olduqlarını çox gözəl başa düşürük. Olmayan top qol sayılırsa və oyunun müqəddəratı bununla da həll olunursa, nə demək olar?”

Qeyd edək ki, mayın 23-də keçirilmiş final matçı “Bakı”nın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 94-cü dəqiqədə baş hakim Elçin Məmmədov mübahisəli top qərarı verib. Paytaxt komandasının oyunçusu Ernad Skuliç isə topu birbaşa “Xəzər Lənkəran”ın qapısına göndərib. Qapıçı Kamran Ağayev irəlidə olduğundan, top onun başı üzərindən keçərək, yerə dəydikdən sonra tora daxil olub.

 

Daha çox


Son xəbərlər