"Etdiyim hərəkətə görə çox peşmanam" - Təmkin Xəlilzadə

"Etdiyim hərəkətə görə çox peşmanam" - Təmkin Xəlilzadə
ÖLKƏ FUTBOLU 7 Avqust 2018 / 16:01 4624
-  A +

"Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə Avropa Liqasının birinci təsnifat mərhələsinin "Proqres"lə cavab oyununda rəqib futbolçuya zərbə endirdiyinə görə UEFA-nın çıxardığı 4 oyunluq diskvalifikasiya qərarına münasibət bildirib.

Futbolçu Qol.az-a açıqlamasında cəzanın həddindən artıq ağır olduğunu söyləyib. T. Xəlilzadə qərardan apellyasiya şikayəti verməyəcəklərini deyib:

"UEFA-nın qərarını biləndə mənim özümə də təəccüblü gəldi. Açığı, birbaşa qırmızı vərəqə olduğuna görə 2, maksimum 3 oyunluq cəza gözləyirdim. Məncə, 4 bir az çox oldu. Amma artıq qərar verilib. Bununla barışmalıyıq. Məncə, apellyasiya şikayəti verilməyəcək. Klub rəsmilərindən Səbuhi müəllimin mətbuata açıqlamasını oxudum, orada deyib ki, artıq qərarı almışıq və şikayət etmək fikrimiz yoxdur. Etdiyim hərəkətə görə çox peşmanam. Çünki 4 oyun doğrudan da çoxdur. 2 oyun olsaydı, hardasa başa düşmək olardı. Belədə "Qəbələ"nin növbəti mövsüm avrokuboklarda 2 tur keçməsini gözləyəcəyəm ki, 3-cü mərhələdə komandama kömək edə bilim".

Bu həftə Topaz Premyer Liqada yeni mövsümə start veriləcək. "Qəbələ" ilk oyununu doğma meydanda "Səbail"ə qarşı keçirəcək. Həmin qarşılaşma ilə bağlı da fikirlərini açıqlayan müdafiəçi deyib: "Çempionatın başlamağına çox az vaxt qalıb. Hamımız səbirsizliklə bunu gözləyirik. Bizim üçün yeni bir marafon, yeni həyəcan başlayır. Oyuna maksimum dərəcədə yaxşı hazırlaşırıq. Məşqlərə dünəndən başlamışıq. Hər şey qaydasındadır, zədəli futbolçumuz yoxdur. Düzdür, kapitanımız Cavid Hüseynov bu oyunda bizə kömək edə bilməyəcək. Ancaq onun da boşluğunu doldurmağa çalışacağıq. Öz azarkeşlərimiz önündə ilk oyuna 3 xal üçün çıxacağıq. Ümid edirəm ki, onları sevindirərik".

Qeyd edək ki, avqustun 12-də keçiriləcək "Qəbələ" - "Səbail" oyunu 19:00-da start götürəcək.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi