Vüqar Nadirov: “Çempionluq mübarizəsində dörd komanda bizə mane ola bilər”

Vüqar Nadirov: “Çempionluq mübarizəsində dörd komanda bizə mane ola bilər”
ÖLKƏ FUTBOLU 15 Fevral 2010 / 17:48 2377
-  A +

Milli komandamızın və “Qarabağ”ın hücumçusu Vüqar Nadirov Qol.Az saytına müsahibə verib.

- Son oyunlarda ehtiyatda qalırsan. Elə “Xəzər Lənkəran”la matçın da yalnız son dəqiqələrində oyuna daxil oldun. Ehtiyatda qalmağının səbəbi nədir?
- Bir müddət əvvəl əməliyyat olunmuşdum. Ona görə də formamı indi-indi bərpa edirəm. Yavaş-yavaş əvvəlki formamı yığıram. İnanıram ki, növbəti oyunlarda daha çox oynamaq şansı qazanacağam.
- Ümumiyətlə, son oyun barədə nə deyə bilərsən?
- Meydançanın vəziyyəti yaxşı deyildi. Bu cür şəraitdə futbol oynamaq çətin olsa da, hər iki komanda meydanda yaxşı mübarizə apardı. Qarşılaşma maraqlı alındı. Həm  “Xəzər Lənkəran”, həm də “Qarabağ” çox gözəl oyun sərgilədi.
- Qazanılan bir xal sizi qane etdi?
- Əlbəttə. Məncə “Xəzər Lənkəran”dan səfərdə xal almaq yaxşı nəticədir.
- Sabiq “Xəzər Lənkəran”lı kimi yerli fanatların sənə qarşı münasibəti necə idi?
- Münasibət normal idi.
- Son matçda baş məşqçi Qurban Qurbanov səni hücumda deyil, sol cinah yarımmüdafiəçisi mövqeyində oynatdı. Yeni mövqedə oynamaq sənə çətinlik yaratmadı ki?
- Yox, heç bir çətinliyi yoxdur. Baş məşqçimiz harada desə, oynamağa hazıram. Əsas odur ki, komandaya xeyir verim. Bunun üçün də əlimdən gələni edirəm.
- Hücumçu kimi oynamaq asandır, yoxsa sol cinah yarımmüdafiəçisi kimi?
- Mənim üçün bunun heç bir fərqi yoxdur. Hər iki mövqedə oynamaq mənə problem deyil. Dediyim kimi Qurban müəllim harada desə, orada oynayaram. Təki “Qarabağ” uğurlu çıxış etsin.
- İndi sənin oynadığın mövqedə əvvəllər Vaqif Cavadov çıxış edirdi. Vaqifin yeri komandada görünür?
- Futbol komanda oyunudur, fərdi idman növü yox. Amma bəzən Vaqifin yeri həqiqətən də görünür. Elə oyunlar var idi ki, Vaqif matçın taleyini təkbaşına həll edirdi. Amma indi o Hollandiyadadır. Biz isə yalnız ona uğurlar arzulaya bilərik.
- Bəziləri belə hesab edir ki, Cavadovun gedişindən sonra “Qarabağ” qol vurmağa çətinlik çəkir. Bu fikirlə razısan?
- Nə deyim vallah?.. Vaqif yaxşı oyunçudur, komandaya böyük fayda verirdi. Amma biz də əlimizdən gələni edirik ki, uğurlu çıxış edək.
- Bu sualı əbəs yerə vermədim. Çünki yeni ildə 3 çempionat oyununa çıxan “Qarabağ” cəmi 3 qol vurub ki, bunların da hamısı “Karvan”la oyuna təsadüf edir. Komandanızın məhsuldarlığını yüksək səviyyədə olmamasını nə ilə izah edə bilərsən?
- Orası elədir. Amma biz həm “Neftçi”, həm də “Qarabağ”la oyunlarda qol vurmaq üçün bir neçə şans yaxaladıq. Müxtəlif səbəblərdən fərqlənə bilməsək də, qol epizodu yaradırıq. İnanıram ki, növbəti oyunlarda daha çox qol vuraraq, azarkeşlərimizi sevindirəcəyik.
- Götürək elə səni. Vüqar Nadirov nə vaxt qol vuracaq?
- İnşallah, tezliklə vuracağam. Mən özüm də qol vurmağı çox istəyirəm. Düzdür, mənim qol vurmağımdan əsas komandanın uğurudur. Mən də çalışacağam ki, komandamın uğuru üçün əlimdən gələni edim.
- Növbəti turda “Qarabağ”ı daha bir çətin oyun - “İnter”lə qarşılaşma gözləyir. Necə düşünürsən, ilk dövrədəki məğlubiyyətin əvəzini çıxmaq mümkün olacaq?
- “İnter” də güclü komandadır. İlk dövrədə bizi məğlub etdilər. Sənin də dediyin kimi, çalışacağıq həmin yenilginin əvəzini çıxaq. Doğma azarkeşlərimizi sevindirmək əzmindəyik. İnanıram ki, gözəl oyunla istəyimizə çatacağıq.
- Bu matçda səni meydanda start heyətində görə biləcəyik?
- Bunu mən yox, baş məşqçimiz deyə bilər.
- Orası elədir. Amma sən necə, özünü oynamağa tam hazır sayırsan? Çünki bayaq dedin ki, yavaş-yavaş formamı bərpa edirəm.
- Mən tərəfdən heç bir problem  yoxdur. Mən həmişə oynamağa hazıram. Baş məşqçimiz şans verəcəyi halda, “İnter”lə oyunda da qələbə qazanmaq üçün bütün gücümü ortaya qoyacağam.
- Sona iki tur qalmış “ilk altılıq”da yer alacaq sonuncu iki komandanın adı qeyri-məlumdur. Sənin fikrincə, üç komandadan hansılar həlledici mərhələyə vəsiqə qazanacaq?
- Hər üç komanda mövsüm boyu layiqli mübarizə aparıb. İmkan olsaydı, elə istəyərdim ki, hər üç komanda ora vəsiqə qazansın. Amma cəmi iki yer var. Fikrimcə, “Neftçi” və “Qəbələ”nin “ilk altılığ”a düşmək şansı daha çoxdur. “Neftçi”nin düşəcəyinə inanıram. Çünki “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır.
- Qarşısına çempionluq məqsədi qoyan “Qarabağ”a bu yolda hansı komanda və ya komandalar mane ola bilər?
- “İlk altılıq”da yer alacaq komandaların hər biri çempion ola bilər. Fikrimcə, əsas rəqiblərimiz “İnter”, “Xəzər Lənkəran”, “Neftçi” və “Bakı”dır.   

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi