Azərbaycan futbolunun tarixinə düşən dağıstanlılar

Azərbaycan futbolunun tarixinə düşən dağıstanlılar
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2016 / 17:01 8002
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

Zaman-zaman müzakirə mövzusu olan məsələlərdən biri də Azərbaycan millisində əcnəbi futbolçuların çıxış etməsidir. Etiraf edək ki, bunu heç kim müsbət qəbul eləmir və ümumiyyətlə yolverilməz sayır. Onunla da razılaşaq ki, gəlmə oyunçu heç vaxt yerli futbolçu qədər can yandıra bilməz. Son illərdə də milli komandamızda Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Dmitri Nazarov, Ruslan Qurbanov, Tuğrul Erat, Ufuq Budaq, Cihan Özkaya, Andrey Popoviç kimi əcnəbilər çıxış edib və edir. Onların dilimizi öyrənməməsi və himnimizi oxumaması isə azarkeşlər tərəfindən yaxşı qarşılanmır. Ancaq bu ənənənin əsası hələ ötən əsrin 90-cı illərinin əvvəllərində, milli komandamız yeni-yeni formalaşanda qoyulub. Mövcud olduğu 18 il ərzində Azərbaycan millisinin şərəfini kimlər qorumayıb ki… Saymaqla bitməz. İlk dəfə rəsmi yarışlara AÇ-1996-nın seçmə mərhələsində qatılan komandamız həmin tarixdən etibarən böyük həvəslə əcnəbiləri heyətinə cəlb etməyə başlayıb. Fuad Musayevin dövründə təməli qoyulan bu “milliləşdirmə” mərəzi günümüzdə də aktuallığını qoruyur. Gənclər və yeniyetmələr millimizə cəlb edilənləri də hesaba qatsaq, siyahı kifayət qədər geniş alınar. Amma açığı sayları çox olsa da faydalı olanları azdı. Yalnız 1-2 əcnəbinin adını çəkmək olar ki, milli forma altında yaxşı mənada yadda qalan olub.

Ümumilikdə, əcnəbilərin milliləşdirilməsi heç nəyə yaramayıb. Onların ölkələri kimi, yaşları da fərqli olub. Məsələn, Stukas 19, Kvaratsxeliya isə 34 yaşında milli formamızı geyib. Kütləvi milliləşdirmə daha çox 2006-cı ildən etibarən başladı. Belə ki Şahin Diniyevin baş məşqçi olduğu dönəmdə o vaxtkı AFFA rəhbərliyi yerli futbolçulardan bir şey çıxmadığını görüb ölkədə legioner həyatı yaşayan əcnəbilərin milliləşdirilməsi variantını sınaqdan keçirmək qərarına gəldi. Üstəlik həmin ərəfədə yoldaşlıq görüşü çərçivəsində səfərdə Ukraynaya 0:6 hesablı məğlubiyyət və bir sıra aparıcı futbolçuların baş məşqçi Şahin Diniyevə “təxribat” olaraq bilərəkdən oynamamasına dair söhbətlər də federasiyanı radikal addımlar atmağa məcbur etdi. Nəticədə həmin aparıcı futbolçular millidən kənarlaşdırıldı və onlaın əvəzinə Leandra Qomeş, Andre Ladaqa, Ernani Pereyra, Aleksandr Çertoqanov, Vladimir Levin, Branimir Subaşiç kimi oyunçular milliləşdirildi.



Dünyasını dəyişənlər

Çox təəssüflə qeyd etməliyik ki, bir vaxtlar millimizin şərəfini qoruyan bu futbolçulardan ikisi artıq dünyasını dəyişib. Bunlardan biri dağıstanlı İbrahim Həsənbəyovdur. Ucaboy, cüssəli, yüksək fiziki göstəricilərə malik bu futbolçu 1999-cu ildə karyerasının zirvəsində olduğu bir vaxtında yaşadığı Mahaçqalada ağır yol qəzasına düşərək dünyasını dəyişdi. Dünyasını erkən dəyişən digər futbolçu isə ukraynalı Aleksey Stukasdı. Belə ki, bir vaxtlar Əhməd Ələsgərovun dövründə öncə “Neftçi”yə, ordan da milliyə cəlb olunan Stukas 2002-ci ildə beyin xərçəngindən dünyasını dəyişib.

Futbolumuzun Dağıstan erası

Ancaq bugünkü yazımızda daha çox Rusiyadan, daha da konkretləşdirsək, Dağıstandan gətirilərək “milliləşdirilən” futbolçular haqda danışacağıq. Çünki istənilən dövrdə Azərbaycan milli komandalarında dağıstanlı futbolçular olub. Elə hazırkı milliyə nəzər salsaq, Bədavi Hüseynov, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Məhəmməd Qurbanov, Ruslan Qurbanov, eləcə də U-21 millimizi qapıçısı Şahruddin Məhəmmədəliyevi qeyd edə bilərik.  Bundan başqa, 2002-ci ildə U-17 komandamız Avropa Çempionatının ilkin seçmə qrup səddini aşanda o vaxt islam Kərimovun milliyə cəlb etdiyi dağıstanlıların da həmin uğurda böyük əməyi olub. Yuxarıda da qeyd etdiyimiz kimi, milliləşdirmənin əsası hələ 1994-95-ci illərdən qoyulmağa başladı. Müstəqilliyin ilk illərində Sovet pasportu hələ qüvvədə qaldığından MDB ölkələrindən olan hər hansı bir futbolçunu Azərbaycan millisinə cəlb etmək çox sadə idi. Yetər ki, razılıq versin. Ona görə də bizə heç bir bağlılığı olmayan, hətta klublarımızda belə oynamayanlara ölkəmizin bayrağı altında çıxış etmək təklif edilirdi. Musayevin seçimi bir qayda olaraq şimalı qafqazlı, daha da konkretləşdirsək, dağıstanlı futbolçular üzərinə düşürdü. Dedni Qaysumov, Ruslan İdiqov, Kazemir Qudiyev, İbrahim Həsənbəyov və Narvik Sırxayev Azərbaycan millisinin tarixinə ilk milliləşdirilənlər futbolçular kimi düşüb.  Onların demək olar ki, hamısı futbolçu karyerasını başa vurub. Odur ki, həmin futbolçular haqqında daha geniş məlumat vermək və sonrakı taleləri haqda söz açmaq fikrindəyik. Düşünürük ki, futbolumuzun Dağıstan erasının nümayəndələrinin sonrakı taleyi sizin üçün də maraqlı olar.  Həm də həmin şəxslər milli komandamızın da tarixinə düşüblər.


Deni Qaysumov

(1968, çeçen, müdafiəçi)

Millimizdə 23 oyun keçirib.

Qaysumov ən tanınmış çeçen futbolçudu. 1995-ci ildə ilk dəfə millimizə cəlb edilən Qaysumov 3 il əsas heyətin daimi üzvü olub. Ondan dayaq yarımmüdafiəçisi kimi də istifadə edilib. Qroznuludu, “Terek”in yetirməsidi. Millimizə Moskva ÇSKA-sında oynayanda dəvət almağa başlayıb. Sonradan Permin “Sokol” və Moskvanın “Spartak” klublarında oynayıb. 1998-ci ildə millimizdəki oyunu ilə “Dubay Sports” klubunun diqqətini çəkib. Tərlan Əhmədov və Vidadi Rzayevlə birgə ora yollanıb. Tərlan və Vidadi bəyənilsə də nədənsə geri qayıdıb, Qaysumov isə BƏƏ-də qalıb. 2 il legioner həyatı yaşayıb. Bundan sonra diqqət mərkəzindən kənarda qalıb, milliyə çağırılmayıb. Bir ara Qazaxıstan çempionatında da görünüb (“Atırau”). 2002-ci ildə “Terek”ə dönüb. Kapitanı olduğu doğma klubla ciddi uğurlar əldə edib. 2004-cü ildə qroznulular birinci dəstənin qalibi olub və premyer-liqaya vəsiqə qazanıb. Həmin il Qaysumovun liderlik etdiyi kollektiv Rusiya kubokuna da yiyələnib. Millimizin sabiq üzvü 2004-cü ildə Çeçenistanda ilin adamı seçilib. Respublikanın fəxri vətəndaşı statusunu alıb. Hətta Qudermesdə küçələrdən birini onu şərəfinə adlandırıblar. 2005-ci ildə karyerasını yüksək notda başa vurub. Moskvada Ali Məşqçilər Məktəbini bitirib. “Terek”də məşqçiliyə başlayıb. Bir ara klubun baş direktoru idi. Son vaxtlar isə Konqo Respublikasının Rusiyada konsulunun müavini vəzifəsində çalışıb.
Qaysumov sonralar Rusiya mətbuatına açıqlamalarında həmişə millimizdə oynadığına görə fəxr etdiyini və Azərbaycana minnətdar olduğunu söyləyir. Sonrakı müsahibələrində də o, bunu dəfələrlə dilə gətirmişdi.



Ruslan İdiqov

(1966, çeçen, yarımmüdafiəçi)

Millimizdə 7 oyun keçirib, 1 qol vurub.

İdiqovda Qroznudandı və “Terek”in yetirməsidi. Hələ SSRİ çempionatında “Spartak”da (Vladiqafqaz) oynayıb. 1995-ci ildə “KaMAZ”da Rusiya çempionatının güclülər dəstəsində debüt edib. Millimizə Nalçik “Spartak”ından dəvət alıb. Onda birinci dəstədə yarışan Kabardin-Balkarıstan təmsilçisinin ən yaxşı futbolçularından biri olub. 1998-ci ildə bir başqa aşağı dəstə kluba – “Anquşt”a keçib. 2 il Narzanda oynadıqdan sonra yenidən qurulan doğma “Terek”ə qayıdıb. Qaysumovla çiyin-çiyinə komandasının Rusiya kubokundakı qələbəsinə töhvəsini verib. 2004-cü ildə butslarını soyunub. O da Qaysumov kimi Moskva Ali Məşqçilər Məktəbini bitirib. “Terek”in əvəzedici heyətində məşqçi karyerasına başlayıb. 2007-ci ildə əsas heyətdə baş məşqçinin köməkçisi olub. Texniki direktor kimi də çalışıb. Sonradan ikinci dvizionda yarışan “Anquşt”a baş məşqçi təyin edilib. Hazırda 50 yaşı olan mütəxəssis “Terek”in gənclər komandasının baş məşqçisidir.

Millimizdə yeganə qolunu 1996-cı ildə Belarusla yoldaşlıq matçında vurub. Həmin ilin avqustun 31-də Qaysumovla birgə İsveçrə üzərində (1:0) tarixi qələbəmizdə iştirak edib. Ümumilikdə isə 6 dəfə Azərbaycan millisinin formasını geyinib.


Kazemir Qudiyev

(1972, osetin, qapıçı)

Millimizdə 3 oyun keçirib, 7 qol buraxıb.

1996-97-ci illərdə ölkəmizin əsas komandasının qapısında dayanıb. İdiqov kimi vladiqafqazlı qolkiperi də həmyerlisi olan Kazbek Tuayev heyətə dəvət edib. Rusiyanın aşağı liqalarında oynayıb. Əvvəlki klublarından “Jemçujina” (Soçi) və “Kuban”ı qeyd edə bilərik. Digər milliləşdirilənlərdən fərqli o, Azərbaycan klublarında da çıxış edib. 1999-cu ildə “Kəpəz”ə transfer olunub. Qısa bir müddət “Neftçi”nin də heyətində yer alıb. 2000-ci ildə “Alaniya”ya qayıdıb. “Terek”də də ehtiyat qapıçı olub. 2004-cü ildə ikinci dvizionda yer alan “Severstal”da karyerasını bitirib. 2006-08-ci illərdə “Alaniya-2”də çalışıb. İndi də Vladiqafqazda yaşayır, yerli klublarda məşqçi işləyir. Millimizdə rəsmi debüt oyunu 1996-ci ildə Bakıda DÇ-1998-in seçmçə qrup oyunu çərçivəsində Macarıstana qarşı olub. O, hesab 0:3 olarkən Aleksandr Jidkovu əvəzləyib. Hazırda futboldan kənar sahədə osla da oğlu Vitali Qudiyev onun yolunu davam etdirir və “Terek”in şərəfini qoruyur.


İbrahim Həsənbəyov

(1969, dağıstanlı, hüçumcu)

Millimizdə 2 oyun keçirib.

Xasavyurtda doğulan forvard 1996-cı ildə Tuayevin dövründə milliləşdirilib. Onda hücum xəttində Nazim Süleymanov, Vəli Qasımov və Samir Ələkbərov kimi ustalar yer aldığından heyətdə möhkəmlənə bilməyib. Oynadığı hər iki qarşılaşmada da sonradan meydana daxil olub.
Buna rəğmən unikal forvard sayılırdı. Təkcə onu xatırlatmaq kifayətdi ki, futbola çox gec başlayıb. 21 yaşında Mahaçqala “Dinamo”sunda debüt edib və ilk oyunlardan anadangəlmə bombardir istedadını ortaya qoyub. Bir il sonra daha güclü “Anji”yə keçib. Fantastik məhsuldarlığı ilə diqqət çəkib. Müstəqillikdən sonra Rusiyada 100 qol həddini keçən ilk futbolçu olub. 1999-cu ilədək “Anji”də 233 oyuna çıxıb, 153 qol vurub.
Təəssüf ki, yuxarıda bildirdiyimiz kimi, karyerasının zirvəsində olduğu bir vaxtda İbrahim Mahaçqalada ağır yol qəzasıyla üzləşib. 1999-cu ilin iyulun 3-də idarə etdiyi “VAZ 2109” “KaMAZ”ın altında qalıb.
29 yaşında vəfat etməsəydi, 300 qol həddinə də çata bilərdi. İndiyədək də onun müəllifi olduğu bir çox rekord qırılmayıb. 29 het-trik, 6-ı poker edib. Bir oyunda isə 6 qol vurub.
İndi də “Anji”nin bütün fərdi nəaliyyətləri onu adıyla bağlıdı. “Cigit” ləqəbli bombardir Mahaçqala klubunun əbədi rəmzi sayılır.


Narvik Sırxayev

(1974, dağıstanlı, yarımmüdafiəçi)

Millimizdə 17 oyun keçirib, 1 qol vurub.

1996-1999-cu illərdə Azərbaycan millisinin heyətində yer alıb. Vaqif Sadıqovun ilk baş məşqçiliyi vaxtında düşərgədə yer alıb. Yeganə qolunu Özbəkistanla hazırlıq matçında vursa da, millimizin tarixi ərzində ən yaxşı sol yarımmüdafiəçi hesab edilir.

Mahaçqala yaxınlığındakı kənddə dünyaya göz açıb. 1991-94-cü ildə yerli “Dinamo”da oynayıb. Sonra “Anji”yə keçib. Bu komandanın liderinə çevrilib, dağıstanlıları elitaya daşıyıb. 2002-ci ildə Moskva ÇSKA-sı və “Lokomotiv”i onun uğrunda əsl transfer müharibəsi aparıb. Narvik “dəmiryolçuları” seçib. 2002-ci ildə Rusiya çempionu olub. Çempionlar Liqasında çıxış edib. 2004-cü ildə “Moskva”ya, bir mövsüm sonra isə “Terek”ə keçib. 2007-də “Anji”yə qayıdıb.
Karyerasında yüksəlişə keçən kimi millimizdə oynamaqdan imtina edib. Rusiya mətbuatına bizimlə bağlı xoşagəlməz müsahibələr verib. Artıq Azərbaycanın şərəfini qoruduğu üçün, Rusiya millisində oynamaq imkanını itirdiyinə peşmançılığını gizlətməyib. Bizim “Olimpik” (indiki AZAL) isə “minnətdarlıq” əlaməti kimi karyerasının qürüb çağında – 2008-ci ilin fevralında onu “Anji”dən transfer edib. Düzdü, Bakı məcarası heç bir ay çəkməyib, cəmi bir oyunda meydana çıxıb. Tezliklə geri dönüb və karyerasını başa vurub. Həmin vaxt Bakıdan gedəndən sonar Rusiya mətbuatına açıqlamasında yenə bizimkilərin bostanına daş atmaq fürsətini qaçırmayıb: “Bakı səfərim qeyri-ciddi alındı. Məni aldatdılar. Telefonla mənə başqa şey vəd edirdilər, ora gedəndə isə hər şey dəyişdi. Axı mən 20 yaşlı gənc oğlan deyildim! Artıq 34 yaşım vardı. Bunu o adamlara başa salıb, geri qayıtdım. Peşman deyiləm, düz qərar verdim”.

Sırxayev də Moskva Ali Məşqçilər Məktəbinin məzunu olduğundan, elə həmin il keçmiş klubu “Lokomotiv”dən məşqçilik təklifi alır. İlk iş yeri ikinci divizionda yarışan “Lokomotiv-2”də Yevgeni Xarlaçovun köməkçisi təyin edilməsi olur. Son iş yeri “Anji”nin direktoru postu olub və deyilənə görə hələ də bu posta nəzarət edir.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər