“Neftçi”dən “Xəzər Lənkəran” və azarkeşlərə etiraz

“Neftçi”dən “Xəzər Lənkəran” və azarkeşlərə etiraz
ÖLKƏ FUTBOLU 26 Sentyabr 2010 / 18:00 3363
-  A +

Unibank Premyer Liqasının 7-ci turu çərçivəsində Lənkəranda keçirilən “Xəzər Lənkəran” - “Neftçi” oyununda baş verən qalmaqala paytaxt klubunun da münasibəti məlum olub. Qol.Az-ın məlumatına görə, “ağ-qaralar” cənub təmsilçisinin rəhbərliyinin, futbolçularının olaylara görə bütün günahı bakılı azarkeşlərin üzərinə atmasına etiraz edir. Bununla bağlı Qol.Az saytına daxil olmuş klubun bəyanatında bildirilir ki, “Xəzər Lənkəran” - “Neftçi” matçından öncə meydan sahibləri qonaq komanda üçün həqiqətən də gözəl şərait yaradıb: «Komandamız üçün xüsusi avtobus ayırmışdılar. Hansı ki, oyundan bir gün öncə komandamızın arenaya məşqə getməyə, həmçinin oyun günü stadionda, stadiondan öz avtobusumuzun olduğu yerə qədər bütün səfərlərimizi məhz “Xəzər Lənkəran” klubu təşkil etdi. “Neftçi” PFK olaraq, belə qonaqpərvərliklərinə görə, qarşı tərəfə öz minnətdarlığımızı bildiririk. Bildiyiniz kimi, bu, daha çox ötən ilki olayların təkrarlanmamasına xidmət edirdi. Çünki ötən mövsüm Lənkərandakı qarşılaşmalardan birindən sonra bizim avtobusumuz yerli fanatlar tərəfindən daş-qalaq edilmişdi, ciddi ziyan vurulmuşdu. Belə halın təkrarlanmaması üçün də “Xəzər Lənkəran” öz avtobusunu bizə vermişdi ki, heç olmasa, buna görə azarkeşləri ciddi olaylar çıxarmasınlar. Lakin çox təəssüf ki, dünən keçirilən oyun zamanı da xoşagəlməz halların yaranmasının şahidi olduq. Bizi ən çox məyus edən məqam isə meydan sahiblərinin baş verən olaylara görə, bütün günahı və məsuliyyəti “Neftçi” azarkeşlərinin üstünə atması oldu. Halbuki qalmaqalın yaranmasına məhz yerli fanatların klubumuzun bayrağını yandırması oldu. Oyunun ilk dəqiqələrindən etibarən hər iki klubun azarkeşlərinin bir-birinə qarşı müxtəlif şüarlar səsləndirməsi hardasa normal qarşılana bilər. Düzdür, lənkəranlı tərəfdarların hətta bəzən təhqirə yol açan şüarlar səsləndirməsinə baxmayaraq, belə halların derbi oyunlarına xas olduğunu nəzərə alıb, bunu problemə çevirmirik. Lakin dünənki qalmaqalın yaranmasında əsas qığılcım rolunu oynayan “Neftçi” PFK-nın bayrağının yandırılmasını heç də adi hal kimi qarşılamaq olmur. Hər kəsə bəllidir ki, bayraq müqəddəs sayılır və “Xəzər Lənkəran” azarkeşlərinin bu hərəkətini klubumuza qarşı bir təhqir kimi qəbul edirik. Elə yaranan qarşıdurmaya da bu məqam səbəb oldu. Yəni bizim azarkeşlərin orda qalmaqal yaratmağa çalışdığı haqda iddialar həqiqəti əks etdirmir.
Digər tərəfdən 200 azarkeşin 15 minlik yerli fanat qarşısında hansısa artıq-əskik hərəkət etməsinin iddia olunması da inandırıcı görünmür. Çünki onlar xüsusi təyinatlı dəstənin üzvləri yox, adi azarkeşlər idi. Bir sözlə, dünənki olaylara görə, bütün məsuliyyət və günahın “Neftçi” tərəfdarlarının üstünə atılmasının həqiqəti əks etdirmədiyi göz qabağındadır. Əksinə yerli fanatlar hətta “Xəzər Lənkəran”a məxsus olan, amma komandamızı aparan avtobusa da daş və digər əşyalar atmaqla, olay çıxarmaqda daha maraqlı olduqlarını isbatlamış oldular. Yəqin ki, həmin izlər hələ də avtobusun üzərində qalır və bunu “Xəzər Lənkəran” rəsmiləri də etiraf edə bilər.
Oyundan öncə “Neftçi”yə AFFA, PFL və Hakimlər Komitəsi tərəfindən kömək edildiyi, komandamızın çempionluğuna çalışıldığı haqda yersiz iddialar da ortalığa atılmışdı. Ancaq göründüyü kimi, bu, heç də belə deyil və komandamız məğlubiyyətlə də barışmalı oldu. Bütün bu yersiz və gülünc iddialara rəğmən, “Neftçi” PFK Azərbaycan futbolunun inkişafı yolunda düzgün yolda olduğunu düşünür. “Xəzər Lənkəran”a məğlubiyyəti faciəyə çevirmirik. Qarşıda bizi uzun marafon gözləyir və yenidən öz uğurlu oyunumuzu sərgiləyib, liderliyimizi bərpa edəcəyimizə inanırıq”.

 

Daha çox


Son xəbərlər