Həmişə “İnter” futbolçularının, klub rəsmilərinin bir narazılığı var idi ki, “Azərbaycanda heç kim “İnter”i sevmir”. Hətta bir müddət əvvəl “bankirlər”in gürcüstanlı qapıçısı Georgi Lomaya da bu fikirləri səsləndirmişdi. Etiraf edək ki, bu fikir həqiqətən də əbəs yerə səslənməyib. Çünki futbol ictimaiyyəti arasında da bu komandaya ögey münasibət var. Əksər futbol mütəxəssislərimiz, nədənsə, bu komanda haqqında danışmaq, fikir bildirmək istəmir. Elə “İnter” - “Lex” oyunu öncəsi Əfqan Talıbovla əlaqə saxlayarkən, o da “İnter”, onun oyunu barədə danışmaq istəməmişdi. Heç azarkeşlər də bu klubun oyununa maraq göstərmirlər. Özünüz də gördünüz ki, “Lex”lə oyunun startına 10 dəqiqə qalmasına baxmayaraq, Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarına cəmi 5000-ə yaxın azarkeş toplaşmışdı. Nəzərə alaq ki, matça giriş də pulsuz idi. Ancaq iki həftə öncə girişin pullu olduğu “Qarabağ” - “Metallurq” matçında tribunalar az qala ağzınacan dolu idi. Bəs bunun səbəbi nədir, Azərbaycanda “İnter”i niyə sevmirlər? Mən də bunu araşdırmağa çalışacağam.
Kimə lazımdır belə futbol?
Öncə elə “Lex”lə qarşılaşmadan başlayaq. Oyundan sonra keçirilən mətbuat konfransında “İnter”in gürcüstanlı baş məşqçisi jurnalistlərdən narazılığını dilə gətirdi və onları qınadı. Səbəb də o idi ki, qələm əhli niyə onun rəhbərlik etdiyi komandanı tənqid edir? Gürcü hətta belə bir fikir də səsləndirib ki, “Məgər biz kənd komandasına uduzmuşuq?” Birincisi, cənab Sxadadze sizin rəhbərlik etdiyiniz komanda evdə məzmunsuz oyun ortaya qoyub, müdafiədə uşaq səhvi buraxaraq məğlub olursa, biz nəyi tərifləməliyik? 120 kiloluq Poşkusun özünü tərpədə bilməməsini? Azərbaycanda “Muğan”, “Turan”, “Standard” kimi komandalara qənim kəsildiyi halda, “Lex”in müdafiəçiləri önündə tir-tir titrəməsini? Rəqibin Lomayanın qucağından topu “oğurlayıb” qol vurmasını? Çertoqanovun topu itirib sonra rəqibi yıxmaqla təhlükəli nöqtədə qayda pozuntusuna yol verməsini? Zlatinovun ayağı əsə-əsə vurduğu kor-koranə zərbələri? Kruqlov və Mjavanadzenin boş-boşuna ora-bura qaçmasını? Bunları tərifləməliyik? Sxadadze deyir ki, oyun ərzində bir çox real qol imkanları oldu. Görəsən, Sxadadze özünü uşaq yerinə qoyub, ya bizi? Real epizod harada oldu ki, biz görmədik? Əgər gürcünün fikrincə, hər qapıya yaxınlaşan hücum real qol epizodu sayılırsa, o zaman mənim deməyə sözüm yoxdur. Real qol epizodu odur ki, ya top dirəkdən qayıdır, ya müdafiəçilər onu qapı xəttindən çıxarırlar, ya onbirmetrlik cərimə zərbəsi qaçırılır, ya futbolçular boş qapını dəqiq nişan ala bilmirlər, ya da qapıçı “yüz faizlik” topu qaytarır. Yoxsa, “İnter” kimi cərimə meydançasının xəttinə kimi gedib, topu itirmək nə vaxtdan real imkan sayılıb? Gələk Sxadadzenin “kənd komandası” söhbətinə. Məgər sizin kimi əcnəbilərə bu qədər pullar xərclənir ki, çıxıb ancaq kənd komandalarını udasınız? O zaman sizi neynirik, kənd komandalarını elə öz məşqçilərimiz də udar da. Sizlərə o qədər pullar verib buraya gətiriblər ki, çıxıb məhz “Lex” kimi komandaları məğlub edəsiniz. Hələ biz daha güclü komandalardan danışmırıq. Əsl peşəkar məşqçi səhvini boynuna alıb, ondan nəticə çıxarar, yoxsa “biz kənd komandasına uduzmamışıq” deyib özünə bəraət qazandırmaz. Onu da nəzərə alın ki, bəlkə də, sizdən az məvacib alan Qurban Qurbanov ötən mövsümdə “Rusenborq” kimi komandanı keçib, “Tvente” ilə başabaş mübarizə aparmışdı.
Kimə lazımdır bu komanda?
Bu sual ətrafında həqiqətən də fikirləşmək lazımdır, özü də ciddi. Doğrudan da hazırkı strategiyanın sahibi olan “İnter” bizə, yəni Azərbaycan futboluna lazımdırmı? Məsələn, “Xəzər Lənkəran” məğlub olanda da ciddi tənqidlərə məruz qaldı. Elə mən özüm də bu haqda yazı yazmışdım. Amma düşünürəm ki, “Xəzər Lənkəran” kimi komanda Azərbaycan futboluna lazımdır. Hətta bu komanda məğlub durumda olarkən, azarkeşlər “istefa” şüarlarını səsləndirəndə, ürəyimə qorxu dolu bir narahatlıq gəlir ki, birdən Mübariz Mənsimov bezib klubu buraxar. Bu zaman Azərbaycan futbolu çox şey itirəcək. İlk növbədə o boyda cənub bölgəsi futbolsuz, stadion, baza boş qalacaq. Eyni sözləri “Qarabağ”, “Qəbələ”, “Simurq” haqqında da demək olar. Allah eləməmiş, bu klublardan biri dağılsa, Azərbaycan futbolu çox şey itirəcək. Amma “İnter” olmasa, mənim fikrimcə, Azərbaycan futbolu heç nə itirməyəcək. Axı, niyə də itirməlidir? Bazası yox, stadionu yox, azarkeşi yox, Azərbaycan futboluna fayda verəcək strategiyası yox. Deyək ki, 5 ildən sonra klubun “Şəfa” ilə icarə müqaviləsinin də müddəti başa çatdı və həmin arena daha sərfəli qiymətə başqasına ya satıldı, ya da icarəyə verildi. Arenanın yeni sahibi isə “İnter”lə yeni müqavilə bağlamadı. O zaman nə olacaq? Komanda küçədə qalacaq? Bu gün “Xəzər Lənkəran”, “Bakı”, “Qəbələ”, “Neftçi” kimi klubların özlərinə məxsus bazaları var. Amma “İnter”in belə bir bazası yoxdur. Bu fakt da artıq öz təsdiqini tapdı ki, Azərbaycanda heç kim “İnter”ə azarkeşlik etmək istəmir. Bu komanda ölkənin ən iddialı, ən varlı, 2 dəfə çempion adını qazanan klubudur. Amma yenə də azarkeş toplaya bilmir. Elə “Lex”lə oyun göstərdi ki, heç avrokubok yarışlarında da “bankirlər”in oyununa gələn yoxdur. Baxmayaraq ki, giriş pulsuz idi. Əslində, bütün bunları başa düşmək elə də çətin deyil. Axı, azarkeş gəlib kimə baxsın? 11 legionerə? Artıq dəfələrlə səslənib ki, böyük əksəriyyət “İnter”i heç Azərbaycan klubu kimi qəbul etmir. Adından tutmuş, heyətinə qədər. Klubun adı əcnəbi, prezidenti əcnəbi, baş məşqçisi əcnəbi, seleksiyaçı məşqçisi əcnəbi, futbolçuları əcnəbi, texniki heyəti əcnəbi. Hətta yadımdadır, o vaxt “Turan”ın baş məşqçisi “İnter”i əcnəbi komanda adlandırarkən bu klubun o vaxtkı baş məşqçisi Anatoli Konkova replika ilə “Konkov Ukraynadan qayınanasını da gətirsin, o da aşpaz işləsin” ifadəsini işlətmişdi. Sizcə, Azərbaycan azarkeşi bu komandanın nəyinə azarkeşlik etməlidir? Əgər “Lex” önünə çıxan 11 nəfərin hamısı qeyri-azərbaycanlıdırsa, mən o komandanın nəyinə azarkeşlik etməliyəm? Sxadadzenin start heyətində şans verdiyi 11 oyunçunun 4-ü gürcü idi və hamısı da 90 dəqiqə oynadı. Bu nə deməkdir? “İnter” məgər Gürcüstan yığmasıdır? Mjavanadze oyunu çox bərbad şəkildə keçirdiyi, vurulan qolda birbaşa günahkar olduğu halda, nəyə görə sonacan meydançada qalmalıdır? Bu qədər səviyyəsiz oyun göstərən və meydançada Azərbaycanın adı üçün canını qoymayan bir komanda mənim nəyimə lazımdır? Hər kəs gördü ki, Nizami Hacıyev meydançaya daxil olandan sonra necə mübarizə apardı, meydançada necə can qoydu. Çünki azərbaycanlıdır, özündə müəyyən məsuliyyət hiss edirdi. Amma əcnəbilərin çox elə vecinədir ki, “İnter” qalib gəldi, ya yox. Halbuki komandanın baş məşqçisi Kaxaber Sxadadze və prezidenti Georgi Nikolov verdikləri açıqlamalarda növbəti mövsümdən etibarən “İnter”də azərbaycanlı futbolçuların sayının daha çox olacağını demişdilər.
Onsuz da Bakını təmsil edən “Neftçi” və “Bakı” kimi klublar var və bu da kifayət edir. Əgər bir klubda, həmin klubun təmsil etdiyi ölkənin vətəndaşı özünü əcnəbi kimi hiss edirsə, o komanda mənim üçün elə əcnəbi klubdur. Əgər Azərbaycan futboluna fayda vermək istəyirsinizsə istiqamətinizi, tutduğunuz yolu dəyişin. O qədər xərc çəkib uşaq komandalarını xaricə turnirlərə göndərib, sonra onlara əsas heyətdə yer verməyəcəksinizsə və həmin uşaqlar da futbolu atacaqsa, o zaman bizə də belə xeyir lazım deyil.
Anar XANLAROV,
“Çempion-Azərbaycan” qəzeti
"Napoli" müdafiəçi aldı
Azərbaycan güləşçilərindən 1 qızıl, 1 bürünc medal
Morata İtaliya klubuna keçəcək
"Portu"dan "Feyenoord"a - Rəsmi
"Atletiko"nun futbolçusu "Trabzonspor"a keçir
Millimizin sabiq üzvü bu kluba keçdi
"Çempionlar Liqasının finalını idarə etməyi arzulayıram" - Azərbaycanlı FİFA referisi
PSJ-nin qapıçısı "Milan"a keçə bilər
"Mançester Yunayted" bu hücumçunu transfer etdi
"Mançester Siti"nin yeni formaları - Şəkillər
Ozan Canlı "Volendam"dan heç-heçə
Azərbaycan millisindən 2 qızıl, 1 gümüş medal
Olimpiya çempionu 44 yaşında vəfat etdi
"Barselona" tarixinin yeni rekordu
"Real" onu göndərir
"Liverpul" Ekitike üçün nə qədər ödəyəcək?