Saat 4-də futbol olar?

Saat 4-də futbol olar?
ÖLKƏ FUTBOLU 13 Aprel 2018 / 14:55 8618
-  A +

Dünən ölkə kubokunda keçirilən yarımfinal mərhələsinin oyunlarının günorta saatlarına salınması narazılıqla qarşılanıb.

Qol.az-ın məlumatına görə, sosial şəbəkələrdə müzakirəyə çıxarılan məsələyə münasibət birmənalı olub. Əksəriyyət həftə içi olan oyunların axşam saatlarında keçirilməsinin tərəfdarıdır. Kubokun yarımfinal mərhələsində keçirilən “Keşlə” – “Sumqayıt” oyunu saat 16:00-a, “Qəbələ” – “Neftçi” matçı isə 18:00-a təyin edilib. Bu isə futbol azarkeşlərindən çoxunun ya işdə olan, ya da işdən çıxan vaxtına təsədüf edir.

Bəs görəsən, oyunlara azarkeş marağının az olmasından gileylənən qurumlar niyə bu amilə diqqət yetirmirlər?

Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə Qol.az-a bildirib ki, bu problem təkcə  təmsil etdiyi qurumdan qaynaqlanmır: “Bilirsiniz ki, oyunların vaxtını Peşəkar Futbol Liqasının texniki idman şöbəsi, klublar və “CBC Sport”la birgə müəyyənləşdiririk. Ortaq vaxt tapıb, görtüşlərin başlama saatını təyin edirik. Bəli, bəzi oyunlar olur ki, onların günortaya salınmasının doğru olmadığını biz də başa düşürük. Amma bu, məcburiyyətdən iraəli gəlir. Çünki “Kəpəz”, “Keşlə” kimi komandaların stadionlarında işıqlandırma sistemi yoxdur. Bu cür arenalarda gec saatlara oyun təyin edə bilmirik. Oyunları maksimum 16:00-a salırıq ki, hava qaralana kimi bitsin. Başqa cür mümkün deyil. İşıqlandırma sistemi olsa, daha gec saatlara təyin edərik. Çünki azarkeşlərin stadionlara gəlməsi bizim üçün də maraqlıdır. İstəyərik ki, oyunu daha çox azarkeş izləsin. Bundan əlavə, “CBC Sport”la da əlaqə saxlayırıq. Onlar təkcə Topaz Premyer Liqasını yox, başqa çempionatları da göstərirlər. Elə etməliyik ki, onların da efirində hər hansı problem yaranmasın. Bütün bunları nəzərə alanda ortaya bu cür mənzərə çıxır. Əlimizdən nə gəlirsə, onu edirik”.

“Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev deyir ki, həftəiçi olan oyunların gündüz saatlarına salınmasına qarşıdır: “Oyunların həftə içi bu saatlara salınması pis amildir. Çünki azarkeş qruplarının 75 faizi tələbədir. Bəziləri ikinci növbədə oxuyur. Çoxu işləyən uşaqlardır. Həmin vaxt işdə olurlar. Təsəvvür edin, saat 6-da işi qurtarır. Şəhərdə də həmin saatlarda tıxac olur. Oyuna gəlib çatmağı çətin olur. Ümumiyyətlə, oyunların günorta saatlarına salınması pis amildir. Biz bunu bəyənmirik. Çünki sonra da stadiona azarkeş az gələndə gileylənirlər. Çox xahiş edirik ki, həftəiçi olan matçları axşam 7 və ya 8-ə salsınlar. Belə olsa, yaxşı olar”.

“Keşlə” fan-klubunun rəhbəri Ruslan Muradov da “Forza Neftçi”dən olan həmkarı ilə eyni fikirdədir: “Oyunların həftəsonu keçirilməsi azarkeşlərə sərf edir. Kubok oyunları isə həmişə həftəiçi olur. Amma matçlar 5 və ya 6-dan sonraya salınsaydı, daha yaxşı olardı. Çünki bu amil azarkeşlərin stadiona gəlməsinə təsir edir. Bizdə işləyən, məktəbdə oxuyan fanatlar var. Bu cəhətdən həmin azarkeşlərin stadiona gəlməsində problem yaranır”.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi