"Nəhayət, "Qarabağ"a qalib gəldik"

"Nəhayət, "Qarabağ"a qalib gəldik"
ÖLKƏ FUTBOLU 22 Mart 2014 / 15:45 4523
-  A +

Azərbaycan kubokunun 1/4 final mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Qəbələ" sabah Topaz Premyer Liqanın 27-ci turunda öz meydanında "İnter"i qəbul edəcək. Bölgə klubunun qapıçısı Anar Nəzirov həm kubok, həm də sabahkı qarşılaşma haqda Qol.Az saytının suallarını cavablandırıb. 

- Öncə başlayaq "Qarabağ"la kubok oyunundan...

- "Qarabağ"ın nəyə qadir olduğunu hər kəs bilir. Buna görə də hamımız oyunun məsuliyyətini yaxı dərk edirdik. Meydana çıxdıq və sona qədər vuruşduq, istədiyimiz nəticəni 2:1 hesablı qələbə ilə əldə etdik.

- Cari mövsüm Topaz Premyer Liqada üç dəfə "Qarabağ"la qarşılaşmış komandanız bütün görüşlərdə məğlub olub. Üstəlik ötən mövsüm kubokda məhz "Qarabağ" "Qəbələ"ni mübarizədən kənarlaşdırdı. Bütün bunlar sizə əlavə motivasiya vermişdimi?

- Futbolun gözəlləyi ondadır ki, bəzən bir komandaya ardıcıl bir neçə dəfə uduzursan. Biz də "Qarabağ"ı bu mövsüm məğlub edə bilmirdik. Üstəlik bütün görüşlərdə məğlub olmuşduq. Qismət kubok oyununaimiş. Nəhayət, bu komandanı məğlub edə bildik. Əlbəttə ki, "Qarabağ"la qarşılaşma heç bir futbolçumuz üçün adi oyun ola bilməzdi. Düşünürdük ki, bu komandanı mütləq məğlub etməliyik.

- Kubokun yarımfinalında rəqibiniz olan "Xəzər Lənkəran" haqda nə deyə bilərsən?

- Təbii ki, "Xəzər Lənkəran" ancaq kubok oyunlarına köklənib. Çünki turnir cədvəlinə nəzər salanda onların medalçılar sırasına yüksəlməyi inandırıcı görünmür. Ona görə də kubok oyunları ilə azarkeşlərini sevindirmək istəyirlər. Hər iki komanda üçün vacib qarşılaşmadır. Finala adlamaq üçün əlimizdən gələni edəcəyik.

- "Qəbələ"nin də çempionatdan daha çox kubokda şanslı olduğunu demək olar?

- "Xəzər Lənkəran"a nisbətən bizim vəziyyətimiz çempionatda yaxşıdır. Hər iki cəbhədə mübarizə aparırıq.

- Daha əvvəl "Qəbələ"də çıxış edərkən komandanın əsas qapıçısı idin. İndi üç əlavə qapıçı ilə bunu bacarmaq mümkün olacaq?

- Bəli, əvvəlki illərlə müqayisədə indi əsas heyətə düşmək çətindir. "Qarabağ"la görüşdə  yaxşı fürsət düşdü, meydana çıxıb, özümü yenidən sübut etməyə çalışdım. Futbolçularımız da sağolsunlar ki, yaxşı mübarizə apardılar və nəticəmiz yaxşı oldu. Məndən başqa üç güclü qapıçımız var. Onların hər biri əsas heyətdə oynamağa layiqdir. 

- "Qəbələ"yə qayıdarkən komandada hansı dəyişikliklər hiss etdin?

- Elə bir fərq görmürəm. Əvvəllər də rəhbərlik futbolçulara böyük diqqət göstərirdi, indi də elədir. Sadəcə indi turnir cədvəlində yuxarı pillələrdəyik. Başqa bir fərq yoxdur.

- Sabah Topaz Premyer Liqanın növbəti turunda "İnter"lə qarşılaşacaqsınız...

- Çempionatın hər bir oyunu ağırdır. Layiqli mübarizə aparmasan, qələbə qazana bilməzsən. Bir neçə turdur ki, öz meydanımızda qalib gələ bilmirik. İstəyirik ki, bu uğursuzluğa son qoyaq. Artıq neçə oyundur ki, doğma azarkelər önündə yaxşı oyun sərgiləsək də, nəticə qazana bilmirik.

- Maraqlıdır ki, "Qəbələ" səfər meydanlarında qalib gəlsə də, doğma meydanda bunu bacarmır.

- Səbəbini biz də bilmirik. Hər bir futbolçumuz əlindən gələni edir. İnşallah "İnter"lə görüşdə qalib gəlib, azarkeşlərimizi sevindirərik.  Bilirsiniz ki, “Qəbələ”nin titulu hələlik yoxdur.  Bu mövsüm isə klub tarixinə öz töhfəmizi vermək üçün yaxşı şansımız var.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
29.03.26  22:30

Noyer geri dönür

topaz banner