Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!
Azərbaycan futbolunun tarixində baş verən qalmaqallardan xatırlananda yada ən çox 2002-ci ilin məşhur olayları düşür. O vaxt çempionatda AFFA-nın qeyri-rəsmi komandası sayılan “Şəfa” “Xəzər Universiteti” ilə oynayır. Matçın baş hakimi Xaqani Məmmədov “Xəzər Universiteti”nin qapısına dünyada analoqu olmayan penalti təyin edir. Özü də onunun son saniyəsində və hesab 1:1 olarkən. Tərlan Əhmədov da həmin analoqu olmayan penaltini qola çevirincə ara qarışır. Federasiya öz klubu olan “Şəfa”nı nəyin bahasına olursa-olsun avrokuboklara aparmaqda israrlı idi. Bunun üçün hətta ən çirkin yola da gedilir. Lakin sonluq heç də AFFA-nın istədiyi kimi olmur və “Xəzər Universiteti”nin başladığı etiraz aksiyasna digər klunlar da qoşulunca çempionat yarımçıq dayandırılır, Azərbaycanda 1 il futbol olmur.
Xeyr, yenidən həmin oyuna və həmin hadisələrə qayıtmaq fikrimiz yoxdur. Bəlkə də nə vaxtsa buna yenidən qayıdıb geniş araşdırma apardıq. Lakin bu dəfə sizə təqdim edəcəyimiz yazıda ondan da öncə baş vermiş və çoxlarının, xüsusilə də gənc nəslin xatırlamadığı başqa bir qalmaqalın tarixindən söhbət açacağıq. Hansı ki, həmin qalmaqal da bir növ 2002-ci ildə olanların bənzəri idi.
Beləliklə...
Tarixi qərar və 5 komanda arasında amansız mübarizə
1993-94-cü il mövsümü Azərbaycanın futbol tarixinə düşmüş ən qalmaqallı illərdən sayılır. Həmin mövsüm sayca üçüncü ölkə çempionatı idi. Bundan əvvəlki iki mövsüm yaz-payız sistemi ilə keçirilmişdi. Məhz 1993-94-cü il mövsümündə AFFA ilk dəfə “payız-yaz” sisteminə üstünlük verdi. Bəli, federasiya Avropa futbolu ilə ayaqlaşmaq üçün yeni sitemə keçir və ilk iki çempionatdan fərqli olaraq bu dəfə komandalar çempionu iki dövrədən ibarət sistemdən sonra müəyyənləşdirməli idi. 1993-94-cü il mövsümü əvvəlki iki çempionatla müqayisədə komandaların sayının azalması ilə də müşayiət olundu. Bu dəfə mübarizəyə 16 komanda ilə start verildi. Çempionluğa əsas namizədlər isə yenə dəyişməz idi: “Neftçi”, “Xəzər” (Sumqayıt), “Kəpəz”, “Turan” və “Qarabağ”. İlk dövrədən sonra adları çəkilən komandaların ilk 5 pillədə qərarlaşması və bir-birindən xal ehtiyatı baxımından çox aralı olmamaları da çempionluq mübarizəsinin məhz bu “beşlik” arasında gedəcəyinə işarə idi.
Mövsümün ilk dövrəsi normal, qalmaqalsız keçdi. Lakin ikinci dövrədə əsl həngamə başladı. Bu arada ilk dövrədən sonra AFFA-nın UEFA-nın tamhüququlu üzv olması təsdiqləndi. Bu isə o demək idi ki, mövsümün sonunda çempion olacaq komanda tarixdə ilk dəfə ölkəmizi avrokuboklarda təmsil edəcəkdi. Çoxlarının fikrincə, elə qalmaqalların başlanmasının da başında məhz bu amil dururdu. Çünki mövsümün yarısında bu xəbərin elan olunmasından sonra çempionluğa iddialı 5 komanda arasında daha amansız mübarizənin gedəcəyi şübhə doğurmurdu. Bu zaman isə qalmaqalsız ötüşmək mümkün deyildi. İkinci dövrənin startı həm də bir çox pərdəarxası oyunların başlanğıcı oldu. Təəssüf ki, bu qalmaqalın mərkəzində “Neftçi” dayandı.
Masallıda başlayan həngamə
Həmin mövsüm paytaxt klubuna futbolçu karyerasını yenicə başa vuran gənc Vaqif Sadıqov baş məşqçi təiyn olunmuşdu. Hər şey Masallıda yerli “Viləş”lə oyundan sonra başladı. AFFA həmin oyuna mingəçevirli hakim Nemət Mahmudovu təyin etmişdi. Oyun çox qalmaqallı keçdi və yekunda “Viləş” 1:0 hesabı ilə qalib gəldi. Təbii ki, bu məğlubiyyət çempionluğu hədəfləyən komanda üçün əsl zərbə idi. Lakin bu oyuna hakimlər də damğasını vurdu. Bakılılar birmənalı şəkildə iddia edirdi ki, onları baş hakim bilərəkdən uduzdurdu. Buna görə də komanda elə oyundan dərhal sonra çempionatda oynamaqdan imtina etdi. Daha doğrusu, bu qərarı futbolçular verdi. Lakin komanda Bakıya qayıtdıqdan sonra klub rəhbərliyi məsələyə müdaxilə edib futbolçuları fikirlərindən daşındıra bildi.
Növbəti turda “ağ-qaralar” evdə “Bakı Fəhləsi”ni qəbul edirdi. Masallıdakı qalmaqal yekunlaşmamış növbəti qalmaqal yaşandı. Bakılılar bu dəfə də naxçıvanlı hakim Əmir Zamanovun idarəçiliyindən narazı qaldı. Qolsuz başa çatan oyundan sonra “Neftçi” birmənalı olaraq hakimi rəqibə işləməkdə itiham etdi və bəyan etdi ki, onlar 11 yox, 12 nəfərə qarşı mübarizə aparıblar. Ümumiyyətlə, həmin oyundan sonra klubla AFFA arasındakı gərginlik də xeyli artdı. Bundan başqa, çempionluğa iddiası olmayan iki komanda ilə ardarda oyunlarda qələbə qazana bilməyən “Neftçi”nin turnir cədvəlindəki vəziyyəti də xeyli ağırlaşdı.
Məhşur “Gəncə tuneli”
“Viləş” və “Bakı Fəhləsi” ilə oyunlarda itirilən xallardan sonra “Neftçi” “Xəzri-Eltac”ı çətinliklə məğlub etsə də, sonrakı iki oyunda yenə qələbəyə hərət qaldı. Səfərdə “Qarabağ”a 0:1 hesabı ilə uduzan bakılılar ardınca evdə Sumqayıt “Xəzər”inə də qalib gələ bilmədi və oyun 1:1 hesabı ilə başa çatdı. Növbəti turda isə onları Tovuza ağır səfər gözləyirdi. Səfərin ağırlığını şərtləndirən tək o deyildi ki, çempionluq uğurunda mübarizə aparan iki komanda üz-üzə gələcəkdi. İş onda idi ki, bu oyundan əvvəl “Turan” özü də çox vacib xal itirmişdi. Özü də onlar üçün prinsipial sayılan “Qərb derbisi”ndə. Belə ki, Gəncədə keçirilən həmin oyunda “Turan”ın başına əsl oyun açmışdılar. Komanda nəinki qələbədən məhrum olmuşdu, hətta həmin oyundan sonra “Turan”ın futbolçula ciddi fiziki təzyiq də edilmişdi. Yəqin ki, məşhur “Gəncə tuneli” çoxusuna tanışdı. Bilməyənlər üçünsə deyək k, Gəncə şəhər tadionunda futbolçuları meydançadan soyunub-geyinmə otağına aparan yol məhz həmin tuneldən keçir. O tunel indi də var. Həmin tunel həm bir qədər uzun, həm də təhlükəli idi. Azərbaycan çempionatının ilk vaxtlarında çox komanda vardı ki, Gəncəyə səfər edib xal götürsün və həmin tuneldə döyülməsin. Bəzən “Kəpəz”in o vaxtkı rəhbərliyi özün buna şərait yaradırdı. Bu, həm də çempionatdakı əsas rəqiblərə “mesaj” idi. Əgər nəticə gəncəlilərə sərf etməsə, o zaman bir qrup azarkeş həmin tunelə düşərək rəqib komandanın ordan keçməsini gözləyirdi. Qonaq komanda yaxınlaşan zaman tunelin işıqları öncədən planlaşdırıldığı kimi söndürülür və qonaq futbolçular o ki var döyülürdü. Təbii ki, olanlara polislər də göz yumurdu. Bütün bunları bizə hadisə şahidləri danışıblar və orda olan hər kəs də həmin olayları gözəl xatırlayır. Elə “Turan” eyni taleyi yaşadığı üçün “Neftçi” ilə oyun öncəsi tamam başqa ab-havada idi. Belə demək mümkünsə, bir qrup tovuzlu azarkeş Gəncədə komandalarına onların başına gətirilənlərin eynisini bu dəfə Tovuzda “Neftçi”nin başına açmağı planlaşdırırdı.
Futbolçuların üstünə silah çəkdilər: “Neftçi” uduzmasa, burdan sağ getməyəcək
Artıq oyunun əvvəlində Tovuzda yaşanan atmosfer olacaqların işarəsi idi. Həmin oyunu işıqlandırmaq üçün “Futbol-ekspres” qəzetinin Tovuz ezam olunmuş əməkdaşının yazdığına görə, hələ matçıb başlamasına xeyli qalmış artıq Tovuz stadionunda boş yer yox idi. Tribunalarla kifayətlənməyən fanatlar meydançanın xətti boyu düzülmüşdülər. O vaxt indiki kimi, meydançaların kənarında hasarlar da yox idi. Maraq üçün deyək ki, məhz Tovuzdakı qalmaqaldan sonra UEFA-nın da tövsiyəsi ilə Azərbaycanın güclülər dəstəsində oynayan bütün komandalar öz meydançalarının ətrafına hasar çəkdilər.
Bəli, “Turan” – “Neftçi” oyununda top demək olar ki, yan xətdən çıxmırdı. Daha doğrusu, xətt görünmürdü və azarkeşlərə dəyən top yenidən meydançaya qayıdırdı. Oyunda hesabı “Neftçi”nin açması hadisələri kulminasiya nöqtəsinə çatdırdı. 21-ci dəqiqədə Mirbağır İsayev bakılıları hesabda önə çıxardı. Komandalar fasiləyə də “Neftçi”nin 1:0-lıq üstünlüyü ilə yollandılar. Fasilədən sonra yaşananlar isə əsl rüsvayçılıq, futbol adına ləkə idi. Meydançada futbol adına heç nə yox idi. Vaqif Sadıqov sonradan bu oyun haqda danışarkən olanları belə təsvir etmişdi: “Turan” sanki özgə millətin nümayəndələrinə qarşı oynayırdı. Bizə qarşı elə oynayırdılar ki, sanki Tovuza qonaq gələn “Neftçi” yox, “Ararat” idi”. Yerli komandanın futbolçuları qol vura bilməyincə rəqib futbolçuları hədəf götürmüşdü. “Neftçi” futbolçuları “şaqqalanır”, görüşün baş hakimi Orucəli Durmuşov isə bütün bunlara göz yumurdu. Əslində onu da qınamaq olmazdı. Çünki stadionda elə ab-hava yaranmışdı ki, hakim də yerli komandaya kömək etməyə borclu idi. Əks halda onun özünü də yaxşı aqibət gözləmirdi. Məlum məsələ idi ki, “Turan” bu oyunu uduzmayacaq. Lazım gəlsə lap 90 yox, 120 dəqiqə futbol gedəcək ki, yerli komanda qol vursun. Həmin qol isə 85ci dəqiqədə vuruldu. Özü də necə. “Neftçi”nin qapıçısı Elxan Həsənovu topla birlikdə zorla qapıya saldılar və hakim də qolu verdi. Səbr kasası daşan bakılılar isə buna dözməyərək meydançanı tərk etməyə qərar verdilər. Lakin bu dəfə elə təhlükə ilə üzləşdilər ki, özləri də dərk etdilər ki, qayıdıb oynamalı, lazım gəlsə, hətta uduzmalıdırlar. Əks halda həyatları təhlükə qarşısında qalacaq.
Hadisə şahidlərinin dediklərinə görə, “Neftçi” futbolçuları meydançanı tərk etmək istəyərkən azarkeşlər onların qarşısını kəsmiş və meydançaya qayıtmaları üçün təzyiq etmişdi. Hətta bakılıların üstünə odlu silah çəkərək onları zorla geri qaytarmışdılar. Təbii ki, “Neftçi” futbolçuları da vəziyyətin nə yerdə olduğunu gözəl başa düşürdülər. Onlar geri qayıtmağa məcbur idi. Bəli, “Neftçi” qayıtdı və oyuna mərkəzdən başlayaraq, topu könüllü surətdə “Turan”a verdi. Özləri isə meydançanın mərkəzinə yığışaraq hərəkətiz dayandılar. “Turan” isə hərəkətiz və müqavimətsiz dayanmış rəqib futbolçuların arasından keçərək topu qapıdan keçirdi və bununla da rüsvayçı “şou” başa çatdı.
“Neftçi” çempionatı tərk etdi
Oyundan sonra “Neftçi” tərəfi yekun protokolu imzalamaqdan imtina etdi. Rəhbərlik dərhal AFFA-ya zəng edərək biabırçılığı onların nəzərinə çatdırdı. Müraciətdə eyni zamanda futbolçuların təhlükəsizliyinin bundan sonra birbaşa federasiya tərəfindən təmin olunması tələb edildi. Lakin bakılıların bütün müraciətləri cavabsız qaldı. Vəziyyəti belə görən “Neftçi” isə növbəti turlarda “Kəpəz” və Yevlaxın “Avtomobilçi” komandaları ilə oyunlara çıxmaqdan imtina etdi. AFFA rəhbərliyi yumşalmaq və güzəştə getmək fikrində deyildi. Əksinə, bu addımına görə, “Neftçi”yə texniki məğlubiyyət verildi və komanda ölkə çempionatı, eləcə də ölkə kuboku uğurunda yarılşlarda iştirak hüququndan məhrum edildi. “Neftçi” rəhbərliyi isə bu qərardan apellyasiya şikayəti verdi və “Turan”la oyunun yenidən keçirilməsini, “Kəpəz” və “Avtomobilçi” ilə oyunlara görə verilən texniki məğlubiyyətlərin ləğv olunmasını tələb etdi. Sonradan AFFA rəhbərliyi “Turan”la oyunun yenidən keçirilməsinə icazə versə də, “Kəpəz” və “Avtomobilçi” ilə oyunlara görə texniki məğlubiyyət qərarlarını qüvvədə saxladı. “Neftçi” rəhbərliyi isə etiraz edərək bildirdi ki, həmin texniki məğlubiyyətlər məhz “Tovuz şou”sundan sonra yaşanıb. Lakin AFFA ikinci məsələdə geri addım atmadı. Yekunda “Neftçi” çempionatdan kənarda qaldı və yerdə qalan 6 oyunda da komandaya texniki məğlubiyyət verildi. Yekunda komanda mövsümü 8-ci pillədə başa vurdu.
Bundan sonra komanda bir müddət AFFA-ya alternativ yaradılmış Peşəkar Futbol Liqasının keçirdiyi çempionatda oynamağa başladı. Maraqlıdır ki, Azərbaycan-Ukrayna cəmiyyətinim sədri Zakir Tağıyev tərəfindən yaradılan PFL-də bir ara “Qarabağ”, “Şəmkir”, “Dinamo” (Sumqayıt) kimi güclü komandalar da oynamışdı. Lakin sonradan UEFA bu qurumu tanımadığını və avrokuboklarda yalnız AFFA-nın bayrağı altında keçirilən yarışlarda çıxış etmiş komandaların iştirak edəcəyini bildirdi. Yalnız bundan sonra bu qurum da fəaliyyətini dayandırdı. Futbolsuz qalan “Neftçi” isə bir müddət xeyriyəçiliklə məşğul oldu. Komanda üzvləri cəhbə bölgələrinə, rayonlara səfərlər edərək azarkeşlərlə görüşlər keçirdirdi. Bu görüşlər zamanı isə azarkeşlər, ictimaiyyət “Neftçi”yə dəstək olur, onların AFFA tərəfindən haqsızlığa uğradığını açıq şəkildə bəyan edirdi. O dövr isə bu dəstək “Neftçi” futbolçularına güc verirdi.
1994-95-ci futbol mövsümü öncəsi isə AFFA nəhayət geri addım atdı. Belə ki, çempionatın startından bir neçə tur keçməsinə baxmayaraq, ictimaiyyətin də təzyiqi ilə federasiya yersiz inadından əl çəkdi və “Neftçi”ni çempionata buraxdı.
ELNUR
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır
Baş məşqçi klubu tərk etməyə hazırlaşır
Ülvi Babayev klubunu dəyişir
Pelleqrini sıradan çıxdı
Komandası məğlub oldu, özü də ağır cəza aldı
"Real"ın "Santyaqo Bernabeu" ilə bağlı hədəfi