“Qəbələ” transferlərlə bağlı planlarını açıqladı

“Qəbələ” transferlərlə bağlı planlarını açıqladı
ÖLKƏ FUTBOLU 19 May 2010 / 16:16 2705
-  A +

Son mövsüm başa çatmamış növbəti birinciliyin hazırlıqlarına start verən “Qəbələ” bu yöndə çalışmalarını davam etdirir. Artıq bölgə təmsilçisi heyətdə də islahatlar aparmağa başlayıb. “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az-a verdiyi məlumata görə, yeni baş məşqçi Toni Adams əsas dəyişikləri orta sahə və hücum xəttində edəcək: “Mövsüm başa çatan kimi klubdaxili iclas keçirildi. Orda bir sıra məqamlara aydınlıq gətirdik. Yeni baş məşqçimizin fikrincə, komandanın orta sahə və hücum xəttində daha ciddi dəyişiklərə ehtiyac var. Müdafiə xəttində isə dəyişiklik olmayacaq. Arxa xətt oyunçularımızın səviyyəsi onu razı salıb. Bütövlükdə komandada 25-30 faiz dəyişiklik olacaq. Çünki biz qarşıdakı mövsüm üçün mükafatçılar sırasına düşməyi qarşımıza məqsəd qoysaq da, əsas transferlərimiz ondan sonrakı mövsüm baş tutacaq. Bu mövsümə isə müəyyən güclənmələrlə hazırlaşacağıq”.
Fariz Nəcəfovun verdiyi məlumata görə, artıq komandadan gedəcək futbolçulardan ikisinin adı dəqiqləşib: “Bunlar legioner hücumçular – ukraynalı İqor Melniklə polşalı Tomaş Stolpadır. Onlar komandanın yeni baş məşqçisi Toni Adamsa lazım olmadı. Məhz bu səbəbdən hər iki oyunçuyla mövsüm başa çatan kimi yolların ayrılmasına qərar verildi. Lakin ingilis çalışdırıcının başqa futbolçularla da vidalaşacağı istisna deyil. Yəqin ki, bu məsələyə yeni mövsümün hazırlıqlarına başlayacağımız vaxt qərar veriləcək. Hələlik başqa oyunçuların aqibəti ilə bağlı dəqiq heç nə yoxdu”.
Vitse-prezident baş məşqçi Ramiz Məmmədovun “Qəbələ”dəki köməkçilərinin də komandayla yollarını ayıracağını deyib: “Məşqçilərlə bağlı vəziyyət gözləniləndir. Çünki yeni baş məşqçi gələndə öz köməkçilərini də gətirir deyə, əvvəlkilərə ehtiyac duyulmur. İnşallah, qarşıdakı günlərdə görüş keçirib, Cavanşir Novruzov, Mehman Baxışov və seleksiyaçı məşqçi Vidadi Rzayevə “Qəbələ”də çəkdikləri əziyyətə, xidmətlərinə görə minnətdarlığımızı bildirəcəyik, uğurlar arzulayacağıq. Qapıçılarla işləyən məşqçi Vüqar Məmmədovun isə vəzifəsində qalması gözlənilir. Hər halda Toni Adams onun qalmasını istəyib və yəqin ki, belə də olacaq”.

 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi