Üç Marionun çempionatı: Qomez, Mandzukiç və Balotelli...

Üç Marionun çempionatı: Qomez, Mandzukiç və Balotelli...
AVRO-2012 20 İyun 2012 / 15:24 2920
-  A +

Avropa çempionatında iyunun 8-dən başlayan gərgin qrup mübarizəsi yekunlaşdı. Bu gün çempionatda 24 saatlıq fasilədir. Tufanqabağı sakitlik. Dörd qrupa ayrılmış 16 komanda 12 gün ərzində 24 oyun keçirdi.

Keçirilən bütün oyunlarda (gecə yarı bitən D qrupunun oyunlarını nəzərə almırıq) qapılara 57 qol vuruldu. Bu oyunların heç birində qapılar toxunulmaz qalmadı. Bu da o deməkdir ki, Avro-2012-də indən sonrakı bütün matçlar “uduzan çıxır” prinsipi ilə keçiriləcəyindən qalan bütün oyunlarda da qapılarda mütləq qol görəcəyik.

Çempionatın qrup mərhələsində bəlkə də bütün oyunlar istədiyimiz kimi “qırğın” olmadı. Amma bu çempionatın zəif hesab edilən A qrupunda (Rusiya, Polşa, Çexiya və Yunanıstan) da intriqa və oyun tempi o qədər yüksək oldu ki, ekran qarşısında mürgüləmədik...

Qrup mərhələsi on milyonlarla azarkeşi sevindirdiyi kimi on milyonları da məyus etdi. Hollandiya kimi ənənəvi futbol ölkəsinin milli komandasının bu çempionatı çox zəif İrlandiya kimi xalsız tərk etməsi Avro-2012-nin ilk sensasiyası oldu. Rusiya millisi çempionata darmadağınla - çexləri 4:1 məğlub etməklə başlasa da iddiaçılar sırasından çıxarıldı. Onlara uduzan Çexiya millisi sürpriz şəkildə bu qrupun lideri oldu. Bukmeyker kontorlarının autsayder kimi göstərdiyi Yunanıstanın ikinciliyi də gözlənilməz idi... Polşa komandası çempionatı erkən tərk etdi. Robert Levandovski hələ daha yaxşı oyun göstərə bilərdi...

Danimarkanı və onun ulduz oyunçularını da (Denis Rommedal, Mikael Kron-Deli və Niklas Bendtner) qeyd etmək lazımdır. Çempionatda keçirdikləri hər üç oyunda xarakter nümayiş etdirdilər. Almanlar isə azarkeşlərinə 100 faizli nəticə bəxş edib (3 oyunda 3 qələbə, 9 xal) çempionluq iddiasını pley-off mərhələsindən də əvvəl ortaya qoydu. Almaniya qrup mərhələsinin çempionu oldu. Bu çempionatın ən parlaq oyunçusu da deyəsən, Almaniyanın düşərgəsindədir: Mario Qomez. Rəqib qapısından 3 top keçirən (almanlar üç oyuna cəmi 5 qol vurub) hücumçunun çempionatın ən sərrast oyunçusu olmağa real imkanları var.

Kriştian Ronaldo hollandların qapısına vurduğu 2 qolla Portuqaliyanı “ölüm qrupu”ndan birtəhər xilas etdi. Onu da pley-offda meydanda görəcəyik.
Xorvatiyanın bu çempionatda yolunu İspaniya bir qol vurmaqla kəsdi. Heyf, xorvatların hücumçusu Mario Mandzukiç əla oynayırdı, hesabında da üç qol vardı. Çempionatın ən parlaq hücumçuları sırasında onun da adı unudulmayacaq.

İtaliya davam edəcək... Mario Balotellinin İrlandiyaya vurduğu gözəl qolun davamının gəlməsi gərək. İtaliyasız çempionat maraqsız olardı...
D qrupunda oyunlar gecəyarı bitdiyindən hesablardan xəbərsizik. İsveç istənilən halda növbəti mərhələyə çıxmayacaqdı. Komandanın əsas hücumçusu Zlatan İbrahimoviç çempionatda öz sözünü deyə bilmədi. Daha doğrusu, belə dedi: “Mənim heç vecimə də deyil ki, çempion hansı komanda olacaq”.İbrahimoviçi başa düşmək olar...

Bu qrupda Runini və İngiltərəni növbəti mərhələdə görməyə daha çox ümidliyik. Bu qrupun ikincisi iyunun 23-də İspaniya ilə qarşılaşacaq, birinci yeri tutan komanda isə iyunun 24-də İtaliyanı sınağa çəkəcək.
...Stadionlarda bu gün sakitlikdir. Tufanqabağı sakitlik. Sabah isə...


Nazim SABİROĞLU


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi