“180 illik yubiley də olsa, yenə bu qədər azarkeş gələcək” - Nizami Hacıyev

“180 illik yubiley də olsa, yenə bu qədər azarkeş gələcək” - Nizami Hacıyev
ÖLKƏ FUTBOLU 19 Mart 2017 / 00:25 4132
-  A +

Bakı "İnter"inin kapitanı Nizami Hacıyev Topaz Premyer Liqasının 23-cü turunda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.



- Oyun haqqında nə düşünürsən?
- Yaxşı, baxımlı oyun keçdi. Epizodlar xatırlayıram. Yəni, “Neftçi” də yaxşı qollar vurdu, bizim də şanslarımız oldu. Əfsuslar olsun ki, şanslarımızdan maksimum istifadə edə bilmədik və məğlub olduq. Mən deyərdim ki, oyunda ədalətli nəticə heç-heçə olardı. Amma bu gün idman xoşbəxtliyi “Neftçi”nin tərəfində idi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm.

- Qış fasiləsindən sonra “Neftçi”nin oyununda hansısa dəyişiklik görürsənmi?
- Etiraf etmək lazımdır ki, “Neftçi” ötən ilə nisbətən çox yaxşı futbol oynayır. Bunu sizə futbolçu kimi deyirəm, “Neftçi”nin gücünü meydanda hiss edirəm. Düzdü, belə çox möhtəşəm deyildilər. Amma builki nəticələri göz qabağındadır. “Qəbələ”ni, bizi məğlub etdilər, “Qarabağ”la heç-heçə oynadılar. İnkişaf var və “Neftçi” keçənilki komanda deyil.

- “Neftçi” bu gün 80 illik yubileyini qeyd etsə də, tribunalar yenə tam dolmadı...
- Bizdə hər zaman belə olub. 80 illik yox, 180 illik yubiley də olsa, yenə bu qədər azarkeş gələcək. Təəssüf ki, Avropada olan atmosfer bizdə yoxdur. Biz də istəyərik ki, azarkeşlər stadionda olsun, dəstək versinlər.

- Səncə bu məğlubiyyətdən sonra “İnter”in avrokuboklara vəsiqə qazanmaq şansını azaltdı?
- Xeyr, belə deməzdim. Sadəcə, bizə bir və ya iki oyunda qələbə lazımdır ki, bunu da əldə edəcəyik.

- Bu gün də qol vurdun. Sanki milliyə dəvət almamağın sənə daha yüksək motivasiya verib...
- Baş məşqçinin dəvət göndərməməsi göstərir ki, hələ tam hazır deyiləm. Mən də Prosineçkiyə sübut etmək istəyirəm ki, hazıram. Hər şey göz qabağındadı, nə edim? Önümdə yol açıqdır və uzundur. Özümü sübut etməyə hazıram və edəcəm də.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi