“Hakimlikdən razı deyiləm” – Qriqorçuk

“Hakimlikdən razı deyiləm” – Qriqorçuk
ÖLKƏ FUTBOLU 20 Avqust 2017 / 22:38 3939
-  A +

“Qəbələ”in baş məşqçisi Roman Qriqorçuk “Sumqayıt”la Topaz Premyer Liqanın 2-ci turununun bugünkü oyunundan sonra mətbuat konfransı keçirib. O, jurnalistlərin suallarını cavablandırıb.


- Komandanızın oyunundan razı qaldınız?

- Bəli, çox razıyam. Çünki qələbə qazandıq.

- Bu oyun növbəti turda “Qarabağ”la matçdan öncə komandaya ümid verir?

- Biz ciddi rəqiblə qarşılaşacağıq. Həmin oyuna çox ciddi hazırlaşacğıq. “Qarabağ”la oyunlarımız həmişə maraqlı alınır. Necə olacağını ayın 26-da biləcəyik.

- Həmişə qələbədən sonra gülərüz olsanız da, bu gün sanki aqressivsiniz.

- (gülür) Görünür, siz Qəbələdəki hər mətbuat konfransında olmursuz. Komanda qələbə qazananda əhval-ruhiyyə, hər şey yaxşı olur. Ötən il bəzi oyunlarda çox məyus olurdum. Çünki rəqibləri oyunumuzla öldürsək də, 67 dəfə hücum edib, 15 qol epizod yaxalasaq da, xal itirirdik.

- Cavidin vəziyyəti o qədər pis idi ki, bu gün onu “23-lüy”ə daxil etmədiniz?

- O, özünü döyüşə atmaq istəyirdi. Oynamağı çox istəyirdi. Lakin onun boğazında problem olduğu üçün risk etmək istəmədik. Buna haqqımız yox idi.

- Əks-hücumlar zamanı Ozobiç bir neçə epizodda Monzora ötürmə vermədi ki, bunu çox narazılıqla qarşıladınız...

- Oyunda elə anlar oldu ki, düzgün qərar verməkdə çətinlik çəkdik. Əks-hücumlar zamanı daha çox şansdan yararlana bilərik.

- “Qarabağ” “Qəbələ” ilə oyundan öncə “Kopenhagen”lə qarşılaşacaq. Bu məqam komandanıza nisbi üstünlük verir?

- İlk növbədə mən özüm də qrup mərhələsində oynamağı çox istərdim. Azərbaycanda futbol təqvimi çox əladır. Hesab edirəm ki, avrokuboklar və çempionatda oynayan komanda daha böyük üstünlük qazanır. Çünki qitə kuboklarında səviyyəli rəqiblərə qarşı çıxış edirsən. Əgər istədiyin heyəti formalaşdıra bilmisənsə, hər iki cəbhədə mübarizə aparmaq böyük üstünlükdür. Belə təqvimdə oynamaq futbolçuların da inkişafına təsir edir. Eyni zamanda iki turnirdə oynamaq müsbət haldır. Bir daha deyirəm ki, heyət tam komplektləşibsə.

- Bugünkü hakimlikdən razı qaldınız? Çünki referi bir neçə epizodda rəqibin futbolçularına vərəqə göstərməli olsa da, bunu etmədi...

- Bunu öz aramızda müzakirə etmişik artıq. Hakim hansısa qərar qəbul edəndə, məsələn, qırmızı vərəqə verəndə, yaxud penalti təyin edəndə narazılıq bildirmək bir qədər başqa cür anlaşılır. Amma mən bugünkü hakimlikdən qətiyyən razı deyiləm. Futbol adamı kimi meydanda nələrin baş verdiyini görürdüm. Hakim rəqibin bir futbolçusuna qırmızı vərəqə, ən azı iki-üçünə də sarı vərəqə göstərə bilərdi. Hakim vaxtında lazımi vərəqələri versəydi, rəqib də belə sərt oynamazdı.

- İlqar Qurbanovun zədələnməsindən sonra meydana çıxan Tellur Mütəllimov qələbə qolunun müəllifi oldu. Demək olar ki, bu gün o, növbəti dəfə özünü futbolçu kimi sübut etdi?

- Bu gün o, karyerası baxımından müsbət məqama imza atdı. Qol vurmaq hər zaman xoşdu. O, bir müddət zədəli idi və həmin vaxtlarda da mən onun səviyyəsi haqda şübhə etmirdim.

- Sağ cinah müdafiəçisi hava ötürməsi edir və sol cinah müdafiəçisi qol vurur. Bu, sizin üçün gözlənilməz olmadı?

- Bir dəfə avrokuboklarda “Zalsburq”la qarşılaşırdıq. Hər iki müdafiəçi çox fəal hücuma qoşulurdu. Rəqib baş məşqçiyə paxıllıq edirdim (gülür). Düşünürdüm ki, nə vaxtsa bizim oyunçular da belə çıxış edəcəklər. Nəhayət, bu gün istədiyimi görə bildim.

- Avroliqadan sonra 2 futbolçu komandadan ayrıldı. Transfer pəncərəsinin sonuna kimi “Qəbələ”nin heyətinə yeni futbolçu qatacağını gözləmək olar?

- Düşünmürəm ki, yeni transfer olunacaq. Məsələ heç də 2 nəfərin getməsi deyil. Biz yay transfer pəncərəsindən lazımınca yararlana bilmədik. Qışa qədər bu heyətlə oynamalıyıq. Təbii ki, zədələr olmadığı halda. Məsələn, İlqar bu gün zədələndi və onun zədəsinin ciddi olmaq ehtimalı var. Yerli oyunçunun kənarda qalması bizi çətinə salır (futbolxeber.az).

Daha çox


Son xəbərlər