Elxan Abdullayev: “İnter”ə nifrət edirəm”

Elxan Abdullayev: “İnter”ə nifrət edirəm”
ÖLKƏ FUTBOLU 8 Oktyabr 2010 / 17:53 3232
-  A +

“İnter” və millinin keçmiş məşqçisi Elxan Abdullayev “Çempion-Azərbaycan” qəzetinin bugünkü sayına verdiyi müsahibədə sabiq klubunun ünvanına sərt ittihamlar səsləndirib. Müsahibəni təqdim edirik.

“Millimizin Avstriyanı məğlub edəcəyinə inanmıram”

“Proqnoz verməyi xoşlamıram. Real baxanda millimizin Avstriyadan xalla dönməsi çətin görünür. Mən inanmıram ki, komandamız səfərdə Avstriyanı məğlub etsin. Lakin ümid edirəm ki, heç olmasa, 1 xalla geri dönməyi bacaracaqlar. Çünki Avstriya güclü rəqibdir. Bununla belə, qəbul edək ki, onlar Almaniya gücündə də deyillər”.

“İnter”in gələcəyini görmürəm”

“İnter”dən ayrılandan sonra demişdim ki, bu klubun gələcəyini görmürəm. Heç bu cür gedişlə onların ilk “üçlük”də olacaqlarına da inanmıram. Çempionatın geridə qalan turlarında “Gəncə”yə məğlub olması, “Muğan”a çətinliklə də olsa qalib gəlməsi, “İnter”ə yaraşmayan hallardır. Məncə, “İnter” bu cür oynamamalıdır”.

“Vaxt varkən Sxadadzeni komandadan çıxarmaq lazımdır”

“O vaxt da demişəm, indi də təkrar edirəm ki, Kaxaber Sxadadzenin başçılığı altında o komanda heç nə əldə edə bilməyəcək. Vaxt varkən, Sxadadzeni komadadan çıxarmaq lazımdır”.

“Gürcüstandan məşqçi gətirməyi özümə ayıb bilərəm”

“Mənə maraqlıdır, nəyə görə “İnter”ə ancaq legionerlər gəlir? Bəlkə, Azərbaycanda yerli mütəxəssis yoxdur? “İnter”lə “Simurq” ölkədə yeganə klublardır ki, indiyə qədər yerli məşqçi ilə işləməyiblər. “İnter”lə müqayisədə “Simurq”da vəziyyət, ümumiyyətlə, acınacaqlı idi. Bu komandada indiyə qədər köməkçi məşqçilər də xarici idilər. Ancaq bu il ilk dəfə Böyükağa Ağayev köməkçi məşqçi kimi Zaqatala klubuna gətirildi. Bəlkə, yerli məşqçiləri komandalarına götürməyi özlərinə ar bilirlər? Düzdür, mən Haciyevskiyə heç nə deyə bilmərəm. Çünki adlı-sanlı məşqçidir, samballı komandalarda da işləyib. Amma əgər vaxtınız olanda Sxadadzenin avtobioqrafiyasına baxın. O nə nəticə qazanıb, harada işləyib? “Olimpi”, “Sioni” ilə çempion olub. Gürcüstanda bu cür nəticələr qazanmaq çox asandır. Sadəcə olaraq, ayıbdır! Rəhbər olsaydım, ümumiyyətlə, Gürcüstandan məşqçi gətirməyi özümə ayıb bilərdim. Gürcüstanda heç vaxt məşqçi olmayıb. İndiyə kimi oradan düz-əməlli məşqçi çıxdığının şahidi olmamışam. Yalnız iki məşqçi var ki, onlar da təzə-təzə inkişaf edirlər. Temuri Ketsbaya və Şota Arveladzeni çıxmaq şərtilə başqa heç bir samballı məşqçilərini görməmişəm. Bu iki mütəxəssis Avropa futbolunun məktəbini görmüş insanlardır. Məsələn, “Turan” gedib Revaz Dzodzuaşvilini gətirib. Bizdə bu cür məşqçilər çoxdur. Gətirəndə də normal məşqçi gətirmək lazımdır. Vinfred Şefer və Berti Foqtsu gətirirlər. Bunlar heç olmasa, adlı-sanlı futbol biliyi olan mütəxəssislərdir. Səviyyəli klub və komandalarda işləyiblər. Ona görə bunlara artıq söz deməyə adamın dili gəlmir”.

“Ketsbaya Azərbaycandakı gürcüləri milliyə çağırmamaqda haqlıdır”

“Gürcüstanda futbolçu həddən artıq çoxdur. 700-ə yaxın legioneri var. Onların da əksəriyyəti səviyyəli çempionatlarda oynayır. Temuri Ketsbayanın Azərbaycan çempionatındakı yerlilərini milliyə çağırmamasının səbəbini başa düşürəm. O qədər güclü futbolçular olan yerdə nəyə görə bizim çempionatdakıları milliyə götürməlidir? O demir ki, Azərbaycan çempionatında oynayanları pis futbolçu olduqlarına görə çağırmır. Sadəcə olaraq, Ketsbaya özü futbolçu olub, futbolçu gözü ilə baxır və burada oynayanlardan da güclüləri olduğundan milliyə məhz həmin oyunçuları  dəvət edir”.

“Kaxaber Sxadadzeyə uğur arzulamıram”

“Mən heç kimə paxıllıq etmirəm. Amma bu cür məşqçi ilə, oyunla “İnter”in “üçlüy”ə düşəcəyi inandırıcı görünmür. Bu komandada işləmişəm. Yəni hər zaman daha yaxşı yerlərdə olmalarını istəyərdim. Bugünkü gündə Kaxaber Sxadadzeyə uğur arzulamıram. Futbolçularla bir yerdə çalışdığımdan heç olmasa, onların özlərinə görə komandanın yaxşı yerdə olmasını istəyirəm. Normal çıxış etmələri daha yaxşı olar”.

“Bu komandada heç kim nə iş gördüyünü bilmir”

“İnter”də işləməyimə baxmayaraq, artıq bu komandaya nifrət edirəm. Mən bu komandada 3 il canla-başla işlədim. Hər zaman daha yaxşı yerlərdə olması üçün can qoyurdum. Amma bu klub mənə heç medal, mükafat vermədi. Məni heç mükafatlandırma mərasiminə çağırmadılar. “İnter”in prezidenti Georgi Nikolova zəng edib, deyirəm ki, “mənim medalım haradadır?” Mənə cavab verir ki, “Sənə medal çatmadı”. Deyir: “Heç mənim özümə də medal çatmadı”. 35 medal paylanılıbsa, necə mənə medal çatmayıb? Mən də onlara misal çəkmişəm ki, güldüyünüz klubları özünüzə örnək götürün. Həmişə güldüyünüz “Bakı” necə peşəkar klub olduğunu nümayiş etdirdi. Ötənilki baş məşqçisini Türkiyədən Bakıya gətirib onu mükafatlandırma mərasiminə dəvət edir. özü də o, türk idi, medalını verdilər və necə lazımdırsa, Türkiyəyə də yola saldılar. Mən burada, Bakıda ola-ola heç biri zəng edib deməyib ki, “Ay Elxan müəllim, sən burada əziyyət çəkmisən”. Bəlkə, Georgi Çixradze, Kaxaber Sxadadze Azərbaycan futbolu üçün Elxan Abdullayevdən daha çox iş görüblər? Bu komandada heç kim nə iş gördüyünü bilmir”.

“İnter” kənardan səviyyəli klub kimi görünür”

“İnter”dən ayrılandan sonra mənə heç nə vermədilər. Düzdür, “vermirəm” də demirlər. “Bu gün-sabah” deyib, uzadırlar. İndi pulu kənara qoyaq, çünki pulu xərcləyirsən, gedir. Pul gəldi-gedərdir. Amma o medalı qazanmaq hər adama nəsib olmur. İndiyə qədər neçə medalım varsa, hamısı evdə asılıb. Hamısını yadigar kimi saxlayıram. Azərbaycan vətəndaşıyam, ölkə çempionu olmuşam, bu medal kolleksiyamda çatışmır. Bizim komandadan keçən il ən azı 13 futbolçu gedib. Kimlər alıb o medalları? Medalı verməmələri mənə çox pis təsir etdi. çox komandalarda işləmişəm, amma “İnter” kimisini görməmişəm. “İnter” kənardan stabil, səviyyəli komanda kimi görünür. Amma səviyyəli klub bu cür hərəkət etməzdi. Onlar ilk növbədə özlərinə hörmət etmirlər, qaldı ki, mənə hörmət etsinlər”.

“İnter” azərbaycanlılar üçün yaranmayıb”

“İnter” azərbaycanlılar üçün yaranmayıb. Yəqin ki, bu klub xarici insanlar üçün yaradılıb. Elə adı da uyğun gəlir. Yeganə azərbaycanlı məşqçi mən idim ki, mənə də medal çatmadı. Hərdən komandadan çıxarılan adamlar, qorxduqlarından heç nə danışmırlar. Kimdən qorxmalıyam ki? Gürcüdən? Heç kimdən qorxmuram. Yeri gəlsə, sözümü hər yerdə çıxıb deyərəm. Düz deyiblər, balıq başdan çürüyər”.

“Yeddi dil bilən adam Azərbaycanda iş tapmır”

“Savadlı adam heç vaxt işsiz qalmır. Mənim 40 yaşım var. Almaniyada məşqçi kurslarını bitirmişəm. Milli komandalarda iş təcrübəm var. Yeddi dil bilən adam Azərbaycanda iş tapmır. Sizcə, bu, gülməli deyil? Güclü məşqçilərimiz indi kənardadırlar. Onların əvəzində isə Sxadadzelər, Pokoralar, Dzodzuaşvililər işləyirlər. Klublarımızda bizə yer yoxdursa, gedib başqa ölkələrdə işləyərik. Adamı buna məcbur edirlər. Hörmətli prezidentimiz İlham Əliyev hər zaman azərbaycanlı güclü mütəxəssisləri ölkəmizə çağırmağı göstəriş verib. Amma bəzi insanlar bunun əksini edərək, bilikli mütəxəssisləri ölkədən uzaqlaşdırırlar. Bu, hər bir sahədə belədir. Ramiz Məmmədov, Ağasəlim Mircavadov, Yunis Hüseynov, Əsgər Abdullayev, Vaqif Sadıqov və mən, bəlkə, savadsız məşqçilərik? Bəlkə, biz Dzodzuaşvili, Sxadadzedən zəif məşqçiyik? Mən demirəm ki, burada ancaq yerli məşqçilər işləsinlər. Xarici də gəlsin, amma eləsi gəlsin ki, biz də ondan nəsə öyrənə bilək. Mən içki düşkünü olan Pokoradan nə öyrənə bilərəm? Yoxsa Sxadadzedən nəsə öyrənim? Bir fiti də yoxdur, bütün hərəkətləri əlləri ilə göstərir. Bu məşqçilər ölkəmizə elə-belə gəlmirlər. Onları kimlərsə Azərbaycana çağırır. Mən onlarda təqsir görmürəm. O da görür ki, havayı qazancdır, gəlir. Onları bura gətirənlərdən tələb etmək lazımdır ki, həmin məşqçiləri ölkəmizə gətirməsinlər. Bəlkə, başqa işlər üçün ölkəmizə gəlirlər”.

“İnter”in bir avtobusu yoxdur, 25 legioner saxlayır”

“Necə olur ki, “İnter” 2004-cü ildən bəri bir avtobus ala bilmir. Amma oradan-buradan məşqçilər gətirir, 25 legioner saxlayır. Yaxşı, bəs buna necə gücü çatır? “Simurq”dan isə ümumiyyətlə, danışmağa dəyməz. Bu komanda yaranandan orada masajçıdan tutmuş baş məşqçiyə kimi hamısı “xaxollar” idilər. özü də Pokora kimilər Ukraynada ancaq ikinci liqada işləyə bilər. Nəyə görə bu vaxta kimi “Simurq”da heç olmasa, köməkçi məşqçi azərbaycanlı deyildi. İndi də “Xəzər Lənkəran”da, “Qəbələ”də köməkçi məşqçilər kimi də azarbaycanlı saxlamırlar? Mən özümə iş taparam. Lazım olsa ölkədən gedib, xaricdə fəaliyyət göstərə bilərəm. Sadacə olaraq, adamın ürəyi yanır. Axı bizdə işini bilən, güclü məşqçilər var. Nəyə görə onlar bu saat işsiz evdə oturmalıdırlar. Yaxşı məşqçi gəlsin, pul qazansın. Buna iki əllə razıyıq. Hətta ona özümüz də köməklik edərik. Amma ölkəmizə gələn məşqçinin ən azı PRO lisenziyası olmalıdır. Orada müxtəlif şərtlərə də yer verilməlidir. Məsələn, ölkəmizə gələn məşqçi hansısa millidə və yaxud da səviyyəli klublarda işləməlidir. Amma bizdə bu cür deyil axı”.


Son xəbərlər
23.07.25  14:39

Ferqyuson "Roma"da

23.07.25  10:17

"Sumqayıt"da ayrılıq