"Bakı"nın futbolçusu yeni "imic"də

"Bakı"nın futbolçusu yeni "imic"də
ÖLKƏ FUTBOLU 5 Aprel 2011 / 12:48 2745
-  A +

"Bakı" futbol klubunun uşaq və yeniyetmə futbolçular üçün nəşr etdirdiyi "Toplu Bakı" jurnalının hədəfinə komandanın ən təcrübəli simalarından biri, moldovalı müdafiəçi Vadim Borets düşüb. Qol.Az həmin yazını təqdim edir:

Gimnastika, üzgüçülük və futbol…

"Moldovada anadan olmuşam. Ukrayna ilə sərhəddə, Donduşeni rayonunun Baromonovka kəndində. Valideynlərim ukraynalıdı. Onlar tələbə olduğu zaman ailə həyatı qurduqları üçün məni kənddə nənəmin yanında saxlamışdılar. Dil açanda nənə və babama ata və ana deyə müraciət edirdim. Elə bilirdim ki, valideynlərim onlardır. Dörd yaşım olanda  onlar məni öz yanlarına Kişinyova  apardılar.

Ora köçəndən sonra atam istəyirdi ki, mən gimnast olum. Birinci sinifdə altı ay gimnastikaya getdim. Elə o vaxt məktəbimizin yanında böyük üzgüçülük kompleksi açılmışdı. Oradan gəlib sinfimizdən mənimlə birgə bir neçə uşağı seçdilər. Bir müddət üzgüçülüklə də məşğul olandan sonra atama dedim ki: “mən futbola getmək istəyirəm”. Peşman deyiləm ki, o vaxt bu qərara gəldim.

Atam məni “Nistru”nun olimpiya rezervi üzrə xüsusiləşdirilmiş uşaq-idman məktəbinə, Valentin Fyodoroviç Falomeyevin yanına apardı. Bütün yayı region üzrə yeniyetmələr arasında təşkil edilən müxtəlif turnirlərdə iştirak etdik. Belarusiyanın Svetlaqorsk şəhərindəki turnirdə ən yaxşı yarımmüdafiəçi seçildim, Ukraynanın Lvov şəhərində keçirilən yarışda isə komanda hesabında üçüncü yer tutduq. Mütəmadi olaraq bütün yaş qrupları üzrə milli komandalarda oynadım. 

Kuryoz debüt

İlk peşəkar müqaviləmi 16 oktyabr 1992-ci ildə “Zimbru” ilə beş il müddətinə bağladım.  Sonradan klub “Nistru” adlandırıldı. Debütüm çox kurioz alındı. Üç cüt butsım vardı. Böyük səbirsizliklə oyuna çıxacağım günü gözləyirdim. Matç öncəsi  gecə, hər üç butsımı ayaqqabı mazı ilə təmizləyib, yatağımın altına qoydum. Səhər yuxudan duranda o qədər həyəcanlı idim ki, oyun üçün ləvazimatlar olan çantanı götürəndə butsılarımı oraya yerləşdirməyi unutdum. Onlar bazadakı otağımda qaldı. 

Klubun avtobusu ilə oyunun keçiriləcəyi stadiona çatanda yadıma düşdü ki, butsılarımı unutmuşam. Özümü itirmədim. Cəld komanda yoldaşlarıma sakitcə yaxınlaşaraq vəziyyətdən çıxmağım üçün kömək istədim. Kim isə ayağıma 3 ölçü böyük olan butsı tapdı ki, onları geyinim.  Baş məşqçimiz indi “Şaxtyor”da ikinci məşqçi kimi çalışan Aleksandr Fyodoroviç Spiridon bu hadisədən xəbər tutmadı.

Amma oyunda elə bərbad oynadım ki, bu unudulmaz oldu. Demək olar ki, qaça bilmirdim. Fikirləşirdim ki, indi onlar ayağımdan çıxacaq və baş məşqçi hər şeyi biləcək. Həmin oyunda 1-2 hesabı ilə uduzduq.

“Zimbru”da unudulmaz mövsümlər keçirdim. “Tottenhem”, “PSV” , “Herta”ya qarşı tarixi oyunlarda 90 dəqiqə meydanda olmuşam.  


"Bakı" yolu

Müqavilə şərtlərinə əsasən, “Şerif”ə məxsus olsam da, icarə əsasında Polşanın “Qrotslin” klubunda oynayırdım. Əvvəlcə işlərim o qədər də yaxşı getmirdi. Mövsümün sonunda isə mən orada əsas heyət oyunçusu sayılırdım. Onlar qalmağımı istəsələr də, qayıtdım evə.

Bu ərəfədə “Neftçi” tərəfindən təklif gəldi. Düzünü desəm, ilk öncə buranı seçəndə düşündüm ki, burada oynamaq asan olacaq və mən hamıdan seçiləcəyəm. Gəlib tam başqa mənzərənin şahidi oldum.

Burada heyətlərində yaxşı legioner futbolçular olan klublar var. Təəccübümü bir kənara qoyub, var qüvvəmlə çalışmağa başladım. Xoşbəxtəm ki, mənim işlərim burada alındı. “Birlik kuboku”nu qazandıq. Çempionatda ikinci və üçüncü yerləri tutduq.

Sonra keçdim “Bakı”ya. Üç ilə yaxındır ki, buradayam.

Əla rəhbərlər...

Həm “Neftçi”də, həm də “Bakı”da bəxt üzümə gülüb. Futbolçu, məşqçi və rəhbərlik baxımından hər ikisində mükəmməl kollektiv olub. Hər iki klubun rəhbərliyində düzgün, sözünü tutan adamlar çalışır. Belə adamlarla çalşdığım üçün özümü şanslı futbolçu hesab edirəm.

Hafiz Məmmədovun xətrini çox istəyirəm. O həmişə bizim yanımızdadır, hər zaman futbolçusuna dəstək verib. Ona görə də, bu inama cavab vermək, təşəkkür etmək üçün yaxşı oynamaq lazımdır. O bizdən yalnız bunu istəyir. Bunu tək mən demirəm. Hamı bunu bilir.

“Birlik kuboku”

Hərdən mətbuatda “Birlik kuboku”nun heç bir faydasının olmadığını deyirlər. Mən bununla qəti razı deyiləm. Ona görə yox ki, mən bu turnirdə bir neçə dəfə qalib olmuşam. Ona görə ki, bura futbolçunu yoxlamaq üçün poliqondur.

Bu əla turnirdir. Hər bir omanda, heyətindən asılı olmayaraq, qalib gəlmək üçün oynayır. Burada rəqiblər təlim-məşq toplanışında oynadığımız rəqiblərdən heç də zəif deyil. Onda niyə bunu pisləyək, Son illər onun şöhrəti azalsa da, bu yarış post-sovet məkanının ən böyük turniri adını qoruyur.

Təşəkkür...

6 ildir buradayam. Azərbaycan futbolu inanılmaz dərəcədə dəyişib. Futbola pul qoyan adamlara əhsən demək lazımdır. Götürək elə bizim bazanı: Burada 400-ə yaxın uşaq və yeniyetmə futbolla məşğul olur. Yüzlərlə adam işlə təmin edilib. Bu xalq üçündür. Heç bir iş adamı bunu özü ilə apara bilməz.

Bu baza hələ əlli il, bəlkə də yüz il xalqa xidmət edəcək, insanları sağlam həyat tərzinə yönləndirəcək. Rəhbərlər insanlara bu sahədə özünü göstərməsi üçün şans yaradırlar. Hafiz Məmmədov, Mübariz Mənsimov, Cahanğir Hacıyev və başqaları futbol naminə çox vacib işlər görürlər. Allah da onlara bunun əvəzində daha çox imkan verəcək.

Uşaq futboluna bu qayğı qarşılıqsiz qala bilməz. Bu uşaqların içində yetişən futbolçular üçün qapılar açılır. Onlara verilən şansdan yararlanıb, Avropaya getmək, ildən ilə daha asan olacaq. Bu həm klub, həm də milli komandalar səviyyəsində baş tutacaq. Göstərin özünüzü, əziz uşaqlar!

Bu şansı qaçırmayın.

Sadəlik...

Mən oynadığım komandada perspektiv vəd edən, iki baş digərlərini üstələyən  uşaqların çoxu axırda futbolçu ola bilmədilər. Səbəb isə özündən razılıqdır. Kim ki çox vaxt kölgədə qalır, çalışırsa, sonda bunun “mükafatını” alır.

Sadə olmaq lazımdır. Bu nədən xəbər verir? Qeyri-adi səslənsə də, əsas heyətə düşməyən, zədələnərək kənarda qalan uşaqlara demək istəyirəm ki, ruhdan düşməyin, çalışın. Sizin vaxtınız çatacaq. Gözləmədiyiniz anda məşqçi sizi çağırıb, ümüdini sizə yönəldəcək.

Hər şey öz əlinizdədir. Bu gün əsas heyətdə oynayan yoldaşına təslim olma, rəqabət apar. Öz üzərində yorulmadan işləsən onu üstələyə bilərsən.

Şərəf tribunası... 

Milli komanda mənim üçün bir şərəf tribunasıdır. Vəzifəsindən asılı olmayaraq, hər bir vətəndaş ölkəsini təmsil edirsə, o, bu xalqın simasına çevrilir. Birinci bunu dərk etmək lazımdır.  2003-cü ildə evdə  Hollandiyanı udduq. 2006-cı ildə səfərdə  İtaliya ilə əla oynadıq. 2:1 uduzsaq da, qol ötürməsi verdim. Marçello Lippi bizi yaman tərifləmişdi".

Daha çox


Son xəbərlər