Allah bizimlədi! (KÖŞƏ YAZISI)

Allah bizimlədi!  (KÖŞƏ YAZISI)
ÖLKƏ FUTBOLU 22 İyul 2009 / 19:10 2880
-  A +

«Bu matçın iyulun 23-nə - Ağdamın işğal gününə düşməsini təkcə təsadüf adlandırmaq olmaz. Xüsusən də Norveçdəki heç-heçədən sonra burada bir ilahi qanunauyğunluq, vətənpərvərliyimizi və birliyimizi sınağa çəkən sirli bir məqam görürəm. Fikrimcə, həmin gün "Qarabağ"ın qələbəsi Ağdamın işğalına etirazımızın, üsyanımızın bir işartısı ola bilər. Bu oyunda qələbə isə bu etirazdan, bu üsyandan doğan ruhun və mütəşəkkil azarkeş dəstəyinin sayəsində mümkündür»
 Rəşad Məcid

 

«TOFIQ BƏHRAMOV CƏHƏNNƏMİ"!


"Ekranas"ın baş məşqçisi Valdas Urbonas "Bakı"yla oyundan sonra “Hava çox isti idi. Üstəlik, meydan sahiblərinə inanılmaz azarkeş dəstəyi vardı. Təəssüf ki, bunlar futbolçularımıza həm fiziki, həm də psixoloji cəhətdən çox pis təsir etdi. Bu cür tamaşaçı dəstəyilə “Bakı” “Levski”ni də keçəcək” deyib. Bu sözlər Azərbaycan azarkeşlərinin Tofiq Bəhramov adına stadionu gəlmə komanda ücün cəhənnəmə çevirdiyi anlamına gəlir. Xüsusilə vurgulayım ki, əgər "Bakı"nın oyununda tribunalarda boş yerlər görmək mümkün idisə, ayın 23-ü nəinki tribunalarda stadionun insanların az-çox otura və dura bilməsi mümkün olan hər yerində ürəyi "Qarabağ"la çırpınacaq azərbaycanlılar olacaq. İçəri girə bilməyənlər də olacaq, çünki "Qarabağ" sevgisi nəinki 30 minlik "Tofiq Bəhramov"a, dünyanın heç bir stadionuna sığmaz! "Qarabağ"a bu gündə dəstək vermək istəyən ağdamlıların sayının 30 mindən yuxarı olacağına şübhəm yoxdu. Amma "Qarabağ" təkcə ağdamlıların deyil ki... "Qarabağ" bütün azərbaycanlılarındı! İçəri girə bilməyənlər üçün Gənclikdəki böyük ekranda oyunun canlı yayımını təşkil etmək çətin məsələ deyil - "Qarabağ"ın oyununu canlı izləmək istəyənlərin hisslərinə hörmət edilməlidi!
Havanın isti olmasını isə Uca Allahın futbolçularımıza verdiyi bir dəstək kimi qiymətləndirirəm. Çünki biz bu havada yaşayırıq və artıq orqanizmiziz buna öyrəşib. Üstəlik "Qarabağ" ölkəmizin fiziki cəhətdən ən hazırlıqlı klubudu. Təsadüfi deyil ki, buzlu Norveçin təmsilçisinin baş məşqçisi Erik Hamren açıq etiraf edib ki, "Rusenborq"u ən çox qorxudan məqam Bakıda havanın hərarətinin 40 dərəcəyə çatmasıdı.
Yaxınlarda Argentinanı 6:1 məğlub edən zəif Boliviyanın ev matçlarında üstünlüyü dəniz səviyyəsindən 3600 metr yüksəklikdə yerləşmələridi. Dieqo Maradonanın rəhbərliyi altında La Pasda ilk məğlubiyyətini alan Argentina millisinin hücumçusu Lionel Messi məğlubiyyəti məhz bu amillə əlaqələndirib: “Orada futbol oynamaq mümkün deyildi. Bizim üçün belə şəraitdə oynamaq çox çətin idisə, boliviyalılar üçün adi hal idi”. Boliviyayla müqayisədə daha yaxşı tanıdığımız "Qalatasaray"ın ev oyunlarını keçirdiyi "Ali Sami Yen" stadionu isə türk azarkeşlərin möhtəşəm dəstəyinə görə bütün Avropada "Cəhənnəm" kimi tanınır. Tofiq Bəhramov stadionunu "cəhənnəmə" çevirən amil isə azarkeşlər və istinin vəhdətindən əmələ gəlir.

ÇEXİYADA BIR DƏQİQƏLİK SÜKUT, BƏS BAKIDA?
 
Ağdam Qarabağ savaşında Azərbaycanın ən çox şəhid verən və ən çox milli qəhramanı olan rayonudu. Ağdamsız ağdamlıların və Qarabağsız azərbaycanlıların "Qarabağ"ı iyulun 23-ü, yəni Ağdamın ruslar tərəfindən işğalı günü bir şərəf matçına çıxacaq. Öncə niyə "ruslar tərəfindən işğal" dediyimə aydınlıq gətirim. Qarabağ müharibəsində döyüşən və kantuziya alan qazi qardaşım Baxşeyş Ağdam döyüşlərini belə xatırlayır: "Ruslarla döyüşürdük. Bizim Bakıda düzəldilən əldəqayırma silahlarımız bir maqazin boşalmamış qızırdı, gərək gözləyəydik ki, silahlarımız soyusun. Ruslar isə gözləmirdi, piyadalar fasilə verib silahlarına güllə dolduranda ağır artileriyaları işə düşürdü. Ruslar əsl peşəkar idi, silahları da bizimkilərlə müqayisə olunası deyildi. Ağdamda şəhid olan yüz rusa və min erməniyə dəyəsi oğlanlar vardı. Amma elə uşaqlar da vardı ki, baxanda ürəyim ağrıyırdı, 17-18 yaşında tutub birbaşa ön cebhəyə gətirirdilər, "əmi-əmi" deyib bir az yaşlıların arxasınca düşürdülər. Gəldiklərindən 1-2 gün sonra görürdün mərmi düşdüyünnən yazıqları külünü göyə sovurdu..." 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Mövzu mənim üçün çox maraqlı olsa da, Baxşeyşə əziyyət vermək istəmirəm, çünki emosionaldı bu hal isə məsləhət deyil - kantuziyası başını ağrıdır...
Bütün bunlardan sonra "Qarabağ"ın sabahkı "18"liyində rus olmamalıdı! Bu gün "Qarabağ"ın heyətində ilk dəqiqələrdən ağdamlı Cəmşid Məhərrəmov oynamalı idi! Bu gün "Qarabağ"ın heyətində ağdamlı Fərid Quliyev oynamalı və qol vurmalıydı! Amma "Qarabağ" onlarsız da Norveçdə böyük iş bacardı və inanıram ki, bu gündə futbolçularımız tarix yazacaq. Bunun üçün oyundan əvvəl futbolçularımız Şəhidlər Xiyabanını ziyarət etməlidirlər. Bunun üçün oyundan əvvəl futbolcularımız meydançada isinmə hərəkətləri edəndə «Dəyirman qrupu» stadionda "Ya Qarabağ, ya ölüm" oxumalıdı. Bunun üçün futbolçularımız oyuna xüsüsi hazırlanmış üst geyimi və plakatla çıxmalıdı. Bunun üçün oyundan əvvəl Ağdamda həlak olan 6000 şəhidimizin və ümumiyyətlə bütün şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilməlidi. Bu haqda millət vəkili Aqil Abbasın maraqlı xatirəsi var...
- Bu bir təsadüfdümu, yoxsa taleyin istehzasıdırmı, 10-12 il əvvəl yenə də Ağdamın işğal günü «Qarabağ» komandası UEFA kuboku uğrunda yarışlarda yaşıl meydançaya çıxmağa məcbur olmuşdu. Çexiyanın Yablonets şəhərində «Yablonets» klubu ilə qarşılaşırdıq. Oyundan bir gün qabaq Nazim Abdullayev, Elbrus Abbasov  və mən şəhərin və Çexiyanın yüksək səviyyəli dövlət məmurlarının qonağı olduq. Məclisdə Çexiyanın daxili işlər naziri, Futbol Federasiyalarının prezidenti, Praqanın və Yablonetsin şəhər merləri iştirak edirdilər. Və söhbəti fırlayıb gətirdik müharibəyə və təbii ki, Ağdamdan danışdıq, Ağdamın tarixindən danışdıq, Ermənistanın işğçalçılığından danışdıq və dedik ki, sabah Ağdamın Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunduğu gündü. Səhər futbol başlayan kimi hakim oyunu saxladı. Diktor stadiona elan elədi ki, bu gün bizim qonağımız olan «Qarabağ» komandasının təmsil etdiyi Ağdam şəhəri 1993-cü il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Xahiş edirik həmin şəhərin şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edəsiniz. Bütün stadion qalxdı ayağa, bir dəqiqəlik sükuta daldı, həmin oyun da televiziya ilə bütün Avropada yayınlandı. Bir həftə sonra Yablonets Bakıya gələndə məlum oldu ki, buna görə klub cərimələnib. Amma qonaqlar bundan heç peşman olmadıqlarını bildirdilər».
Aqil müəllim sabahkı oyunla bağlı maraqlı bir yazı yazıb və futbolçularımızdan qarabağlıları 23-ü günü ağlatmamağı xahiş edib. Mən bir şeyi əlavə edim ki, ağlatsalar da, qoy bu sevincdən olsun!
 
ŞƏRƏF, YOXSA UEFA QORXUSU?
 
Dünya Azərbaycanlıları Konqresi (DAK) və müxtəlif ictimai təşkilatlar iyulun 23-ü dünyanın bir çox yerində tədbirlər keçirir. Amma Ağdam işğal olduğu gündən "Qarabağ" - "Rusenborq" oyunu qədər səsimizi dünyaya duyura biləcəyimiz vasitə olmayıb. Söhbət futbolçularımızın qələbəsindən getmir! Söhbət bu oyunda hansı aksiyaların keçirməmizdədi. İki il əvvəl "Qarabağ"ın Bakıdakı son beynəlxalq oyununda Rusiyadakı Azərbaycan Gənclərinin Koordinasiya Şurası və Gənc Aydınlar Birliyi öz miqyaslarında böyük bir aksiya keçirmişdi. Hər halda, üzərinə "STOP ARMENİAN AGRESSİON" yazılan və işgal olunan torpaqlarımızın xəritəmizdə qan içində göstərildiyi şəkillər həkk olunan maykalar ve beysbolkalar geyinən 200 nəfərin bir yerdə oyunu izləməsi, erməni bayrağını yandırması bu kiçik təşkilatlar və onların rəhbərləri Siyavuş Məmmədov və Aqil Səmədbəyli üçün başucalıgı idi. Onların bu dev işini "axsadan" yeganə məqam isə düşmən bayragının yanmaması idi. Yanan parçadan tikilməyən bayraq sadəcə ərimişdi. Onu da qeyd edim ki, iki il əvvəl 200 nəfərin geyindiyi maykaları və papaqları DAK-ın istehsal etdirdiyi və bu geyimlərdən minlərlə olduğu bildirilmişdi. Elə isə nədən "Rusenborq" oyununa gələn hər azarkeşə bu geyim dəstindən biri verilməsin? Təsəvvür edirsinizmi, erməni vəhşiliyini göstərən bu geyimlə nə etmək olar - 30 minlik stadionda hamı eyni geyimdə. Qarabağda təxminən Tofiq Bəhramov adına stadionun tutumu qədər şəhid vermişik. Oyunun gedişində stadionda olan hər bir azərbaycanlı heç olmasa "payına düşən" bir şəhidin ruhunu şad etmək üçün əlindən gələni etməlidi!
Ünlü türk şairi Məmməd Əmin Yurtakul "Ya qazi ol, ya şəhid" deyib. Futbolçularımızın meydançada şəhid olmaqları mümkün olmasa da, onlar meydançada qazi kimi döyüşə bilər. Avropada ilk mərhələ keçən klubumuzun o zamankı futbolçuları kimi. İndi onların adı qəzetləri və televiziyanı bəzəməlidi. Təəssüf ki, hətta o vaxtkı qələbənin memarı Müşfiq Hüseynovun adı belə bir KİV-də görünmür. Niyə? Niyə "Qarabağ"ın o vaxtkı, "Neftçi"nin indiki baş məşqçisi Böyükaga Ağayevlə "Makkabi" ilə oyunlar haqda söhbət edən yoxdu?
Deyirlər, "Qarabağ" "Rusenborq"u keçməsə, bu faciə günü daha bir faciə yaşayacağıq. Razı deyiləm. "Qarabağ" "Rusenborq"u keçməsə belə, bu faciə olmayacaq. Amma komanda Şəhidlər xiyabanını ziyarət etməsə, oyundan əvvəl şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edilməsə, bu əsl faciə olacaq! Hətta qalib gəlsək belə! UEFA-nın icazə verib-verməməsi isə önəmli deyil! Uzaqbaşı "Yablonets"ə "Qarabağ"a görə verdikləri cərimədən birini də bizimkilər ödəyər!

19 YANVAR 2005 VƏ 23 İYUL 2009
 
Azərbaycanın ulduzlar toplumu "Milan"a İtaliyada bir oyuna 4 qol vuran Ələkbər Məmmədov kimi futbolçusu olub. Azərbaycanın "peraşki" yeyib oyuna çıxmalarına baxmayaraq Yossi Benayun kimi ulduzu olan "Makkabi"ni məğlub edən futbolçuları olub. "Rusenborq" dünyanın ən güclü klubu deyil! Rəqibə hörmət etmək olar, amma onları şişirdib dağın başıma qoymaq, özümüzü qabaqlarına çıxanda dizlərimiz əsəcək hala salmaq əvvəlcədən məğlub olmaq deməkdi.
Bizim futbolçular prinsipial oyunlarda həmişə qalib gəlib! "Qarabağ"ın məşqçisi Elçin Rəhmanov və iki futbolçusu - iki Rəşadı, 2005-ci il yanvarın 19-da Moskvada ermənilərin ("Püunik"in həmin oyunçularının çoxu indi xarici klublarda o cümlədən də Norveçdə çıxış edir) anasını ağladan "Neftçi"nin heyətində idi. "Qarabağ"ın baş məşqcisi Qurban Qurbanov isə zədəli olduğundan həmin yarışa aparılmasa da, ermənilərlə oyunda Moskvaya getmişdi ve oyundan sonra oteldə erməni futbolçuların döyülməsində aktiv iştirak etmişdi. Həmin davada bəndənizin də iştirak etmək şansı olsa da, bir az gecikdim. Biz otelə girəndə qalib gəldiyimiz oyunda aranı qarışdırmaq istəyən dığalardan birinin yumruğuna cavab verməyən və bu üzdən meydançada göz yaşlarını tuta bilməyən Rəşad Sadıqovun qələbəmiz rəsmiləşdikdən sonra oteldə ermənilərin "Zenit"dəki çıxışıyla tanınan kapitanı Sarkis Ovsepyanı 1 zərbəylə nokauta göndərdiyini eşitdik. Rəşadın dostu Emil isə daha möhtəşəm performans nümayiş etdirərək 5-6 ermənini birdən aşırtmışdı. "Neftçi"nin o vaxtkı vitse-prezidenti Ramin Musayevin biz otelə girəndən sonra üzünü dığalara tərəf yüyürərək "İdite…" dediyi və böyük hörmət bəslədiyim PFL prezidentini sakitləşdirdiyim yadımdadı. Həmin oyuna qayıtdıqda Elçin Rəhmanov karyerasının çox hissəsini ehtiyat oyunçular skamyasında keçirsə də, ermənilərə qarşı karyerasının ən yaxşı oyununu oynadı. İnanıram ki, sabah meydançada olan hər bir futbolçumuz karyerasının ən yaxşı oyununu keçirəcək və norveçliləri sadəcə məğlub etməyib, darmadağın edəcəyik. Necə ki, yuxarıda adını çəkdiyim Ələkbər Məmmədovun "Dinamo"su heç kimin gözləmədiyi halda "Milan"ı, yuxarıda adını xatırladığım "Zenit" bir il önce "Bavariya"nı qapılarından 4 qol keçirərək darmadağın etmişdi. Ürəyimə damıb ki, "Qarabağ" da bu gün sadəcə mərhələ keçməyəcək, rəqibini darmadağın edəcək.
Gənc Bəxtiyar Soltanov azərbaycanlı futbolçunun ölkəmizdəki legionerlərdən daha yaxşı oynadığını hər kəsə göstərdi. Bəxtiyara olan hörmətimə baxmayaraq, "Qarabağ"dakı azərbaycanlı futbolçuların ondan çox daha səviyyəli olduğunu deməliyəm. Bəxtiyarın Vaqif Cavadovdan, Vüqar Nadirovdan, Emin İmaməliyevdən, Elvin Məmmədovdan, Rəşad Sadiqovdan, Aslan Kərimovdan, Rəşad Sadıqovdan, Elnur Allahverdiyevdən və "Qarabağ"ın başqa üzvlərindən öyrənəcəyi çox şey var! Qeyd edim ki, bu futbolçuların hamısının kifayət qədər beynəlxalq təcrübəsi var. Hətta onların hamısı beynəlxalq oyunlarda qol da vurublar. Baxmayaraq ki, Rəşad Sadıqov və Elnur Allahverdiyev müdafiəçidi.
Yazımı "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun sözləriylə bitirmək istəyirəm. Namiq deyib ki, "mən razıyam ki, ölüm, amma "Rusenborq"u keçək». İnşallah, Namiq və yoldaşları qələbələriylə şəhidlərimizin ruhunu şad edəcək və onların ailələrini, qazi yoldaşlarını, qaçqınlarımızı və bütün millətimizi sevindirəcək.
Bu qələbənin yolu isə sabah futbolçularımızın Şəhidlər xiyabanını ziyarət etməsindən keçir!
19 yanvar 2005-in ardından futbolumuzda daha bir tarixi gün olacaq - 23 iyul 2009!
Allah bizimlədi!

Anar ŞABANOĞLU,

[email protected]


Daha çox


Son xəbərlər
12.11.24  21:53

Qarabağ qeydləri