Fransa - İspaniya: bizi əsl müharibə gözləyir...

Fransa - İspaniya: bizi əsl müharibə gözləyir...
ÖLKƏ FUTBOLU 23 İyun 2012 / 12:18 2703
-  A +

İsveç Avro-2012-də Fransanın “qəbrini” qazıb getdi. Cəhənnəmə gedən özünə yoldaş axtarar... İsveçin qələbəsi (2:0) Fransanı 1/4 finalda İspaniyaya yoldaş etdi. Bu gün saat 23:45-də dünya və hələ ki, sonuncu Avropa çempionu titulunu daşıyan ispanlarla 2006-cı ildən bəri ilk dəfə bu çempionatda üzü Ukrayna üzərindəki 2:0 qələbə ilə gülən fransızlar güclərini sınamalıdır.

Fransa millisinin hücumçusu Kərim Benzema bugünkü oyuna çox dəqiq qiymət verib: “Bizi əsl müharibə gözləyir”.

Fransanın Avro-2012 “müharibəsinə” döyüşçü kimi hazır olmadığını yazılarımızda dəfələrlə qeyd etmişik. İki dəfə Avropa çempionluğunu (1984 və 2000) bayram etmiş Fransa indi yaxşı günlərini yaşamır. Yəni bir vaxtlar meydanda Fransanın adı gələndə qorxudan tərləyən komandalar bu gün onları çox təhlükəli rəqib kimi görmür.

Fransa futbolda “saqqalını ələ verib” və komandanın baş məşqçisi Loran Blan İspaniya ilə oyundan çəkindiyini indi heç gizlətmir də: “İsveçə uduzmasaydıq, qrupda 1-ci yer tutub italiyalılarla oynayacaqdıq. İtalyanlarla oynamaq daha yaxşı olardı, nəinki İspaniya ilə. İspaniyaya qalib gəlməyi fikirləşmək belə çox çətindir”.

1984-cü il Avropa çempionatının finalında (Fransa ev sahibi idi) indi tribunadan ölkəsi üçün həyəcan keçirən UEFA prezidenti Mişel Platininin də heyətində olduğu Fransa millisi məhz ispanlara qarşı oynayırdı. Həmin oyunda fransızlar iki cavabsız qol vurdular və çempionluğu ilk dəfə bayram etdilər.

2000-ci ildə Hollandiya və Belçikada keçirilən Avropa çempionatında İspaniya ilə Fransa yenidən üz-üzə gəldi. Yenə də 1/4 finalda. 32-ci dəqiqədə Zinəddin Zidan hesabı açsa da, 5 dəqiqə sonra ispan Qaiska Mendieta penaltidən hesabı bərabərləşdirdi. Birinci hissənin son dəqiqəsində Corkayeff fransızları önə çıxardı. İkinci hissədə fransızların qapısına daha bir penalti təyin edilsə də, Raul topu qapının üstündən vurdu və ispanlar çempionatı tərk etdi. Həmin çempionatda İtaliya ilə finalda görüşən fransızlar 90-cı dəqiqəyədək uduzurdular. Əlavə olunmuş vaxtda Viltor komandasının bərabərlik, 103-cü dəqiqədə isə Trezege ilk və son dəfə tətbiq edilən “qızıl qol” vuraraq Fransanın adını yenə çempion kimi tarixə yazdı.

2004-cü il Portuqaliyada keçirilən Avropa çempionatında isə İspaniya qrup mərhələsindən çıxa bilmədiyi üçün Fransa ilə yolları kəsişmədi. Fransa da 1/4 finalda Yunanıstana (Avro-2004-ün qalibi) 0:1 hesabı ilə uduzaraq turniri tərk etdi. 2006-da Almaniyada keçirilən dünya çempionatında pley-offda Fransa İspaniyanı 3:1 məğlub etdi.

2008-ci il Avropa çempionatında Fransa qrup mərhələsindən çıxa bilmədi. İspaniya isə finalda Torresin bir qolu ilə Almaniyanı məğlub edib çempion oldu. 2002-ci ildə keçirilən dünya çempionatında (Yaponiya və Cənubi Koreya) da Fransa qrupda qaldı, İspaniya isə 1/8 finalda uduzdu. 2010-cu il dünya çempionatında (CAR-da keçirilib) İspaniya finalda Hollandiyanı udub çempion olanda Fransa yenə qrupda qalmışdı.

Psixi cəhətdən sağlam adam təsiri bağışlamayan Raymon Domenekdən sonra Fransa komandasına rəhbərlik millinin oyunçusu olmuş Loran Blana tapşırıldı. Fransa seçmə mərhələdə qrupda ardıcıl 6 qələbə qazandı (üç oyun heç-heçə oldu) və 21 xalla lider oldu.

Loran Blan bu çempionatın ilk oyununda İngiltərə millisi ilə qarşılaşmadan (1:1) sonra ciddi tənqidlərə məruz qaldı. Amma o, Ukrayna ilə oyuna da (2:0) eyni taktika ilə çıxdı və uğur qazandı. İsveçdə isə ilişdi. Məlumatlara görə, İsveçlə oyundan sonra Fransa yığmasının soyunub-geyinmə otağında dava düşüb. Fransa millisinin düşərgəsində bu xəbəri gizlətməyə çalışsalar da artıq bu barədə komandanın baş məşqçisi də danışmağa məcbur olub. Blan deyib ki, komanda üzvləri gənc və çılğın olduqlarından bu cür dartışmalar mümkündür. Sonra isə mediaya məlum olub ki, dava Sami Nəsri və Alu Diarra arasında düşüb.

Komandanın yarımmüdafiəçisi Xatem Ben Arfa isə Blanın onu son oyunda meydandan almasına etiraz edib və baş məşqçi ilə dartışıb. O Blana deyib ki, komandaya lazım deyilsə, onu evə göndərsin. Fransa komandasında mühitin gərgin olduğu görünür və İspaniya kimi rəqiblə oyun ərəfəsi bu cür əhval-ruhiyyə fransızlara yaxşı heç nə vəd etmir.

Fransa bu çempionatda qrup mərhələsindən 4 xalla çıxmış (Yunanıstan da eyni xal toplayıb) ikinci komandadır. Çempionluğa əsas namizəd göstərilən İspaniya millisi ilə Fransanın bu gün hansı taktiki oyunu sərgiləyəcəyini demək çətindir. Fransanın növbəti mərhələyə yüksəlməsi artıq bu komanda üçün uğur sayıla bilər. Ona görə də İspaniyaya məğlub olmalarını özlərinə dərd etməyəcəklər. Hər halda uduzsalar, deməyə sözləri olacaq. Oyun ərəfəsi göz gəzdirdiyim statistika göstərir ki, bu komandaların qarşılaşması çox maraqlı və gərgin keçir.

İspaniya-Fransa oyununun taleyi italiyalı Nikola Rissoliyə etibar edilib. O, meydanda çox sərtdir və hər idarə etdiyi oyunda ən azı 4 vərəqə göstərir. Penaltilərə isə o qədər də həvəsli deyil.

Hakimi də tanıdıq, indi isə heyətlərə baxaq. Fransa millisinin heyətində Filip Mekses (“Milan”), Adil Rami (“Valensiya”), Antoni Reveyer (“Lion”) kimi müdafiəçilər, Floran Maluda (“Çelsi”), Yann Mvilla (“Renn”), Sami Nəsri (“Mançester Siti”) kimi yarımmüdafiəçilər, Xatem Ben Arfa (“Nyukasl”), Kərim Benzema (“Real”), Olivye Jiru (“Monpelye”), Jeremi Menez (PSJ), Frank Riberi (“Bavariya”), Matye Valbuena (“Marsel”) kimi hücumçular var.

İspanları yaxşı tanıyan Fransa millisinin keçmiş hücumçusu Zinəddin Zidan oyun ərəfəsi verdiyi açıqlamada rəqibi tərifləyib. Zidan deyib ki, KİV-in İspaniya millisini tənqid etməsi ədalətsizlikdir: “İspaniya yaxşı oynayır. Amma rəqib bütün komanda ilə müdafiə olunursa, İspaniya nə etməlidir? İnyesta yaxşı təsir bağışlayır. Onun oyunundan çox şey asılıdır. Onu oyunu mənə özümü xatırladır. Amma bir az solğun”.

Fransanın oyunçusu Koselini də deyib ki, İspaniyanın oyunu “Barselona”nın oyununu xatırladır: “İtiriləsi heç nə yoxdur. Biz oyuna ciddi hazırlaşırıq”.

Komandanın yarımmüdafiəçisi Floran Maluda İspaniya millisi oyunçuları sırasında ən çox Fernando Torresdən ehtiyatlandıqlarını söyləyib: “O, hər oyunda 2-3 qol vurmağa qadir olan ən təhlükəli hücumçudur”.

İspaniya millisi bu çempionatda Almaniyadan sonra qrup mərhələsində ən çox xal toplayan (7 xal) komandadır və məzmunlu oyun göstərir. İspaniya yığması tam bir ulduz heyətindən ibarətdir. Baş məşqçi Visente del Boskenin heyətə cəlb etdiyi 23 futbolçudan 7-si “Barselona”nı, 5-i isə Madrid “Real”ını təmsil edir.

Komandada kimlər var?! Adları bir daha xatırlayaq: Xordi Alba (“Valensiya”), Raul Albiol (“Real”), Alvaro Arbeloa (“Real”), Xavyer Martines (“Atletik”), Cerard Pike (“Barselona”), Serxio Ramos (“Real”), Xabi Alonso (“Real”), Serxio Buskets (“Barselona”), Andres İnyesta (“Barselona”), Pedro (“Barselona”), David Silva (“Barselona”), Sesk Fabreqas (“Barselona”), Xavi (“Barselona”)...

Davam edək: Alvaro Neqredo (“Sevilya”), Fernando Torres (“Çelsi”)...

Blanı necə qınayasan?! Bu komandadan necə çəkinməyəsən?! Bu oyunçularla İspaniya dünyanın istənilən komandası ilə döş-döşə gələ bilər.

Budəfəki İspaniyada qələbəyə tamah sanki yoxdur. Sanki komanda prestijini qorumaq üçün oynayır. Şərhçilərdən biri doğru demişdi: “İspaniya mükafata doymuş komandadır”.

Amma ortada pul da var. Pul mükafatına doymaqmı olar?! İspaniya hökuməti komandanın çempion olacağı təqdirdə büdcəsindən hər oyunçuya 300 min avro vəd edib. Üstünə UEFA-nın qalib üçün ayırdığı mükafat fondunu da gəlsək...

Oyunçu aparsın...

Nazim SABİROĞLU,
"Yeni Müsavat" qəzeti


Son xəbərlər