Qaraqoyunlu Karaqounis

Qaraqoyunlu Karaqounis
XƏBƏR 18 İyun 2012 / 13:02 5964
-  A +

Futbol üzrə Avropa və dünya çempionatlarında azarkeşlik ünvanımı dağılan SSRİ-dən Türkiyəyə dəyişməyimin səbəbi onun milli qürurla bağlı daxili boşluğu doldura biləcək oyun sərgiləməyə başlaması oldu. Builki Avropa çempionatında isə biri obyektiv, o biri subyektiv səbəbdən iştirak eləmir. Ya buna görədi, ya da artıq yaş futbol ehtirasına təsir edir, bilmirəm, bu çempionat qışqır-bağırsız, həyəcansız, sakit, soyuqqanlı baxdığım ilk futbol yarışmasıdı. Cəmi 10 il əvvəl isə tamam başqa havada idim.

***

2002-ci ilin dünya çempionatı günlərində Səmərqənddə “İctimai liderlik” mövzusunda seminardaydıq. Onda hələ Özbəkistanda belə tədbirlər keçirmək olurdu. Türkiyə komandasının oynadığı saatlarda hər cür məşğələdən azad olmağımız üçün heç bir icazəyə ehtiyac qalmamışdı, çünki amerikalı təşkilatçılar hay-küylü söhbətlərimizdən, bir zamanlar türk dünyasının paytaxtı olmuş bir şəhərin əzəmətindən vəcdə gəlmiş iki türkçü qonağın Türkiyə komandasının gözəl oyununa köklənməsindən xəbərdar idilər.

Türkçü damarım olmayan kimi tutmuşdu. Bir yandan da səfər yoldaşım Ülvi Həkimovun hər fasilədə, axşam söhbətlərində rastına çıxan özbəyə türkçülükdən alovlu mühazirələr oxuması məni bu havaya kökləmişdi. Elçibəyin müridlərindən olan Ülvi bu söhbətləri eləməklə həm də vəzifə borcunu yerinə yetirdiyini düşünürdü. O biri yandan da Səmərqəndin abidələri – Əmir Teymurun dəfn olunduğu Əmiri-Gur məqbərəsi, Rehistan, Xoca Əhrar türbəsi, İmam əl-Buxari memorial kompleksi, Uluğbəy rəsədxanası, neçə-neçə mavzoley, saysız tarixi tikili məni qəribə hislərə çulğamışdı: bu əzəmətli tarixi abidələrin Azərbaycan qarışıq neçə türk ölkəsinin viran edilməsi hesabına tikildiyini düşündüyüm kimi dövrünün məşhur sənətkarlarını bir yerə toplayıb dünya inciləri yaratmağa qüdrəti çatan gücə heyran qalmışdım.

Tarixi dövlətlərin qüdrəti onlardan qalan tikililərdən bilinir. Bizim Şuşa qalası, Şirvanşahlar sarayı, Şəki Xan sarayımız təmsil elədikləri xanlıqların regional səviyyəli balaca bir dövlət olmasına izah verdiyi kimi, Topqapı, Sultan Əhməd cameəsi, Səmərqənd abidələri də dünya əhəmiyyətli imperiyaya şahidlik edir...

Səmərqənd seminarı başa çatanda amerikalı dostumuz bir-iki günlük Buxaraya gəzməyə getmək təklifi verdi. “Türkiyə Braziliya ilə oynayacaq” dedik. “Orda baxarsınız” cavabı ilə razılaşdıq.

Buxaradakı hotelimiz vaxtilə yerli yəhudi tacirinin evi olub. İndi İsraildə yaşayan varislərinin mülküdü. Dörd tərəfi otaqlar, müxtəlif yardımçı tikililərlə əhatələnmiş həyət səhradakı oazis qədər cənnət duyğusu yaradır. Həyətin ortasındakı çarhovuzun yanında qurulmuş tapçana yayxanıb içdiyin yaşıl çay 50 dərəcə istidə belə adama sərinlik gətirir.

Seminar iştirakçılarından yerli ictimai fəal Rəşidlə söhbətimiz tuturdu. Bizim göylə gedən türkçü ovqatımız ona da sirayət eləmişdi. Gecədən keçənədək etdiyimiz söhbəti eşidən olsaydı bizi qatı türk şovinisti sanardı. Ülvinin yuxusu gözündən tökülən Rəşidi buraxmaq fikri yox idi. Şumerdən başlayıb Bozqurd əfsanəsinədək tarixi-dastan açmışdı. “Bilirsən də Kamçatka da qədim türklərin olub – “Gəmiçatdı” deməkdi”. Onun bu sözündən sonra özümü saxlaya bilməyib dilxoşluq eləmişdim: “Hə, düz deyir, Madaqaskar da “Məşədi Əsgər” sözündən yaranıb”. Mənim zarafatıma gülən Rəşid “Elədi, Amerikanı da Əmir Əkə kəşf edib, sadəcə Kolumbun adına çıxıblar” deməsi gecənin söhbətinə son qoymuşdu.

Buxara öz cazibəsiylə Səmərqənddən geri qalmır, əksinə, adamı daha çox sehrinə salır. Bu da onun öz tarixi görkəmini məhlə-məhlə saxlaya bilməsiylə bağlıdı. Səmərqənddə tarixi abidələrə baxanda özünü muzey eksponatlarını seyr edən tamaşaçı kimi hiss etdiyin halda Buxarada “zaman maşını”nın səni qədim Şərqə gətirdiyini zənn edirsən, sanki buradakı həyatın bir parçasısan. Deyilənə görə bu mənada Xivə öz təbiiliyini daha yaxşa qoruyub, təəssüf, getmədik...

Şəhəri yaxşıca gəzib dolandıq. Futbolun başlamasına bir saat qalmış hotelə qayıtdıq. Məlum oldu ki, burada günortadan işıq yanmır. Hotelin müdiriyyəti işığın nə vaxt yanacağını bilmirdi. Ülvinin səsi aləmi başına götürmüşdü: “Bir azdan futbol başlayacaq, Türkiyə oynayır, özü də Braziliyaynan”. Özbəklərin soyuqqanlığı onu özündən tamam çıxarmışdı. Elə bilirdi ki, bütün Özbəkistan bu gün dünya türklərinin şərəfini qoruyan Türkiyə komandasının tarixi oyununa baxmaq üçün televizor başına toplaşmağa borcludu. Danışdığımız adamların əksəriyyəti isə belə bir oyundan tamam xəbərsiz idi. Axırda bizə küçənin sonundakı restoranda işığın hər zaman yandığını və futbola orda baxa biləcəyimizi dedilər. Sevincimiz yenə üzümüzə qayıtdı. Rəşid bizimlə futbola baxmağa gəlmədi, görünür “dünənki türkçülük dərsi ona kar eləməmişdi”, bunu da dodaqaltı Ülvi mızıldadı.

Səfər yoldaşım restoranın qapısını elə ərklə açdı ki, elə bil yüz ildi tanıdığı yerə gəlib. Qarşısına çıxan ofisianta gur səslə “Futbol başlayıb?” deyə soruşanda üzündən faxırlıq yağan cavan özbək lap yazıqlaşdı. Ülvinin nə dediyini anlamamışdı. Restoranın müdiri ilə də onun söhbəti alınmadı. Müdir iki ayağını bir başmağa dirəyib zalın küngündə divardan asılan televizorda futbola baxmağa icazə vermədi. “Siz nətəhər türksünüz? Türkiyə tarixi bir gün yaşayır. İlk dəfə finala çıxa bilər. Bu gün Braziliyanı udacaq!” sözlərini elə əminliklə dedi ki, türklərin mütləq qələbə çalacağına mən də inandım. Amma müdir yumşalmadı. “Sir-sifətindən Teymurləngin cəlladına oxşayır” deyən Ülvi az qala dava salacaqdı.

Onu sakitləşdirib televizora yaxın masada oturtdum. Ofisiantı çağırıb kabab sifariş verdim, “yarım” araq istədim. Ülvi tamam dilxor olmuşdu. Ac olmasaq da yeyəsi olduq. İkinci rumka süzüləndə ofisiantı çağırdım, daha iki şiş kabab sifariş verib şəstlə dedim: “İndi get o televizoru aç”. Bu sözümü barda qurdalanan yekəqarın müdir də eşitdi. Elə ordanca pultla televizorda futbolu göstərən kanalı tutdu. Beləcə, dörd şiş kabab, yarım litr araq futbolun bağlı qapısını üzümüzə açdı.

Restorandan çıxanda halımız yaxşıydı... Türkiyənin məğlubiyyəti daha vecimizə də deyildi...

***

Çox güman ki, 2012-ci ilin Avropa çempionatı Yunanıstan komandasının kapitanı (özbəkçə “Komandaning sardori” deyirlər) Karaqoinisin soyadı, rusların qapısına vurduğu qələbə topu, bir də şərqlilərə məxsus ədası ilə yadımda qalacaq.

Həm də görünür qan çəkir, Karaqounis də qədim türk tayfasındandı axı, bilmirdiniz? Qaraqoyunludu!

Vahid Qazi


http://vahidqazi.wordpress.com

 


 

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər
20.11.24  11:21

"Bavariya"da itki