Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!
Azərbaycan futbolu tarixində bəzi qalmaqallı mövsümlər olub ki, bu günə qədər də onların barəsində danışılır. Məsələn, haqqında ən çox danışılan 1996-97-ci il mövsümüdür. Məhz həmin mövsümdən sonra xeyli müddət “Neftçi” ilə “Qarabağ”, eləcə də AFFA arasında soyuqluq yarandı, az qala bir-birilərinə qarşı düşmən münasibətdə oldular. Bəs əslində nə baş vermişdi?
Anormal qərar
1996-cı ilin yayı Azərbaycanın yeniyetmə və gənclər futbolunda dönüş ili oldu. Həmin ilə kimi əvəzedicilər arasında ölkə çempionatı keçirilmirdi. Komandalar daha çox zonalar üzrə öz aralarında oynayırdılar. 1996-cı ildə ilk dəfə aşağı yaş qrupları üzrə Azərbaycan çempionatı keçirməyə qərar verdi. Özü də iki yaş qrupu üzrə: 1980-81 (əvəzedici heyətlər) və 1982-83-cü il təvəllüdlü futbolçular arasında. Əslində bunun özü çox yaxşı hal idi. Çünki federasiya faktiki pərakəndə olan bütün uşaq komandalarını vahid çempionat altında birləşdirdi, onların hər birini UEFA-dan gələn formalarla, toplarla təmin etdi. Amma qəbul edilər bir qərar hamını şoka saldı. Söhbət mövsümün sonunda uşaq komandalarının topladığı xalların əsas komandaların topladığı xalların üzərinə gəlinməsi idi. Yəni AFFA belə qərar qəbul etdi ki, cüclülər dəstəsində qalib məhz bu yolla elan ediləcək. Yekunda qalmaqal yaradan da bu məsələ oldu. Belə ki, çempion “Neftçi” olsa da, aşağı yaş qruplarıın xallarının hesabına AFFA “Qarabağ”ı çempion elan etdi. Lakin UEFA AFFA-nın bu seçimini tanımadı və çempion kimi “Neftçi”ni tanıdı. Ümumilikdə isə həmin mövsüm bu iki komanda arasında amansız mübarizə getdi. Düzdür, çempionatda “Xəzri”, “Turan”, “Kəpəz”, “Sumqayıt” kimi iddialı komandalar da var idi. Lakin əsas və amansız mübarizə məhz bakılılarla ağdamlılar arasında getdi.
Mircavadovun gedişi, Abbasovun gəlişi və Əzimovun transferi
Mövsüm öncəsi “Qarabağ”da əsas diqqət çəkən məqam baş məşqçi dəyişikliyi oldu. Belə ki. Ağdam klubu komandaya ilk çempionluğunu qazandırmış təcrübəli Ağasəlim Mircavadovla yollarını ayırdı. Onun yerinə isə Elbrus Abbasov baş məşqçi təyin olundu. Abbasov da “Qarabağ” üçün yad sima deyildi. Əslən ağdamlı olan Abbasov futbola da elə burada başlayıb sonradan “Neftçi”yə keçmişdi. Hətta 1988-ci ildə “Qarabağ”ın yaranmasında onun da müstəsna əməyi olmuşdu. Abbasov əslində Mircavadovun qurduğu heyətdə ciddi dəyişiklik etmədi. Onun ən diqqətçəkən transferi “Neftçi”dən Mais Əzimov oldu. Həmin dövrlər Mais “Neftçi”də heç də pis çıxış etmirdi və əsas heyət üzvlərindən sayılırdı. Onun mövsüm öncəsi rəqib düşərgəyə keçidi gərginliyin əsasını qoydu. Qış transfer dönəmində isə “Kür Nur”dan əslən ağdamlı olan Ramiz Məmmədov da komandaya cəlb olundu.
Yenilənmiş “Neftçi”
UEFA kubokunda Bolqarıstan “Lokomotiv”inə məğlub olaraq (2:1, 0:6) mübarizəni dayandıran bakılılar bütün diqqətlərini növbəti mövsümə yönəltdi. “Qarabağ”dan fərqli olaraq “Neftçi”də heyət daha köklü surətdə dəyişdi. Aparıcı futbolçulardan Vyaçeslav Lıçkin Türkiyədən (“Trabzonspor”) təklif aldığından qonşu ölkəyə yollanmağa üstünlük verdi. Vladimir Tuayev Rusiyaya getdi. Yuxarıda qeyd etdiyimiz kimi, Mais Əzimov “Qarabağ”a keçdi. Aparıcı futbolçulardan Mehman Yunusovla Vüqar İsmayılov doğma “Sumqayıt”a qayıtdılar. Təcrübəli qapıçı Rauf Salamov da düşərgəni tərk etdi. Gənc Rauf Mehdiyev isə yeni yaranmış “Fərid”ə keçdi. Hətta komandanın kapitanı Yunis Hüseynov da getməyə qərar vermişdi. Lakin son anda fikrinin dəyişərək “Neftçi”də qaldı. Gedənlərin yerinə isə yeni transferlər oldu. Azad Mutəllimov, Ceyhun Tanrıverdiyev, Ədəhim Niftəliyev, Mahmud Qurbanov, Musa və Qurban Qurbanov qardaşları və qapıçı Xaliq Qafarov “Neftçi”nin yeni transferləri oldu. Bir sözlə, gələnlər gedənlərin yerini doldura biləcək səviyyədə idi. Rəsmi sənədlərdə komandanın baş məşqçisi kimi Asif Əliyevin adı yazılsa da, faktiki bu vəzifəni Kazbek Tuayev icra edirdi.
“Qərb sindromu”
Mövsümə “Neftçi” iddialı başladı. Tək bir faktı deyək ki, “ağ qaralar” ilk 9 turdakı bütün oyunlarda qələbə qazandılar ki, bu qələbələrin də 6-sı böyük hesablı oldu. Komandanın qollarının yarısına isə o dövrün ən güclü hücum tandemi sayılan Qurban Qurbanov-Samir Ələkbərov imza atmışdı. Bakılılar ilk dövrədə yalnız Qərb təmsilçiləri ilə oyunlarda çətinlik yaşadılar. Komanda ilk xal itkisi ilə Gəncədə üzləşdi. “Kəpəz”lə oyun 1:1 hesabı ilə başa çatdı. İlk məğlubiyyət isə Tovuzda yaşandı. “Neftçi” “Turan”a 0:1 hesabı ilə məğlub oldu. “Qarabağ”la oyunda isə hesab açılmadı.
“Neftçi”dən fərqli olaraq “Qarabağ”ın xal itkiləri daha çox oldu. Məsələn, komanda elə 2-ci turda Gəncədə “Kəpəz”ə 1:3 uduzdu. Ardınca “ev”də “Turan”a da 1:2 məğlub oldular. Maraq üçün qeyd edək ki, həmin oyunda “Qarabağ”ın qapısına ikinci qolu o vaxt 17 yaşı olan və yeni-yeni parlayan Nadir Nəbiyev vurmuşdu. Ağdamlıların 6-cı turda autsayderlərdən olan “Polis Akademiyası” ilə səfərdə 0:0 oynaması isə əsl sensassiya oldu. Hansı ki, “Neftçi” bu komandanı 5:0 hesabı ilə məğlub etmişdi. Məhz bu xal itkiləri ağdamlıları bakılılardan geri saldı.
Tuayevin aranı qatan qərarı
Qış fasiləsində isə yaşanan qalmaqal nəinki “Neftçi”ni, bütün Azərbaycan futbolunu silkələdi. Halbuki hər şey “Neftçi” üçün yaxşı gedirdi. Məsələn, Vidadi Rzayev ilin futbolçusu seçildi. Komanda özü qış fasiləsinə lider kimi yollanmışdı. Lakin Kazbek Tuayevinani qərarı hər şeyi dəyişdi. Belə ki, təcrübəli mütəxəssis millidə işləmək istəmədiyi üçün istefa verdi. Bununla da əsas diqqətini “Neftçi”yə yönəltdi. Onun bu qərarı AFFA-nın o vaxtkı prezidenti Fuad Musayevin xoşuna gəlmədi. Bundan sonra paytaxt klubuna təzyiqlər başladı. İlk olaraq Tuayevin məşqçilik lisenziyası əlindən alındı. Bu isə o demək idi ki, o, nəinki “Neftçi”ni, heç bir klubu çalışdıra bilməzdi. Paytaxt klubu ilə federasiya arasında qarşıdurma başladı. “Neftçi”yə təzyiqlər bununla bitmədi. Ardınca Fuad Musayev “Birlik Kuboku”na hazırlaşan komandanın qarşısında tələb qoydu: Ya Moskvaya Tuayevsiz gedirsiniz, ya da heç getmirsiniz. 
Vəziyyətin qəlizləşdiyini görən “Neftçi” başa düşdü ki, Musayevlə kəllə-kəlləyə gəlməyin yeri yoxdur. Odur ki, komandaya yeni baş məşqçi lazım idi. “Neftçi” rəhbərliyinin seçimi də maraqlı oldu. Onlar yayda “Qarabağ”dan ayrılan Ağasəlim Mircavadovu baş məşqçi vəzifəsinə gətirdilər. Bu isə o demək idi ki, ikinci dövrə daha prinsipial keçəcək. Bu arada yaşananlar “Birlik Kuboku”ndakı nəticələrə də təsir etdi: “Neftçi” keçirdiyi hər üç oyunda məğlub olaraq qrupda qaldı. Qış fasiləsində Ədəhim Niftəliyevlə Azad Mütəllimov da komandadan ayrıldılar. Əvəzində Elnur Qəmbərovla gənc Həbib Ağayev heyətə cəlb olundu. Mövsümün əvvəlində “Neftçi”də iki oyuna çıxan və sonradan “Kür Nur”la transfer məsələsində razılığa gəlinmədiyi üçün Mingəçevirə qayıdan Musa Qurbanov da yanvarda komandaya qoşuldu.
Sona qədər sürən liderlik
Bütün bu yaşananlara və təzyiqlərə baxmayaraq, “Neftçi” ikinci dövrənin startından mövsümün sonuna kimi liderliyi heç kimə vermədi. Halbuki fasilədən sonra keçirdiyi ilk oyundaca ortabab “Fərid”in müqavimətini qıra bilmədi – 0:0. Hiss olunurdu ki, qış fasiləsində yaşananlar komandanın oyununa təsir edib. Düzdür, “Neftçi” “Fərid”dən sonra səfərdə Bərdə “Pambıqçı”sını 4:0 hesabı ilə məğlub elədi. Lakin ardınca yenə ard-arda iki oyunda xallar itirdi. Öncə autsayder OİK-lə sensasiyalı 0:0 hesabı qeydə alındı. Halbuki “Neftçi” ilk dövrədə bu komandanı 9:0 hesabı ilə məğlub etmişdi. Ardınca “Xəzri”nin də müqavimətini qırmaq mümkün olmadı – 1:1. Bununla da “ağ qaralar” ikinci dövrənin ilk 4 turunun 3-də xal itirmiş oldu. Özü də bu rəqiblərin ikisi çempionatda heç bir iddiası olmayan komandalar idi. Bütün bunlardan sonra hər kəsdə belə fikir formalaşmağa başladı ki, bakılılar sonrakı turlarda da xal itirərək liderliyi əldən verəcəklər. Çünki qarşıda “Kəpəz”, “Turan”, “Qarabağ”, “Sumqayıt” kimi iddialı komandalarla daha ağır oyunlar olacaqdı. Özü də OİK və “Xəzri”dən sonra “Neftçi”ni “Kəpəz”lə ağır oyun gözləyirdi. Gözlənilirdi ki, bakılılar həmin matçda da xal itirib liderliklə də vidalaşacaq Lakin toparlanan “Neftçi” Xaqani Məmmədovun idarə etdiyi matçda Qurban Qurbanovun dublu sayəsində çox vacib qələbə qazanmağı bacardı. Bununla da komanda “qara zolağı” tərk etdi və qələbələri sıraladı. Hətta ilk dövrədə uduzduğu “Turan”ı da Bakıda 2:0 hesabı ilə məğlub etdi.
Əslində “Neftçi”nin liderliyinin mövsümün sonuna qədər davam etməsində “Qarabağ”ın özünün də günahı oldu. Bakılıların ikinci dövrənin əvvəlində ard-arda gələn xal itkiləri fonunda ağdamlılar uğurlu çıxış edərək liderliyə yüksələ bilərdilər. Lakin Elbrus Abbasovun komandası da vacib xallar itirdi. Ağdam klubu ikinci dövrənin ilk matçında “Xəzri”yə 0:1 hesabı ilə uduzdu. Ardınca səfərdə “Sumqayıt”a da eyni hesabla məğlub oldular. Məhz bu məğlubiyyətlər onlara “Neftçi”nin xal itkilərindən yararlanıb liderliyə yüksəlməyə imkan vermədi.
Beləliklə, mövsümü 1-ci yerdə “Neftçi” bitirdi. Bakılılar 74 xal topladı. 2-ci pilləni tutan “Qarabağ” isə 71 xal yığdı. Lakin uşaq komandalarında “Qarabağ” üstün oldu. Bu klubun 1980-81-ci il təvəllüdlü komandası öz çempionatında 2-ci pilləni tutdu. Heyətində Rəşad Sadıqovun da yer aldığı 1982-83-cü il təvəllüdlü komanda isə çempion oldu. “Neftçi”də isə 1980-81-ci illər, ümumiyyətlə medal qazana bilmədi. 1982-83-cü il təvəllüdlü komanda isə 3-cü yeri tutdu. Yekunda “Qarabağ”ın “balacalar”a görə bonus xalı 15, “Neftçi”nin isə 10,5 oldu. Bu xallar da əsas komandalarının xallarının üstünə gəlincə, “Qarabağ”ın xalı 86, “Neftçi”nin xalı isə 84,5 oldu. Bununla da AFFA Ağdam klubunu çempion elədi. Lakin yuxarı da qeyd etdiyimiz kimi, UEFA AFFA-nın bu qərarını qeyri-ciddi qəbul edərək Çempionlar Liqasına “Neftçi”ni buraxdı.
Tərlan Əhmədova “06” qazandıran mövsümün oyunu
Bu oyunu xüsusi təqdim etməyə qərar verdik. Söhbət ikinci dövrədə baş tutan “Qarabağ” – “Neftçi” matçıdır. Hansı ki, mövsümün oyunu hesab olunurdu. Komandaların turnir cədvəlindəki mövqeyi heç nəyi əks etdirmirdi. Hər ikisinimn qarşısındakı tək hədəf qələbə idi. Bununla həm də bir-birlərinə kimin güclü olduğunu sübut etməliydilər. Oyun may ayının 17-də Sumqayıtdakı “İnşaatçı” stadionunda baş tutdu. Matçın hakimi isə Xaqani Məmmədov idi. Oyunda hesabı “Neftçi” açdı. 27-ci dəqiqədə Vidadi Rzayev fərqləndi. Lakin 32-ci dəqiqədə Tərlan Əhmədov cərimə zərbəsindən gözəl qol vuraraq hesabı bərabərləşdirdi. Fasilədən sonra isə üstünlüyü ələ alan “Qarabağ” 66-cı dəqiqədə Müşviq Hüseynovun qolu ilə önə keçdi və bu üstünlüyünü sona qədər qoruyaraq prinsipial oyundan qələbə ilə ayrıldı. Oyunla bağlı maraqlı bir məqama da toxunmaq istəyirik. Həmin oyundan qabaq “Qarabağ”da president olan Adil Nadirovla Tərlan Əhmədov arasında maraqlı şərt kəsilib. Nadirov Əhmədova əli ilə “06” markalı maşına göstərərək deyib ki, “Neftçi”yə qol vursan, o maşının təzəsini alacam sənə.
Qeyd etdiyimiz kimi, Tərlan da “Neftçi”yə qol vurmağı bacarır. Nadirov isə verdiyi sözü tutur.
“Qarabağ”ın güclü olduğunu sübut edən faktlar
Düzdür, UEFA haqlı olaraq AFFA-nın seçimini qəbul etmədi və çempion kimi “Neftçi”ni tanıdı. Hətta sonradan “Qarabağ” klubu özü də həmin çempionluqdan imtian elədi. Lakin turnir cədvəlini bir kənara qoysaq, faktlar həmin mövsüm “Qarabağ”ın “Neftçi”dən güclü olduğunu göstərir. İlk növbədə ona görə ki, Ağdam klubu mövsüm boyu “Neftçi”yə uduzmadı. Səfərdə 0:0 oynadı, “ev”də isə 2:1 qalib gəldi. Bununla da mövsüm boyu “ağ qaralar”dan 4 xal alan yeganə komanda oldu. Bundan başqa, “Qarabağ” kubokda da “Neftçi”dən üstün oldu. Belə ki, 1996-97-ci il mövsümünün ölkə kubokunun 1/4 finalında da bu iki komanda bir-birinə rəqib oldu. 1997-ci il aprelin 9-da Tofiq Bəhramova adına Respublika stadionunda keçirilən ilk oyunda “Neftçi” rəqibini 3:2 hesabı ilə məğlub etsə də, aprelin 22-də Sumqayıtdakı “İnşaatçı” stadionunda keçirilən cavab matçında 1:0 hesablı ilə qələbə qazanan “Qarabağ” yarımfinala vəsiqə qazanmışdı.
Bunlar maraqlıdır
1996-97-ci il mövsümündə “Neftçi” keçirdiyi 30 çempionat oyununda 98 qol vurmuş, öz qapısından 20 top buraxmışdı. “Qarabağ” isə rəqib qapılarından 61 top keçirib, öz qapısından 26 top buraxmışdı. Çempionatda ən azı qol buraxan komanda isə “Turan” olmuşdu. Bu komanda 30 tura cəmi 13 top buraxmışdı ki, bu da iki oyuna bir topdan da az edirdi. “Neftçi” mövsüm ərzində OİK-i 9:0, U-18-i iki dəfə 7:1, “Pambıqçı”nı (Neftçala) 7:2, “Şəmkir”i 5:0, “Polis Akademiyası”nı 5:0, “Bakı Fəhləsi”ni 6:1, “Viləş”i 7:1 kimi hesablarla məğlub etmişdi. “Qarabağ” isə yalnız “Polis Akademiyası”nı evdə 6:1, U-18-i və “Şəmkir”i səfərdə 4:1 hesabı ilə məğlub edə bilmişdi. “Neftçi”nin hücumçusu Qurban Qurbanov isə 34 qolla mövsümün bombardiri oldu. Maraqlıdır ki, “Qarabağ”ın hücum tandemi Nazim Əliyevlə Müşviq Hüseynov birlikdə 32 qol vurmuşdu.
Anar XANLAROV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən mailiyyələşdirilir
Bu ilin ən çox qazanan futbolçuları kimlər oldu?
"Dünyanın ən yaxşı hücumçularından biridir"
"Arsenal" yenidən lider oldu
"Real" hələ də ideal əvəzləyicini tapa bilmir
Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu
"Neftçi" Ukrayna klubunun futbolçusu ilə maraqlanır
Zirkzeyə "Roma"dan təklif gəldi
"Neftçi"nin futbolçusu oynadı, yığması qələbə qazandı
"Mançester Siti" liderliyə yüksəldi
"Fiorentina" səfərdə məğlub oldu
"Marsel" hücum xəttini gücləndirmək üçün hərəkətə keçdi
"Mançester Siti" onu satışa çıxardı
"Milan"dan Menyana rəsmi təklif
"Napoli" "Real"ın bu futbolçusunu istəyir
Qvardiola mümkün transferlər haqda
Bir oyun belə keçirmədən yeni klubunda rekorda imza atdı
"Barselona"nın yeni müdafiəçi planı
Bellinqem üçün sərvət ödəməyə hazırdırlar
"Yuventus"da Kenan Yıldız sevinci
Millimizin üzvləri uşaq sığınacağını ziyarət etdilər
“Real” Zidanı qaytarırmı?
Federasiya prezidentinə qarşı korrupsiya ittihamı
İlin ən yaxşı məşqçilərinin reytinqi
"Mançester Yunayted"in qələbə qolu - Video
Mərakeş qələbəni əldən verdi
“Mançester Yunayted” “Nyukasl”ı məğlub etdi
Salahın qolu Misirə qələbə qazandırdı - Video
“Traktor” səfərdə xal itirdi
Avropanın rəmzi komandasında kimlər var?
Ən yaxşılar bəlli oldu: "Bavariya", "Arsenal"...
"Benfika"dan "Barselona"ya keçidi çətinləşdi
Salah qol vurdu, Misir millisi liderliyə yüksəldi
Levandovski ərəb klubuna gedir?
Fransa millisinin sabiq məşqçisi vəfat etdi
“Beşiktaş” 2 futbolçusunu heyətdən kənarlaşdırdı
"Liverpul" İsakın əvəzləyicisini axtarır