Sadıq Sadıqov: “Bizim o futbolçuları klubların əlindən almaq fikrimiz yoxdur”

Sadıq Sadıqov: “Bizim o futbolçuları klubların əlindən almaq fikrimiz yoxdur”
XƏBƏR 21 May 2010 / 16:10 2398
-  A +

Bu gün millinin mətbuat üçün açıq məşqindən öncə İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda olarkən, “Neftçi”nin prezidenti Sadıq Sadıqova da rast gəldik. “Space” teleşirkətinin prezidenti Vaqif Mustafayevlə birgə olan və “Neftçi” İdman Sağlamlıq Mərkəzinin obyektlərini gəzən klub rəhbəri ilə söhbətləşmək imkanını qaçırmadıq. S.Sadıqov Qol.Az-a müsahibəsində öncə “Space” telekanalından gələn çəkiliş qrupunun hansı məqsədlə təşrif buyurduğuna aydınlıq gətirdi.

- Hazırda Dövlət Neft Şirkəti haqqında 4 seriyalı bir film çəkilir. Sözügedən filmdə şirkətin bütün infrastrukturu haqda materiallara yer verildiyindən, bu gün də idman obyektlərinin çəkilişi aparılacaq. Bildiyiniz kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nəzdində olan “Neftçi” İdman Sağlamlıq Mərkəzinin 15 böyük idman qurğusu var. Onlar da ən yüksək səviyyədə idman ləvazimatları ilə təchiz olunub. Biz də çəkiləcək filmdə bütün bunlara yer ayırırıq ki, qoy xalqımız da bunu görsün.
- “Neftçi” futbol klubuna da filmdə yer ayrılacaqmı?
- Yox, bu, nəzərdə tutulmayıb. “Neftçi” ümumi olaraq Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərir. Bu film ümumi Neft Şirkətinin fəaliyyəti haqqındadır. Sadəcə idmançılara, idman qurğularına yer ayrılıb.
- Rəhbərlik etdiyiniz klub üçün ötən mövsümü necə dəyərləndirərdiniz?
- Hər şey göz önündədir. İki ildi “Neftçi” avrkuboklara vəsiqə qazana bilmir. Ancaq biz bu duruma son qoymaq, vəziyyəti yaxşılığa doğru dəyişdirmək üçün əlimizdən gələni edirik. Bildiyiniz kimi, mövsüm başa çatmamışdan növbəti çempionatın hazırlıqlarına start vermişik. 9 legionerlə yollarımızı ayırdıq. İndi onların yerini doldurmaq, daha güclü futbolçular üçün axtarışlarımızı davam etdiririk. Bu məqsədlə iki nümayəndəmiz xeyli vaxtdı Braziliyaya yola düşüb. Güclü transferlər edib “Neftçi”ni bu uğursuzluq zolağından çıxaracağıq.
- Yeni transferləriniz haqda dəqiq bilgi verə bilərsiniz?
- İndidən bir söz demək istəmirik. Gərək ortada konkret nəsə ola ki, danışasan. Müqavilə imzalanmamış nə deyim? Tezliklə hər şey rəsmiləşəndən sonra bu haqda dəqiq bilgi verəcəyik. Sadəcə, onu deyə bilərəm ki, Braziliyadan yaxşı oyunçular gətirməyə hazırlaşırıq. Ordakı nümayəndələrimizlə mütəmadi əlaqə saxlayıram. Telefon danışıqlarımız davam edir. Yaxın günlərdə baş məşqçimiz Arif Əsədov da Avstriyaya gedib, orada bəzi yerli və əcnəbi futbolçuları baxışdan keçirəcək. Sonda ən faydalı oyunçularla güclənəcəyimizə əminəm.
- Yerli futbolçulardan da gözaltı etdiyiniz var?
- Təbii ki, “Neftçi”də həmişə yerli futbolçuların sayı çox olub. Bu ənənəni davam etdirmək niyyətindəyik. Hələ danışıqlar aparırıq. Tələsik addım atmaq istəmirik.
- Yeni gələnlərlə münasibətlər rəsmiləşəndən sonra hazırkı heyətdən yenə gedənlər olacaqmı?
- Bu, istisna deyil. Bildiyiniz kimi, biz 15 legionerdən artıq 9-nu yola salmışıq. Yəqin ki, yeni mövsümə də 4-5 əcnəbi ilə başlayacağıq. Çox legioner istəmirik. Az olsun, amma komandaya faydası dəysin. Ola bilər ki, yeni gələnlərdən sonra əvvəlki futbolçularımızdan hansılarsa bizə lazım olmasın və onlarla da işbirliyimizi dayandıraq.
- Vaxtilə “Neftçi”dən gedən oyunçuları geri qaytarmaq istədiyinizi demisiz. Bu yöndə hansısa yenilik varmı?
- Bəli, biz hər bir yerli oyunçunu komandamızda görməkdən şad olardıq. Təbii ki, həmin oyunçular “Neftçi”ni daha yaxşı təmsil etmək gücündədirsə. Biz elan etmişik və bildirmişik ki, qapılarımız hər bir oyunçunun üzünə açıqdır. Amma gedib heç bir futbolçuya deyə bilmərik ki, gəl, bizdə çıxış et. Bizim hansısa komandanın müqaviləsi olan oyunçusunu əlindən almaq fikrimiz yoxdur. Azad agent statusu daşıyan oyunçular varsa, onlar bizə müraciət edə bilərlər.
- Bəs baş məşqçi məsələsi necə olacaq?
- Baş məşqçi məsələsində heç bir dəyişiklik olmayacaq. Çünki mən söz vermişəm ki, Arif Əsədov komandada qalacaq. Deməli, o, sonadək öz işini davam etdirəcək. Mən həmişə yerli mütəxəssislərə, yerli futbolçulara dayaq olmuşam. Bu mənada, Əsədovun da komandamızdakı işini davam etdirəcəyinə şübhəniz olmasın.
- Bəs, onunla müqaviləni nə vaxt və neçə illik bağlayacaqsız?
- Sözün düzü, Əsədovla müqavilənin müddəti barədə söhbətimiz olmayıb. Ancaq onunla 2 il müddətində müqavilə imzalamağı düşünürük. Əsədov yaxşı futbolçu olub. Məşqçi kimi də ona inanırıq və komandaya uğur qazandırmaq üçün əlimizdən gələn köməkliyi edəcəyik. Məşqçidən uğur gözləmək üçün ilk növbədə ona vaxt verməlisən. Biz də hər bir şansı ona verəcəyik.
- “Neftçi” növbəti mövsüm üçün ev oyunlarını harda keçirəcək?
- Yenə də ev oyunlarımızı İsmət Qayıbov adına stadionda keçirmək fikrindəyik. Düzdür, Tofiq Bəhramov adına Respublika stadionu geniş azarkeş tutumuna, ən müasir şəraitə malik olan əsas arenalarımızdan biridir. Ancaq bizim öz stadionumuzun da ot örtüyü çox idealdır. Digər tərəfdən, biz mərkəzi arenada oyun keçirərkən o dərəcədə az azarkeş gəlir ki, futbolçular da ürəklə oynaya bilmirlər. Hətta 5 min azarkeş tutumuna malik bu stadionda da bəzi oyunlarımıza cəmi 200-300 tamaşaçı gəlirdi. Sadəcə, son oyunları - “Xəzər Lənkəran” və “Bakı” ilə qarşılaşmaları istisna kimi qeyd etmək olar. İstənilən halda düşünürəm ki, öz stadionumuzda çıxış etməyimiz daha yaxşı olardı.
- Amma bu stadionun VİP lojasında, jurnalistlər üçün ayrılan bölmədə çatışmazlıqlar diqqət çəkir...
- Onları imkan olan kimi aradan qaldırmağa çalışacağıq. Etiraf edim ki, belə çatışmazlıqları aradan qaldırmağı özümüz də düşünürük. Amma son dövrlər iqtisadı böhranla əlaqədar olaraq, bizim də müəyyən işlərimiz alınmır. Yəqin ki, imkan olan kimi, bütün bu problemləri yoluna qoyacağıq.
- Araz Abdullayevin “Everton”a keçidi nə yerdə qalıb?
- Onun transfer məsələsində səhvə yol vermək istəmirik. Özünüz də bilirsiz ki, hələ gəncdi. İlk növbədə ölkə daxilində, “Neftçi”də, millidə özünü tam şəkildə sübut etməlidir ki, sabah ölkə xaricində gedəndə ciddi çətinliklərlə üzləşməsin. Yəqin ki, tezliklə onunla bağlı məsələ tam şəkildə yoluna qoyulacaq.
- Avrokuboklarda hansı komandalarımızdan uğur gözləyirsiz?
- Etiraf edim ki, mənim əsas ümidlərim “Qarabağ” və “Xəzər Lənkəran”a idi. Bildiyiniz kimi, Ağdam klubunda yerli oyunçulardan ibarət döyüşkən bir kollektiv qurulub. Onlar sona kimi mübarizə aparmaq iqtidarındadırlar. Ümidvaram ki, bu il də avrokuboklarda ölkəmizi ən yaxşı şəkildə təmsil etməyi bacaracaqlar. “Xəzər Lənkəran” isə son oyunlardakı ardıcıl uğursuzluqları ilə onlara olan inamımı bir az azaltdı. Amma istənilən halda bütün klublarımıza Avropa miqyaslı yarışlarda uğurlar arzulayıram.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi