Əsl ingilis faciəsi - İngiltərə

Əsl ingilis faciəsi - İngiltərə
AVRO-2012 11 İyun 2012 / 13:53 2866
-  A +

Zaman - 2011-ci il, dekabrın 2-si. Məkan - Kiyev şəhəri. Avro-2012-nin qrup mərhələsinin püşkü atılır. İngiltərə milli komandasının baş məşqçisi Fabio Kapello məmnun görünür. İngiltərənin D qrupundakı rəqibi İsveç, Fransa və Ukrayna olub. Kapello deyir: “Qrupumuzda bütün komandalar yaxşıdır. Biz çempionat zamanı yaşayacağımız yeri yüz faiz dəyişməyəcəyik. Krakov bizi tamamilə qane edir. Ümid edirəm ki, 1/4 finalda biz İtaliya və ya İrlandiya ilə qarşılaşacağıq. B qrupu çox çətindir, çünki Almaniya və Hollandiya çox güclü komandalardır. Ən asan qrup isə A qrupudur. Ancaq biz D qrupuna düşdüyümüzə görə şadıq”.

O vaxt şadyanalıq edən Kapello nə biləydi ki, cəmi ay yarım sonra o, millidən istefa verəcək... Komandanın kapitan sarğısı Con Terridən alınacaq... Frenk Lempard və Harri Keyhil kimi futbolçular zədə səbəbindən çempionata gedə bilməyəcəklər... Cəzalı Ueyn Runi isə Avro-2012-nin iki oyununu ehtiyat oyunçular skamyasından izləyəcək. Bir sözlə, əsl ingilis faciəsi...

Təfsilata varmadan qısaca onu xatırladım ki, İngiltərə Futbol Federasiyasının Con Terrinin kapitan sarğısını irqçilik ittihamı ilə almasına etiraz olaraq Kapello fevral ayında komandadan istefa verdi. Bundan sonra İngiltərə millisi Roy Hocsona tapşırıldı.

Amma ingilislərin itkisi bununla da yekunlaşmadı. Millinin aparıcı futbolçusu Frenk Lempard zədələndi və onun yerini “Liverpul”dan Yordan Henderson tutdu. Çempionata sayılı günlər qalmış daha bir vacib oyunçu - komandanın aparıcı müdafiəçisi Harri Keyhil Belçika ilə yoldaşlıq görüşündə zədələnərək (ingilislər həmin oyunda 1:0 qalib gəldilər) sıradan çıxdı. Qapıçı ilə toqquşan müdafiəçinin çənəsi qırıldı.

Beləliklə, püşkatmadan bəri İngiltərə millisi başından (Kapello), ayağından (Lempard) və çənəsindən (Keyhil) elə bir zərbə aldı ki... Komanda bu itkilərlə bu gün saat 21:00-da qrupdakı rəqibi Fransa ilə ilk oyuna çıxır.
Fransa millisinin üzvü Qael Klişi isə deyir ki, Runinin ilk oyunda meydana çıxmamasının elə də böyük əhəmiyyəti yoxdur: “Çoxları hesab edir ki, Runisiz İngiltərə millisinə qarşı mübarizə aparmaq asan olacaq. Lakin rəqibin heyətində onsuz da kifayət qədər təcrübəli və güclü futbolçular var. Təkcə elə Cerrard və Terrinin adını çəkmək kifayətdir. İngiltərə millisi yetərincə güclüdür və onlara qarşı ilk və ya son turda oynamağın heç bir fərqi yoxdur”.

Futbola hava qədər həssas olan İngiltərə mətbuatı isə yazır ki, millidə komandanı arxasınca aparacaq əsl lider yoxdur. Con Terridən sonra kapitan sarğısına yiyələnmiş Rio Ferdinand və qapıçı Co Xart da komandanı arxasınca aparacaq gücdə deyillər. İngilis mətbuatı onu da yazır ki, xarakterindəki bütün qüsurlarına baxmayaraq millinin lideri ola biləcək futbolçu Ueyn Runidir.

Çox kobud və çılğın hərəkətləri ilə ad çıxarmış Runinin meydanda komanda yoldaşlarının hətta fikirlərini oxumaq kimi bir bacarığının olduğu xüsusi vurğulanır. Runi ilə bərabər hücum xəttinin oyunçusu Aleks Oksleyd-Çemberleynə də bu çempionatda ümid çoxdur...

Nəhayət, bu çempionatda bütün Dumanlı Albionun məsuliyyətini üzərinə götürən Roy Hocson haqda. Onun futbolçu karyerası parlaq olmayıb. Adını məşqçilərin sırasına İsveçrəyə 1996-1998-ci illərdə dünya və Avropa çempionatlarına vəsiqə qazandırandan sonra yazdırıb. İngiltərənin bir çox klublarını çalışdırandan sonra nəhayət, bu il ən böyük arzusuna çatıb. Kapellonun qəfil istefasından sonra İngiltərə millisinə rəhbərlik etmək ona tapşırılıb.

İngiltərənin bu il çempion olacağını deyənlər çox azdır. Ciddi futbol mütəxəssisləri ingilisləri bu yarışın qalibi kimi görmür. Yalnız Bekhem deyib ki, ingilislər çempion olacaqlar. Axı heç kim öz ayranına turş deməz...
UEFA prezidenti Mişel Platininin yerliləri, ikiqat Avropa çempionu (1984 və 2000) Fransa da çoxdandır ideal heyətini tapa bilmir. Fransa Futbol Federasiyası komandanı zəlil günə qoymuş Raymon Domenekdən Avro-2012-nin seçmə oyunları başlayan ərəfədə can qurtardı. Yeni məşqçi Loran Blanın komandada startının içinə Belarus millisi “gül” qoydu. Fransa öz meydanında rəqibə uduzdu. Bundan sonra özünə gələn komanda qrupda ardıcıl 6 qələbə qazandı (üç oyun heç-heçə oldu) və 21 xalla lider oldu.

Tezliklə millidə sağlam mühit yaradan Loran Blan bunun üçün hətta komandaya psixoloqlar da çağırıb. Oyun taktikasına gəlincə isə komandanın əsas hücumçuları Kərim Benzema və Jerami Menezadır.
Fransa millisi bu qrupda favorit sayılır. Baş məşqçi Loran Blan isə bu rəylə razı deyil: “İlk baxışdan qrupda favrotilərdən biri kimi görünə bilərik. Ancaq belə deyil. Oyunçularım eyforiyaya qapılmamalıdır. Bizə ilk görünüşdə olandan daha çətin qrup düşüb. Bu, Avropa çempionatıdır və hər bir rəqib özünə görə güclüdür. Bütün matçlara yüksək səviyyədə hazırlaşmaq lazımdır. Yoxsa 2010-dakı aqibəti yenidən yaşaya bilərik”.

Ukrayna komandasının oyunçuları, itkiləri, şansları barədə ötən saylarımızda geniş bəhs etmişik. Bu gün ev sahibi saat 23:45-də İsveç millisi ilə görüşəcək. Futbol statistikləri İsveç haqda da əslində çox şey bilir. Dünya və Avropa çempionatlarında demək olar ki, mütəmadi iştirak edən İsveç millisi bu dəfə çətin qrupa düşməsinə baxmayaraq çox iddialı görünür. Avro-2012-nin seçmə mərhələsində qrupda Hollandiyadan sonra ikinci yeri tutan isveçlilər bu çempionata turist kimi gəlməyiblər.

İsveç FİFA-nın son açıqlanan reytinq cədvəlində 931 xalla 17-ci pilləni tutub. İsveç 2002-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer almışdı. Bakıda keçirilən oyunda isveçlilər 1:0 hesablı qələbə qazanmışdı. Matçın yeganə qolunu 10-cu dəqiqədə Anders Svensson vurmuşdu. Stokholmda keçirilən cavab görüşündə isə İsveç Henrik Larsson, Zlatan İbrahimoviç və Anders Svenssonun qolları ilə millimizi darmadağın etmişdi.

İsveç millisi tarixi ərzində Avropa çempionatlarına cəmi 4 dəfə qatılıb. İlk dəfə 1992-ci ildə özünün təşkil etdiyi Avropa çempionatında iştirak edən İsveç qrup mərhələsində Danimarka və İngiltərəni udub, Fransa ilə heç-heçə edərək birinci pilləni tutub. Yarımfinalda Almaniyaya uduzan komanda finala çıxa bilməyib.

Avro-2000-də qrupdan çıxa bilməyən komanda (Türkiyə ilə heç-heçə edib, Belçika və İtaliyaya uduzub) 2004-cü ildəki yarışın qrup mərhələsində birinci pilləni tutub (İsveçi udub, İtaliya və Danimarka ilə heçə oynayıb) və 1/4 finalda Hollandiyaya yenilib. İsveç millisi 2008-ci ildə keçirilən sonuncu Avropa çempionatında da qrup səddini aşa bilməyib. Yunanıstanı udan komanda İspaniya və Rusiyaya uduzub.
Baş məşqçi Erik Hamren milliyə daha çox legioner futbolçuları dəvət edib. Milli çempionatın səviyyəsi digər Avropa çempionatlarından zəif olduğu üçün məşqçi yalnız 3 yerli oyunçunu yığmanın heyətinə cəlb edib: Tobias Haysen (“Höteborq”), Par Hanson (“Helsinborq”) və Andres Svensson (“Elfsborq”).

Hücum xəttində isə Zlatan İbrahimoviç (“Milan”, İtaliya), Yohan Elmander (“Qalatasaray”, İstanbul), Tobias Haysen (“Höteborq”, İsveç), Emir Bayrami (“Tvente”, Hollandiya), Ola Toyvonen (“PSV Eyndhoven”, Hollandiya), Markus Rozenberq (“Verder”, Bremen) kimi oyunçular var.
Millidə əsas oyunçulardan biri şübhəsiz ki, “Milan”ın hücumçusu Zlatan İbrahimoviçdir. Bundan başqa İngiltərə “Blekbern”inin müdafiəçisi Martin Olsen də bu çempionatda öz sözünü deməlidir. Onu İsveç millisinin parlayan ulduzu hesab edirlər.

Kimin ulduzunun parlayacağını bu axşam görəcəyik. Gözünüz göydə yox, ekranda olsun...

Nazim SABİROĞLU,
"Yeni Müsavat" qəzeti


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır