Stüart Bakster: “Azərbaycan millisindən çəkinmirik, sadəcə hörmət edirik”

Stüart Bakster: “Azərbaycan millisindən çəkinmirik, sadəcə hörmət edirik”
ÖLKƏ FUTBOLU 4 Sentyabr 2009 / 19:40 2442
-  A +

Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla qarşılaşacaq Finlandiya millisinin baş məşqçisi Stüart Bakster bu gün Lənkəran stadionunda oyunqabağı mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis ilk olaraq, qarşıdakı oyun haqda danışıb:

 

- Oyun çox çətin keçəcək. Sabah fərqli oyun stilinə üstünlük verən komandaların qarşılaşmasına tamaşa edəcəyik. Evdə oynayan komanda daim bir  qədər üstünlüyə yiyələnir. Amma sabahkı oyunda biz meydana yalnız qələbə üçün çıxacağıq. Eyni sözləri Azərbaycan millisi haqda da deyə bilərəm.
- İki il əvvəl millimizin Finlandiyanı məğlub etdiyi oyuna baxmısınız?
- Əlbəttə, həmin oyunu izləmişəm. Amma indi həm komandalar, həm futbolçular, həm də stadion fərqlidir. Amma təbii ki, oxşarlıqlar da var.
- Hansı oxşarlıqlar var?
- Səfər, adaptasiya baxımından oxşarlıq var. Yenə də eyni məsafəni qət etməli olmuşuq.
- Azərbaycan milli komandasının hansı üstün cəhətlərini qeyd edə bilərsiniz?
- Azərbaycan komandası çox çalışqandır. Çox qaçır, meydanda çox çalışır. Amma çox çalışmaq heç də həmişə uğurlu nəticə qazanmağa imkan vermir.
- Ilk oyunda Azərbaycan millisi daha çox müdafiəyə diqqət ayırırdı. Nəticədə minimal hesabla qələbə qazandınız. Amma sabahkı oyunda Azərbaycan millisi hücuma daha çox meyl edəcək. Bu sizin üçün üstünlük hesab olunacaq?
- Helsinkidəki oyunda biz hücum edərkən, qarşımızı rəqibin çox oyunçusu kəsirdi. Amma sabahkı oyunda biz əsasən müdafiəyə diqqət ayırıb, əks-hücuma bel bağlayacağıq.
- Bu o deməkdir ki, siz rəqibdən çəkinirsiniz?
- Çəkinmirik, sadəcə hörmət edirik.
- Heç-heçə sizin üçün faciə olacaq?
- Fikrimcə, heç-heçə bizim üçün yaxşı nəticə olmayacaq. Çünki hər iki komanda qələbə haqda düşünür.
- Bəs, məğlubiyyət haqda necə, düşünürsünüz?
- Biz həmişə oyundan qabaq qələbə haqda düşünürük. Amma məğlubiyyət də futbolun ayrılmaz bir hissəsidir. Sabahkı oyunda istənilən nəticə qeydə alına bilər.
- Bilirsiniz ki, Azərbaycanın ən çılğın fanatları Lənkərandadırlar?
- Bu mənim üçün çətin olmayacaq. Çünki bir dəfə Konqoya qarşı səfərdə oynamışam. Həmin matçda 30 min azarkeş eyni ağızdan “biz səni öldürəcəyik” deyirdi. Ona görə də mən belə şeylərə öyrəşmişəm. Futbolçularımın da çoxu təcrübəlidirlər. Çempionlar Liqasında kifayət qədər oyun təcrübəsinə malikdirlər. Ona görə də azarkeşlər bizim üçün problem yaratmayacaqlar.  
- Artıq iki saatdır Lənkərandanısınız. Şəhər haqda nə deyə bilərsiniz?
- Bizi aeroprtda yaxşı qarşıladılar. Çox mehriban davranırlar. Amma sabah şəhər haqda daha geniş danışa bilərəm. Çünki sabah gəzintiyə çıxacağıq.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır