“Mətbuatla daha sıx əməkdaşlıq qurmağa çalışırıq”

“Mətbuatla daha sıx əməkdaşlıq qurmağa çalışırıq”
XƏBƏR 5 Oktyabr 2011 / 14:59 1913
-  A +

Jurnalistlərin dəqiq informasiya üçün müraciət etdikləri ünvan təbii ki, müxtəlif qurumlarının mətbuat xidmətləridir. Onların işi mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onlarla əlaqə qurmaqdır. Bəzən bu ünsiyyət alınır, bəzən isə jurnalistlər çətinliklə üzləşir. Əslində, bu haqda mətbuatda çox yazılıb, mətbuat xidmətləri rəhbərləri ilə çox müsahibələr gedib.
Bu dəfə isə müsahib kimi tam başqa bir sferanın – idman aləminin təmsilçisini seçdik. 
Son illər Avropada qazandığı uğurlarla Azərbaycan xalqının qəlbində özünə yer tapan “Qarabağ” futbol klubun mətbuat xidməti işini hansı səviyyədə qurub? Bu və digər suallara cavab tapmaq üçün mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova müraciət etdik.

 
– Bu gün bir çox jurnalist mətbuat xidmətlərinin fəaliyyətindən narazıdır. Çünkü mətbuat xidmətləri jurnalistlərə müsahibə verməkdən boyun qaçırırlar. Bəzən klublardan da narazılıq olur, onlar rəhbərliyin icazəsi olmadan danışmırlar. Bu nə dərəcədə doğrudur?

– Deməzdim ki, bizdə vəziyyət belədir. Biz istənilən məsələ ilə bağlı jurnalistlərə açıqlama verə bilərik. İdman sahəsində çalışan mətbuat xidmətlərindən fərqli olaraq, ictimai, sosial və başqa sahələrin mətbuat xidmətlərinin açıqlamaları adətən bəyanat xarakteri daşıyır. Amma futbol klublarının mətbuat xidmətləri elə deyil. Yəni mənim və həmkarlarımın açıqlama verməsi üçün rəhbərlikdən icazə alınmır. Gündəm çox intensiv olduğuna görə və qəzetlərin, saytların artması ilə əlaqədar hamı ilə eyni zamanda münasibət qurmaq olmur. Məsələn, bir futbolçuya gün ərzində bir neçə qəzet və sayt zəng vurur.
Birinə müsahibə verib, o birisinə verməyəndə inciklik yaranır. Belə olduğu zaman ən operativ və hamını razı salacaq yol klubun mətbuat xidmətinin rəsmi sayt vasitəsilə futbolçunun müsahibəsi və açıqlamasını yaymaqdır.

– Amma buna baxmayaraq, bəzi futbol klublarının mətbuat xidmətlərindən də narazılar az deyil. Sizcə bunun səbəbi nədir?

– Bunlar sadəcə münasibətlərin düzgün qurulmamasından irəli gəlir. Məsələn, şəxsən bizim mətbuat xidməti bu gün hardasa 30-35 mətbu orqanla daim münasibətdədir və onlarla daha sıx əməkdaşlıq qurmağa çalışırıq.
Şəxsi münasibətlər iş prinsipində rol oynamır. Yəni hansısa saytda mənim dostum işləyirsə, bu o demək deyil ki, özəl xəbərləri onlara verməliyəm. Ən önəmlisi isə budur ki, əgər sən işində düzsənsə, dürüst və səmimisənsə o zaman sənin açıqlama verməndə heç bir problem olmamalıdır. Bununla yanaşı fikirləşirəm ki, açıqlama verməmək, çəkinmək, eyni mövqe tutmamaq hər zaman problem olaraq qalacaq.

– Ölkədə futbolun durumu heç də yaxşı deyil. Uğurlarımız az olur. Azdan-çoxdan “Qarabağ” komandası müsbət nəticə verir. Necə düşünürsüz. “Qarabağ” komandasını digər komandalara örnək hesab etmək olarmı?

– Əslində sualınız olduqca genişdir. Bilirsiz, biz 3 ildir Avroliqada uğurlu çıxışlar edirik. 10 mərhələ oynamışıq. Bu da 10 fərqli ölkə və 10 fərqli mədəniyyət deməkdir. Demək olar ki, hər il bir nəhənglə oynamışıq. Futbolun spesifik mədəniyyətə malik olduğunu məhz “Rusenborq”, “Tvente”, “Visla”, “Borussiya”, “Brügge” kimi komandalarla qarşılaşanda şahidi olursan.
Dünyanın ən nəhəng klublarından biri olan “Borussiya” (Dortmund) Almaniyada supermarketi xatırladan 2 mərtəbəli fan-şopu var. Bəlkə də Azərbaycanda elə bir nəhəng supermarket yoxdur. Bizimlə oyunöncəsi mağazada insanlar alver etmək üçün növbəyə düzülmüşdü. Onlar sevimli komandalarının atributlarını əldə etməklə eyni zamanda klublarına xeyir verdiklərinə görə sevinirlər. Amma bu gün Azərbaycan kulublarının sponsorları bir qəpik belə qazanc götürmürlər. Bizdə Azərbaycan çempionatda oyuna giriş pulsuz olur. Avrokubok oyunlarında biletlər 1 manata satılır. Bu da nisbi qiymətdir. Amma Avropada biletlərin ən ucuz qiyməti 25 avrodan başlayır. Deyək ki, dünya səviyyəli Almaniya çempionu Azərbaycana gəlir. Biletlər isə satılır 1manata. Bizdə 1manatı qıyıb bilet almırlar. Kiməsə görə bu çox pul sayıla bilər. Ancaq 2 manatı tuma sevə-sevə xərcləyirik. Avropada həftəsonu istirahəti sevimli komandasının oyununu izləməkdir. Atributların satışı ilə yanaşı klub azarkeşlərin həftəsonu istirahətini maksimum təmin edir. Məsələn, restoran, kafe və başqa iaşə obyektləri ilə. Əvəzində sevdiyin komanda sənin həyat tərzinə çevrilir və sən komandanın uğuru və kədəriylə birgə yaşayırsan. Biz də isə futbolun sadəcə uğurlu anı var. Bizim futbola bağlılığımız 90 dəqiqəlik oyunun nəticəsidir. Və ona görə də Azərbaycanın Avropada tək uğurlu klubu kimi “Qarabağ”ın olması “1 güllə bahar olmaz” deyimini yada salır. Artıq, elə vəziyyət yaranıb ki, hər kəs mövsümün sonunda “Qarabağ”ın Avrokubokdakı çıxışlarını gözləyir. İlin qalan fəslində isə bizim üçün futbol elə də maraqlı olmur.

– Bəlkə biz futbolu yetərincə sevdirə bilmirik?

– Azərbaycan premyer liqası hazırda SSRİ-də Rusiya, Ukraynadan sonra 3-cü yerdədir. Yetərincə ciddi faktdır. Əvəzində Rusiyada, Ukraynada klublar həm iqtisadi, həm də idmanda uğur qazansalar da, ölkəmizdə təəssüf ki, sadəcə, “Qarabağ”ın ümidinə qalmışıq. Qeyd etdiyim ki, futbolda o zaman uğur qazanmaq olar ki, o sənin həyat tərzin olsun. 2009-cu ildə Ağdamın işğal gününə təsadüf edən “Rusenborq”la oyunumuzda biz qələbə qazanmışdıq. O qələbəyə kimi biz hansı yollardan keçmədik? Norveçdə baş tutan ilk oyundan öncə hər kəs bizim 6-7 qol buraxacağımızı deyirdi. Hamı bizdən əlini üzmüşdü. Dünyaca ünlü “Rusenborq”un önündə yerli futbolçularla çıxmışdıq. Bizi bu siyasətimizə görə tənqid edirdilər. Amma “Qarabağ” ruhuyla, mənəviyyatıyla bütünləşdi. Həmin oyun 0:0 başa çatdı. Bu, artıq qələbəyə bərabər heç-heçə idi. Oyun sonra paltardəyişmə otağında hər kəs sakit idi. “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl komandaya 2-3 kəlimə söz deyə bilmədi. Kövrəldi və otağı tərk etdi. Biz o zaman “Qarabağ”ın tam böyüdüyünü anladıq. Hələ cavab oyunu tam başqaydı. Ağdam işğal gününə təsadüf etdiyinə görə hər kəs ikili duyğular keçirirdi. Həm qorxu var idi, həm də heç vaxt dadmadığımız inam hissi. Və Rəşadın vurduğu o qol...Çox sentimental bir məqam idi. Yəni ağlayan kim, dua edən kim. “Qarabağ” Azərbaycana bu qələbələri ilə gündəm gətirdi. 3 ildə 10 mərhələ oynamışıq və minimum hər il 2 mərhələ keçmişik. Bu isə Azərbaycan üçün böyük bir nailiyyətdir. “Qarabağ” bunu pulla, bahalı legionerlərlə deyil, düzgün və inamlı siyasətiylə qazandı. Yəni, “Qarabağ” göstərdi ki, pul hər şey demək deyil. Azərbaycan hər zaman fərqli idman növlərində uğur qazanıb. Məsələn güləş, karate, boks. Bir voleybolda müəyyən uğurlarımız var. Orda isə heç azərbaycanlı yox idi. Bizə qədər “Rusenborq” kimi güclüylə qarşılaşan olmamışdı. Amma biz qələbə qazansaq da, buna görə təkəbbürlənmədik. Sadəcə ürəyimizlə mücadilə edirdik. Ağlayanlar, dua edənlər, bir sözlə, hər kəs bu inam ətrafında birləşmişdi. Bu gün bizim bu cür uğurlarımız, qələbələrimiz, bizdəki bu inam hissi, bu ruh, mənəviyyat bizi digər komandalardan yaxşı mənada daha çox fərqləndirir. Buna görə də hamı hər zaman “Qarabağ”dan nəticə gözləyir. Biz bu futbola bu sevgini gətirdik. Artıq, Azərbaycanda bir “Qarabağ” etalonu var. Buna rəğmən Azərbaycanda yenə də azarkeş qıtlığı var. İnsanlar stadiona getmək istəmir. Gələnlər isə azyaşlılardır . xaricə isə stadiona hər bir kəs öz ailəsi ilə gəlir.

– Futbolumuzla jurnalistikamız səviyyəsi arasında fərq böyükdür?

– Mən deyərdim ki, aralarında heç bir fərq yoxdu. Hər ikisi bir-birinin güzgüsüdür. Gərək bu yöndən jurnalistikanın da səviyyəsi qalxsın. Almaniyada “Kikker”, İtaliyada “Gazzetta dello Sport” öz futbolunun səviyyəsini göstərir. Bizim idman jurnalistikasının səviyyəsi ilə Almaniyanın, İtaliyanın jurnalistikasının səviyyəsi eyni deyil. Bunu təkcə maddiyata da bağlamaq olmaz. İşini sevmək heç də pulla ölçülmür. O sevgini ki, işə qoymadın, ondan uğur gözləmək çox çətin olur. Biz Avropaya gedəndə oyunlarda o cür peşəkarlığı gördüyümüz zaman həmin an anlayırıq ki, biz niyə ordayıq, onlar niyə ordadırlar.
Futbolun sadəcə oyun olmadığını mətbuat da göstərməlidir.
Bu mənada, başa düşürük ki, futbolun inkişafında mətbuatın da rolu önəmlidir.

– “Qarabağ” komandasının uğurları xarici mətbuatda necə qiymətləndirilir?

– İdman ən güclü təbliğat vasitəsidir. Dediyim kimi, biz son 3 ildə 10 ölkədə olmuşuq. Məsələn, Norveçdə Azərbaycanı belə çətinliklə tanıyırdılar. O ki qaldı Azərbaycanın Qarabağ kimi bir problemindən xəbərləri ola. Bütün ölkələrdə “Qarabağ” həqiqətlərini tanıtdırmaq əsas qayəmiz olub. Erməni lobbisinin çox güclü olduğu Hollandiyada və Belçikada belə “Qarabağ” həqiqətlərinin göstərilməsinə müsbət yöndə böyük işlər gördük. Norveçdə, Finlandiyada və oyunlar keçirdiyimiz digər Avropa ölkələrinin mətbuatı doğma rayonu işğal olunmuş komandayla qarşılaşmalarını, Ağdamın işğal olunması faktını xüsusi qeyd edirdi. Bu, artıq bizim qələbəmiz idi. Təsəvvür edirsiz, bu ermənilərə zərbə olurdu. Üstəlik, “Qarabağ” adlı komandanın uğurlu çıxış etməsi bəlkə də onların 20 illik təbliğatına böyük zərbə vurdu. Avropanın ən məşhur turist mərkəzlərindən olan Belçikanı Brüj şəhərində rəsmi görüş zamanı şəhər meri bizi qəbul etdi. Klubumuzun rəhbərlərindən Fevzihan Aras Qarabağ həqiqətləri fonunda “Qarabağ”ın missiyasını elə incəliklə anlatdı ki, mer və “Brügge” rəhbərləri heyrətlərini gizlədə bilmədilər. Brügge isə Avropada turist qəbul edən 2-ci böyük şəhərdir. Biz orda Qarabağdan, onun işğalından danışanda onlara çox qəribə gəlirdi. Çünkü ilk dəfə idi ki, onlar Azərbaycanın belə bir problemi olduğunu eşidirdilər. Onların da beynində həkk olundu ki, Qarabağ nə deməkdir.

– İdman jurnalistlərinin ən operativ fəaliyyəti stadionda olur. Onlar necə işlərin öhdəsindən gələ bilirlərmi?

– Stadionlarımız Avropa standartlarına uyğun deyil. Avadanlıqlar SSRİ dövründən qaldığından yeni tikilənlərlə uzlaşmadığından problemlər yaranır. Problem də fərdlərdən də qaynaqlanır.
Təəssüf ki, peşəkar futbol jurnalistləri azdı.
Əksəriyyəti işini sonradan ümumi fonda nəsə yazmaqla bitmiş sayır. Oyunlara cəmi 2 jurnalist gəlir. Əyalətdəki matçlarda isə onlara da rast gəlmirik. Amma Avropaya baxanda onların stadionlarında ən azı 60-70 nəfər jurnalist olur. Təbii ki, müqayisə uğursuzdu. Amma cidanı cuvalda gizlətməklə bir şey dəyişmir. Bilirsiz bunu başa düşmək də olar. Avropada idman yazarlarının əksəriyyəti sabiq futbolçular olur. Belədə onlar işlərinə daha həssas yanaşa bilirlər. Amma 10-15 ildən sonra yeni yetişən mətbuat o zaman bu gündən qat-qat güclü olacaq.

Mənbə: "525-ci qəzet"


Son xəbərlər