A 11-ə uçan ürəklər

A 11-ə uçan ürəklər
XƏBƏR 23 Avqust 2017 / 16:45 8191
-  A +

"Qarabağ" ölkə futbol tarixini dəyişdirəcək bir matça çıxacaq. Çempionlar Liqasının qrupunda oynayacağımızı təsəvvür edəndə tüklər biz-biz olur.

Bakıdakı oyunun əvvəlində futbolçularımızda həyəcan vardı. Hər zaman soyuqqanlığı ilə seçilən Qara Qarayev, qapıçı İbrahim Şehiç və başqa futbolçularımız bir neçə dəfə "ürəyimizi ağzımıza gətirən" səhvlər etdi. Yaxşı ki, qonaqlar da həyəcanlı idi və bundan istifadə edə bilmədi.

Start fitindən əvvəl həmkarlarım Pərviz Hikmət və Kənan Məstəliyevə "Neftçi" ilə oyundakı kimi rahat olsaq lazımlı hesabla qalib gələcəyik" demişdim. Mahir Mədətovun qolundan sonra bu həmkarlarım sevincdən hərəsi bir tərəfdən üstümə atıldı. O anları bir daha və .. .ÇL-in qrup mərhələsində yaşasaq nə gözəl olar...

Fasilədə bir başqa həmkarım Vüsal Mahmudovla söhbətimdə dizlərimin əsdiyini gördüm və bunu Vüsala deyəndə gözlərim doldu. Oyunun əvvəlində həyəcandan səhvlər edən futbolçularımızı anlamağa başlamışdım. Qarşılaşma bitənə kimi Pəviz Hikmətlə 2 saatda siqaret çəkmək rekordunu qırdıq. Şükür ki, qalib gəldik. Hesab da gözəl və komfortlu idi.

Amma bu hələ heç işin yarısı da deyil. Bizi daha bir çox möhtəşəm və tarixi matç gözləyir. Özümüzün harda olmağımızdan asılı olmayaraq ürəyimiz "Parken"də olacaq.

Sözün əsl və məcazi mənasında ürəklərimizi Kopenhagenə göndərdik.

Məndə bu mənada feysbukda status yazdım. Özüm burda olsam da ürəyim Kopenhagenə uçurdu. Dostluğumdakı dəyərli insanlar uğurlar arzuladı. Bəziləri isə bunu az qala qəhrəmanlığa bərabər tutdu. Onların hamısına təşəkkür edirəm. Amma Bakıdayam. Olimpiya stadionunda oyunu izləyib, ordan da "Qarabağ"ı qarşılamaq üçün aeroporta gedəcəm.

Əslində virtual dostlarım doğru fikirləşir orta statistik Azərbaycan vətəndaşının öz gücü ilə Kopenhagenə gedib çempionumuza dəstək verməsi qəhramanlığa bərabərdi. Xalqımızın maddi durumunu nəzərə alsaq sadə bir azərbaycanlı bu işi görsə fədakarlıq etmiş olacaq. Kredit, faiz və ya borc götürəcək, hansısa dəyərli əşyası varsa onu satacaq. Məhz buna görə Kopenhagenə gedəcək sadə azərbaycanlılara insanlarımız qəhrəman kimi baxır. Təəssüf ki, "Parken" stadionunun bizim azarkeşlərə ayrılmış A11 tribunasında 90 dəqiqə dəstək vermək üçün alışıb-yansam da, bunu həddən çox istəsəm də hazırki reallıqda mümkünsüzdü. Milyonlarla sadə vətəndaşlarımız kimi... Azarkeşlər bir yana ölkəmizin heç bir kütləvi informasiya vasitəsi maddi çətinliyə görə bu tarixi matça əməkdaşını göndərə bilmir...

Avropada və dünyanın başqa sivil ölkələrində yaşayan və Kopenhagenə gəlib oyunu canlı izləmək üçün maddi imkanı olan soydaşlarımız çoxdu. Əminəm, güney azərbaycanlılardan tutmuş türkiyəlilərə kimi saysız-hesabsız "Qarabağ" azarkeşi sabah A-11 sektorunu tam doldurub çempionumuzu 90 dəqiqə dayanmadan dəstəkləyəcək və bu tarixi bir olub yazacağıq!

Özləri Azərbaycanda ürəkləri Kopenhagendə olanlara bu bəsdi. Başqa heç nə istəmirik. Nə bilet, nə avtobus, nə pul... Bizə qələbə lazımdı, bircə qələbə! Və bu qələbəni də bir olub, bütov olub qazanacağıq!

Anar ŞABANOĞLU
 
“Futbol+” qəzeti

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi