“Baccio”, lutfən, “Bakı”nın oyununa gəl! (MÜƏLLİF YAZISI)

“Baccio”, lutfən, “Bakı”nın oyununa gəl! (MÜƏLLİF YAZISI)
XƏBƏR 4 Avqust 2009 / 18:23 2570
-  A +

Sabah “Bakı” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Sofiyada “Levski”ylə qarşılaşacaq. Dünən Bakıdan çempionumuzun oyununu işıqlandırmaq üçün təxminən iyirmi jurnalist də Bolqarıstan paytaxtına gəlib ki, onlar arasında Qol.Az-ın müxbiri də var.
Sofiya haqda qısaca onu deyə bilərik ki, Bolqarıstan paytaxtı tipik Avropa şəhəridir. Daha çox Kiyev və Riqaya bənzəyir. Şəhərdə yaşayış tərzi heç də yüksək səviyyədə deyil. Qiymətlər də Bakıdakına nisbətən ucuzdur. Burada Bakıda son zamanlar görməyə adət etdiyimiz gözəgəlimli göydələnlərə də nadir hallarda rast gəlmək olar. 
Sofiyada “Bakı”ya maraq böyükdür. Özü də gözləniləndən qat-qat çox. Bu gün qəzetlərin demək olar ki, hamısı komandamıza kifayət qədər yer ayırıb. “Bakı”nın iki üzvü isə Sofiyada daha çox populyardır. Söhbət baş məşqçi Coko Haciyevki və bolqar Aleksandr Tamaşdan gedir. İkincinin məsələsi aydındır, o bolqardır və bu ölkədən olan həmkarlarımızın Tamaşa olan marağı başadüşüləndir. Haciyevskiyə gəldiksə isə, “Bakı”nın uğurlarının memarı Sofiyada çox məşhurdur. Makedoniyalı sabah qarşılaşacağımız “Levski”nin əzəli rəqibi olan ÇSKA-da 1 il çalışıb və yerli əhali məhz bu səbəbdən makedoniyalı mütəxəssisə böyük maraq göstərir. Xüsusən də orta və yaşlı nəslin nümayəndələri arasında “Bakı”nın çalışdırıcısı daha çox sevilir. Haciyevskiylə qarşılaşarkən onlar daha çox bu fikri səsləndirirlər: “Sənə böyük hörmətimiz var. Amma sabah sənin komandan uduzacaq”.
Səhər saatlarında “Bakı”nın gəzintiyə çıxdığı “Brasivo Qradino” parkına yollanarkən məlum oldu ki, taksi sürücüsü “Bakı”nın baş məşqçisi Coko Haciyevski yaxın dostudur. “Baccio” (taksi sürücüsü məşhur keçmiş italiyalı futbolçu Roberto Baccionun azarkeşidir və buna görə də dostları, eləcə də Haciyevski onu məhz belə adlandırır) ləqəbli Petrov soyadlı sürücü makedoniyalı ÇSKA-da çalışarkən onunla tanış olub və bugünədək də əlaqə saxlayırlar. “Baccio” təkcə Haciyevskini deyil, eləcə də azərbaycanlı futbolsevərlərə yaxından tanış olan digər həmyerliləri - Aleksandr Tamaş, Marko Davçev, Çudomir Çakarov, Georgi və Asen Nikolovları da yaxından tanıyır. Sürücü eyni zamanda ölkəmiz və futbolumuz haqda da kifayət qədər məlumatlıdır. “Bacco” hətta Tamaşla Dafçevi müqayisə də etdi: “Hər ikisi yaxşı futbolçudur. Amma müqayisə etsək, Dafçev daha güclüdür”.
Bolqarıstanda orta səviyyəli futbolçuların illik qazanclarının 60-70 min avro aralığında olduğunu deyən taksi sürücüsü “Bakı”nın məşqçisi Çudomir Çakarov haqda da fikilərini bizimlər bölüşdü: “Çakarov fiziki hazırlıq üzrə məşqçidir. O çox perspektivlidir. Onun məhz “Bakı”da çalışması sizin komandanız üçün çox böyük üstünlükdür. Haciyevski çox düzgün edib ki, onu komandaya götürüb. Çakarovu böyük gələcək gözləyir”. Söhbətimizin sonunda sabahkı matçda “Levski”nin qələbəsini arzu etdiyini deyən “Baccio” bildirdi ki, oyunu stadiondan izləməyəcək. Səbəbini isə belə izah etdi: “Mən stadionda gedəndə demək olar ki, heç vaxt “Levski” qalib gəlmir. Buna görə də sabahkı matçı televizordan izləyəcəm”.
Biz isə “Bacco”dan dönə-dönə xahiş etdik ki, əgər belədirsə, mütləq sabahkı matçı canlı olaraq stadiondan izləsin.  
İbrahim CƏFƏROV, Sofiya

Email: [email protected] 

 


 


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır