"Sneyder və Droqba sanki on ildir "Qalatasaray"da oynayır"

"Sneyder və Droqba sanki on ildir "Qalatasaray"da oynayır"
DÜNYA FUTBOLU 19 Fevral 2013 / 19:41 5114
-  A +

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Çempionlar Liqasında “Şalke” ilə oyun qabağı mətbuata maraqlı açıqlamalar verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, baş məşqçi  uzun müddətdən sonra yenidən Çempionlar Liqasında iştirak etməkdən məmnun olduğunu bildirib: “Avropa meydanlarında uzun müddətdir oynamırıq. Artıq yenidən burdayıq. Neçə vaxtdır ki, “Şalke”ni analiz edirik. Burdan mətbuata səslənmək istəyirəm. Rəqibimizi çox kiçik göstərirlər. Sanki sabah çox asan şəkildə onları məğlub edəcəyik. Belə şərhlər bizim ziyanımızadır”.

Komandadakı itkilərə də toxunanan Terim bir sıra futbolçuların komandaya kömək edə bilməyəcəyini bildirib: “Rəqibimizdə yeddi zədəli oyunçunun olduğu deyilir. Bizdə isə Uyfaliji və Ebue yoxdur. Onların yoxluğu oyunumuza çox təsir edəcək".

Baş məşqçi jurnalistlərin “Sneyder və Droqba oynayacağı təqdirdə hansı sistemlə oynayacaqsınız” sualını belə cavablandırıb: “Sneyder aylardır oynamırdı. Droqba isə uzun müddətdir Avropa futbolundan uzaq idi. Ancaq Sneyder get-gedə oyununu inkişaf etdirir. O, çox ağıllı və texnikalı futbolçudur. Droqba və Sneyder komandaya tez uyğunlaşdılar. Sanki onlar on ildir bu komandada oynayırlar. Məni ən çox sevindirən də onların komandaya bir ailə kimi baxmasıdır. Bizim bu futbolçulardan əvvəl də yaxşı heyətimiz var idi. İndisə bu heyətə iki yaxşı oyunçu qatılıb. İndi inkişaf dövründəyik. Bunu ən yaxşı şəkildə sübut etməliyik".

Rəqib komanda haqda da danışan təcrübəli mütəxəssis “Şalke”nin çox güclü oyunçularının olduğunu bildirib: “Hunteların necə bir futbolçu olduğunu hamı bilir. Hücumda Draxler və Farfan kimi oyunçuları var. “Arsenal”lın olduğu bir qrupdan məğlubiyyətsiz çıxdılar. Hər oyunçuları təhlükəlidir. Çox diqqətli olmalıyıq”.
 

Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır