"Azərbaycanlı oyunçular dalaşanda əsəbimə toxunur" – Tərlan Əhmədov

"Azərbaycanlı oyunçular dalaşanda əsəbimə toxunur" – Tərlan Əhmədov
ÖLKƏ FUTBOLU 28 Aprel 2018 / 18:52 3967
-  A +

“Bu, komandaya gəldiyimdən bəri ən pis oyunumuz idi. Rəqibi təbrik edirəm. Çox istəkli idilər. Onların itirəcək heç nəyi yox idi. Bacardıqları qədər çox xal toplamağa çalışırlar. Əsas diqqəti isə kuboka yönəldiblər. Buna görə bir qədər sərbəstdirlər. Bizim komandanın üzərində isə təzyiq var. Komandada istək görmədim. Bizə dəstək verən insanlardan üz istəyirəm. Qarşıda 3 oyunumuz var. Çalışacağıq ki, bu oyunlardan maksimum nəticə ilə ayrılaq”.

Qol.az-ın məlumatına görə, bu sözləri Topaz Premyer Liqanın 25-ci turunda “Keşlə”yə 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi”yə hər iki qol başla vuruldu. Sizcə, “ikinci mərtəbə” komandanın ən zəif yeri deyil?

- Standart vəziyyətlər həmişə çətin olur. Tək biz yox, hamı üçün belədir. Bir də deyirəm, istək hər şeyi həll edir. Rəqib səndən daha istəklidirsə, daha yaxşı nəticə qazanacaq.

- Oyun ərzində daha çox Mirabdulla Abbasova etiraz edirdiniz. Ümumiyyətlə, hücum xəttindən razısınız?

- Son oyunlarda qalib gəlsək də, qolları yarımmüdafiəçilər və ya müdafiəçilər vurur. Hücumçular fərqlənə bilmir. Ola bilsin, arxayınlıq da bunda rol oynayır. Qolların çoxunu yarımmüdafiəçilər vurursa, hücum xəttindən razı qala bilmərəm.

- Ruslan Abışov Vaqif Cavadova təpik atdığı epizoddan sonra iki futbolçu arasında gərginlik yaşandı. Daha sonra siz də məsələyə müdaxilə etdiniz...

- Vaqif futbolçudur. O, mənim əlimin altında oynayıb. Onunla mübahisə etmirdim, sakitləşdirirdim. Futbol kişi oyunudur. Danışmaq nəyə lazımdır? Mən niyə onunla dava etməliyəm? Ona artıq-əskik heç nə deməmişəm. Orda hər nə olubsa, mənə maraqlı deyil. Ruslan təpik atıb, hakim “sarı”sını verib. Əsas budur. Bir də deyirəm, mən ona artıq-əskik heç nə deməmişəm. İki azərbaycanlı oyunçu dalaşanda, mənim əsəbimə toxunur. Düzdür, ehtiyat oyunçular skamyasına yaxınlaşdı, mən də ona “boş ver, oyununu oyna” dedim.

- Düşünmürsünüz ki, “Neftçi”nin oyunçuları bu gün bir qədər aqressiv idi. Xüsusilə, Derlis Meza Kolli...

- Meza Kolli kimi hər oyuna istəklə çıxan futbolçu aqressiv olmalıdır. O, uduzmağı sevmir. Çox istəyərdim ki, bu səhvləri mənə qalib gəldiyim oyunlarda deyəsiniz. Ancaq mən qalib gəldiyim zaman heç kim mənə belə suallar vermirdi. Təəssüf ki, uduzan kimi bu cür suallar verilir. Futbolda aqressiyanın da öz yeri var.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır