Sadıq Sadıqov: "Neftçi"də bütün qruplaşmalar ləğv olunub"

Sadıq Sadıqov: "Neftçi"də bütün qruplaşmalar ləğv olunub"
ÖLKƏ FUTBOLU 13 Aprel 2010 / 11:38 3245
-  A +

Bakının “Neftçi” klubunun prezidenti Sadıq Sadıqovun müsahibəsi

- Unibank Premyer Liqasının XXVII turunda səfərdə “Qarabağ”la uduzduğunuz oyun haqda nə deyə bilərsiniz?
- "Qarabağ" layiqli qələbə qazandı. Qoy, bunu lap əvvəlcədən deyim. Ağdamda stadion dolmuşdu, özümüzə də ləzzət elədi. Oyun belə olar! Bilin ki, "Qarabağ" "Neftçi"dən sonra ən çox hörmət etdiyim, rəğbət bəslədiyim komandadır. O kluba bizim dostlarımız rəhbərlik edir, futbolçularının hamısı ilə də dostam. Rəşad Sadıqovu neçə ildir tanıyıram, qanacaqlı futbolçudur. Məğlubiyyəti də kişi kimi qəbul etmək lazımdır. "Qarabağ" üstün oynadı, layiqli qələbə qazandı. Vəziyyət budur, kim güclüdür, o da qalib gəlməlidir. Düzü, "Qəbələ" ilə oyunun nəticəsi özümü də şoka saldı. Əziz dostumuz Rövnəq müəllimin ad günü idi. Həmin gün mən də komandamdan qələbə gözləyirdim. Necə dilxor olmuşdumsa, özümə gələ bilmirdim.

- Ağdamda qeydə alınan məğlubiyyət komandanızın çempionluq şansını xeyli azaltdı. Artıq liderlərlə aradakı xal fərqi böyükdür...
- "Neftçi"yə gəldiyim 3 aydır. Komandanı götürəndə heç "altılığ"a düşüb-düşməyəcəyi bilinmirdi. Təhlükəli vəziyyət yaranmışdı, komandanın içində gərginlik var idi. Nə olacaq, necə olacaq, hara qədər gedəcəyik - bax belə söhbətlər gedirdi. Allahın köməyi ilə vəziyyətdən çıxdıq. Qardaşım, özünüz gördünüz də, neçə çətin oyunlar keçirdik. Alın tərimizlə "altılığ"a yüksəldik. Gələndə birinci açıqlamam "Neftçi" öz adına layiq oynamalıdır” olmuşdu. Çempionluq... Düz deyirsiniz, artıq bu, bizim üçün çətin məsələdir. Amma üçüncü yeri tuta bilərik. İnşallah, minimum bu məqsəd üçün mübarizə aparacağıq. Çempionatın qurtarmasına hələ 5 tur var. "İnter", "Xəzər-Lənkəran" və "Qarabağ"ı qəbul edəcəyik. "Bakı" ilə elə bizim öz meydanımızda, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacağıq. Səfərimiz bircə Qəbələyədir. Təqvimin bizim üçün sərfəli olmasından istifadə etməliyik. Şəxsən mən bir məsələni başa düşmürəm. Hakimlərin "Neftçi"ni irəli çəkməsini deyirəm. Hansı qəzetə baxırsan, hansı saytı oxuyursan, bunu yazırlar. Sənin əziz canın haqqı, hakimdən kömək istəyən dünyanın ən alçaq adamıdır. Deyirlər, qərəz var. Hərdən elə söhbətlər eşidirəm ki, dəli oluram. Hə bilim, filan hakim filan yerdə belə elədi, filankəsə filan qədər pul verdilər. Vallah, mən heç bir oyunda qərəz görməmişəm. Yazıblar ki, hakimlər "Neftçi" ilə oyunda rəqib komandaların qapısına filan qədər penalti verib. Adrian Neaqanın 11 qolunu hakimlərin adına çıxırlar. Balam, futbolçumuza cərimə meydançasında kobudluq eləməsinlər, hakim də penalti verməsin. Durduğu yerdə gətirib penalti vermirlər axı. Hakim səhvləri olur, amma bu, bilərəkdən deyil. Lənkəranda 0:0 oynadıq, bir hay-küy qalxdı ki! Nəyə lazımdır hakimləri dəqiqəbaşı suçlamaq. Səhvi hər adam buraxa bilər. Heç bilirsiniz, AFFA prezidenti Rövnəq Abdullayev hakimlər üçün nə işlər görür? O cür kişiyə xəyanət etmək olar? Allah görür, qərəz nəyə lazımdır? Rövnəq müəllim AFFA-ya gələndən bütün əsas problemləri həll edib. AFFA-nın pul dərdi qurtarıb. Millini əvvəl xarici ölkələrə aparanda, futbolçuya "buterbrod" yedizdirirdilər. Harda bahalı yerlər var, super otellər var, milli gedib orda qalır, hazırlaşır. Bu da o kişinin əməyidir. Hakim bilməlidir ki, ona nə cür şərait yaradılıb, insafsızlıq eləməməlidir. Allaha da xoş getməz ki, sənə çörək verən insanı pis vəziyyətə salasan. Rövnəq müəllim sözünü deyib, hakimlər işini obyektiv görməlidir. Ən yaxşısı budur . “Neftçi"ni hakimlər irəli çəkirsə, elə son oyunlarda udardıq da. Hakim "şot"una hara gedəcəyik ki... Mən harada işləmişəmsə, düzlük axtarmışam. Gücümüz nəyə çatırsa, ona da nail olacağıq.

- Son müsahibələrinizin birində bildirmisiniz ki, hakimlərə verilən "şirinlik" yığışmalıdır. Yəqin ki, sizdən də bunu istəyənlər olub...
- "Şirinlik" yaxşı şey deyil. O rüşvətin mədəni formasıdır. Elə bil ki, adamın başına minnətli sığal çəkirsən. Məndən "şirinlik" istəyən olmayıb. Olsa da, vermərəm. Rövnəq müəllim klublardan düzgünlük tələb edir. Deyirsiniz, mən hakimə nəsə verərəm? Qətiyyən, qardaş! Futbolu inkişaf etdirmək istəyiriksə, yığışmalıdır bu söhbətlər. Həmin sözü onun üçün işlətmişəm ki, orda-burda belə iş görülməsin.

- Sadıq müəllim, "Neftçi"nin prinsipləri heç vaxt dəyişməyib və dəyişə də bilməz. Komanda son illərdə istədiyi nəticələri qazana bilmir. Niyə belə olsun axı?
- Bu iki ildə 5 baş məşqçi dəyişib. Heyət də daim dəyişib. Gələndə gördüm ki, bəzi futbolçuların klubda kimlərdənsə narazılığı var, söz verilib, olunmayıb. Başqa şeylər də var idi. Bilirsiniz, idmanı mən necə sevirəm? Futbol isə idmanın şahıdır. İnan, gecəmi gündüzümə qatmışam, bütün günü komandanın içindəyəm. Gecə 3-dək bazada oluram, onlarla söhbətləşirəm. Hə dərdləri var, gəlib mənə deyirlər. Vallah, bu gün "Neftçi"də olan mehribanlıq heç bir klubda yoxdur. Tək futbol deyil e, futbolçunun şəxsi problemi olanda da narahatlıq keçiririk. Birinin uşağı xəstələnir, birinin evində nə bilim, nəsə iş olur, onu da həll edirik. Yəni, mən imkan vermirəm ki, futbolçunun futboldan başqa problemi olsun. Hamısına qardaş münasibəti göstərirəm. Özlərindən soruşuram, nə sözünüz var, nə çətinliyiniz var, deyin. Belə də olmalıdır. Futbolçu görməlidir ki, qayğısını çəkirlər. Bu qədər məşqçi dəyişəndə, biri gedib, o biri gələndə oyun da itəcək. Demirəm, komanda oynayır. Bəzi çatışmazlıqlar, hansı ki, əvvəl buraxılıb, indi də bunun ağırlığını çəkirik. Qardaş, "Neftçi"də maliyyə çətinliyi deyilən bir şey yoxdur. Futbolçular pullarını alır, özü də ən yüksək səviyyədə.

- Baş məşqçilərin tez-tez dəyişməsi komandaya mənfi təsir göstərdiyini bildirdiniz. Arif Əsədov da 2 aydır baş məşqçi təyin olunub. Belə başa düşdük ki, onunla əməkdaşlığı davam etdirəcəksiniz?
- Arif yaxşı futbolçu olub, "Neftçi"də uzun illər oynayıb. Mən gənclərlə işləməyin həvəsində olmuşam. Onlara güvənməliyk. O, bu komandanı formalaşdırmayıb. İki ayda nə edə bilər... Transferlər və əsas hazırlıq prosesi ondan qabaq keçirilib. Gəlib komandanı dəyişə bilməz. Qış vaxtı verilən fiziki hazırlıq aşağıdır. Bəzi futbolçular "Neftçi" səviyyəsində deyil. Əvvəl Vladimir Voskoboynikov barədə başqa cür fikirləşirdim. Bilməmişəm, sən demə, üç ildir bura gəlib-gedir, onu götürməyiblər. Legioner səviyyəcə yerli futbolçulardan üstün olmalıdır. Təəssüf ki, onlar gəlib bizimkilərdən öyrənirlər. Arif Əsədovla qardaş kimiyəm, hər gün görüşüb səmimi söhbətləşirəm. Deyirəm də, nə etsin, bacardığını əsirgəmir. Məşqlər dəyişib, komandaya münasibət dəyişib. İş gedir. Bir məşqçini gətirdinsə, azı 2 il vaxt verməlisən.

- Arif Əsədova hələ 2 il də vaxt veriləcək?
- Yerli məşqçilərə, futbolçulara etimad göstərməliyik. Onları əcnəbilərdən aşağıda tutmamalıyıq. Görün, Qurban Qurbanov "Qarabağ"da necə komanda yaradıb! Qurban müəllim artıq özünü sübut etdi. Futbol oynadıqları vaxtda da ona simpatiya bəsləmişəm. Biz Arif Əsədova o şansı verməliyik ki, özünü güclü məşqçi olaraq da təsdiqləsin. Bəyəm xaricdə bu yaşda gənc məşqçilərə güvənmirlər? BATE-ni Viktor Qonçarenko, "Qalatasaray"ı Frank Raykaard çalışdırır. Onlar da Arif kimi cavan mütəxəssisdir. Qoy, bizdə də belə məşqçilər yetişsin.

- "Neftçi"də 14 legioner var, onların çoxundan biz də narazıyıq. Səviyyələri kluba görə deyil...
- Sizinlə razıyam. Həmin 14 nəfərdən 6-7-si "Neftçi"yə yaramır.

- Yəqin ki, bu baxımdan ciddi tədbirlər görüləcək?
- Yayadək gözləməliyik. İndi çıxarmaqla heç nə qazanmayacağıq. Gəlin adlarını çəkməyək. Yaxşı deyil, bu gün komandadadırlar. Kimliyindən, səviyyəsindən asılı olmayaraq futbolçudursa, hörmətini saxlamalıyıq.

- Vaqif Sadıqov baş məşqçi postunu tutduğu vaxtlarda dəfələrlə yazmışıq ki, o, "Neftçi"yə heç nə verməyəcək.
- Vaqif Sadıqovun taktikası başqa idi. O, üstünlüyü müdafiə futboluna verirdi. Komanda vaxtında normal hazırlıq keçməyib, daha yaxşı futbolçular alınmayıb. Uşaqlar oynayır, mübarizə aparırlar. Amma olanları budur.

- Komandanın içində qruplaşmaların olmasını biz əvvəl çox eşidirdik...
- İndi bir qruplaşma da yoxdur. İstədiyimiz ab-hava yaranıb.

- "Neftçi" nə vaxt supertransferlər edəcək?
- İndidən işə başlamışıq. Xarici transfer şirkətləri və tanınmış menecerlərlə münasibətlər qurmuşuq. Avropadan, Braziliyadan olanlarla gündəlik əlaqədəyik. Bəzi addımları artıq atmışıq. Bu ayın 25-dək Braziliyaya getməliyik. Orda A kateqoriyalı turnir keçiriləcək. Güclü oyunçulara baxacağıq. Belə turnirlər ildə 1-2 dəfə təşkil olunur. "Neftçi"ni qaldıra biləcək bir neçə nəfəri deyiblər, onlara da baxacağıq. Daha çimərlikdən, futzaldan tutub legioner gətirməyəcəyik. Artıq bilirik ki, hansı mövqelər güclənməlidir, harada nə iş görülməlidir. Söz vermişəm, "Neftçi" gələn çempionatda tamam başqa komanda olacaq. Bu mövsüm Avropaya çıxsaq, lap gözəl olar.

- Araz Abdullayevi "Rubin" və "Everton" istəyir. Rusiya və İngiltərə klubları sizi öz ölkələrinə dəvət edib. Bu səfərlər nə vaxt baş tutacaq?
- Araza güclü maraq var. Əvvəl "Rubin" gəldi, indi də "Everton". Əlbəttə, Kazanı Liverpulla bir tutmaq olmaz. Biz də istərdik ki, futbolçumuzun səsi İngiltərə Premyer Liqasından gəlsin. Mənə hər iki klub dəvət göndərib. "Everton"un vitse-prezidenti ilə danışmışıq da. Bilirsiniz necədir, tutaq ki, biz qız eviyik, onlar da oğlan tərəfi. Birinci bizim ora getməyimiz düz çıxmaz. Qız evi də oğlan evinə gedib deyər ki, bizim gözəl bir qızımız var, almaq istəyirsiniz? İstəyən onlardır, qoy, birinci özləri gəlsin bura. Biz sonra gedərik.

Mənbə: "Futbol+qol" qəzeti

Daha çox


Son xəbərlər