"Hakimlər qələbəmizi, çörəyimizi əlimizdən aldılar" – Ruslan Qurbanov

"Hakimlər qələbəmizi, çörəyimizi əlimizdən aldılar" – Ruslan Qurbanov
ÖLKƏ FUTBOLU 13 Mart 2018 / 20:07 3697
-  A +

"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqanın 20-ci turunun açılış oyununda “Keşlə” ilə heç-heçədən (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.


- Oyun yaxşı və maraqlı alındı. Süni örtüklü meydançada oynasaq da, qələbəyə layiq idik. Amma vurduğumuz ikinci qolda yan xətt hakimi oyundankənar vəziyyət qeydə aldı. Əminliklə deyə bilərəm ki, orada ofsayd yox idi. Təmiz qol vurmuşdum. Hər bir insan səhv edə bilər. Penalti epizodu ilə bağlı heç nə deyə bilmərəm. Çünki görməmişdim. Amma paltardəyişmə otağında epizodun təkrarına baxdım. Penalti var idi. Əgər baş hakim (Ömər Paşayev – red.) 11 metrlik cərimə zərbəsi təyin etmədisə, Ozobiçə simulyasiyaya görə sarı vərəqə göstərməliydi. O isə nə onu etdi, nə də bunu. Belə bir şey heç yerdə görülməyib. Heç-heçə oynadığımız üçün əhvalımız korlandı. Yenə xal itirdik. Aprelə qədər fasilə olacaq. O vaxta kimi səhvlərimizi analiz edib, psixoloji durumu düzəltməliyik.

- Demək olarmı ki, bu gün hakim sizə qarşı qərəzli idi?

- Deyə bilmərəm ki, o, bizə qarşı qərəzli idi. Hakim də insandır, səhv edə bilər. Amma belə açıq-aşkar səhvlər yolverilməzdir. Hakimlərin qərarlarını müzakirə etmək istəmirəm. Onların sədri var. Qoy, hər şeyi o müzakirə etsin. Qələbəmizi, 3 xalımızı, hətta çörəyimizi əlimizdən aldılar. Buna görə pis oluram. Çoxdandır ki, qol vura bilmirdim. Bu gün fərqləndim və çox sevindim. Yan xətt hakimi bayrağı qaldıranda ona tərəf qaçmaq istədim. Üç sarı vərəqəm var idi, dördüncünü almamaq üçün ayaq saxladım və bunu sakit qarşıladım. İstərdim ki, daha diqqətli olsunlar. 
 

- Son 4 oyunun 3-də xal itirmisiniz. Komandada nə baş verir?

- Bu, bizi də narahat edir. Məsuliyyəti başa düşürük. Hər oyunda qələbə qazanmaq istəyirik. Amma təəssüf ki, həmişə alınmır. Bütün komandalar oynamağı bacarırlar. Bu dəfə qələbə üçün hər şeyi etdik, olmadı.

- Qəbul edirsiniz ki, çempionluq əldən gedib?
 
- Çempionluq barədə danışmaq istəməzdim. Həm siz, həm də biz bilirik ki, “Qarabağ” hazırda Azərbaycanın ən güclü komandasıdı. Xallar itirməkdə bəlkə də hardasa özümüz günahkarıq. İnanmıram ki, “Qarabağ” bu qədər xallar itirə. Bizim əsas hədəfimiz hər oyuna qələbə üçün çıxmaqdı. Sonda isə hər şey dəqiq görünəcək.

Daha çox


Son xəbərlər