Dmitri Kruqlovun “İnter”ə keçidi rəsmiləşdi

XƏBƏR 8 İyul 2010 / 16:18 2270
-  A +

Unibank Premyer Liqasında son mövsüm başa çatandan sonra "Neftçi"nin heyətindən kənarlaşdırılan Dmitri Kruqlov bundan sonra “İnter”in şərəfini qoruyacaq. Qol.Az-ın məlumatına görə, artıq Estoniya yığmasının üzvü ilə bütün məsələlər razılaşdırılıb. Dünən Bakıya gələn Kruqlovla klub rəsmiləri danışıqlar stolu arxasında razılığa gəldikdən sonra, rəsmi müqaviləyə də qol çəkilib. Artıq Kruqlovun adının Çempionlar Liqası üçün iştirak ərizəsinə daxil edildiyini də vurğulayaq.
Qeyd edək ki, 26 yaşlı sol cinah oyunçusu peşəkar karyerasına vətənində başlayıb. 2003-2005-ci illərdə "Levadiya"nın heyətində 59 oyun keçirən və 4 qol vuran Kruqlov 2005-ci ildə Rusiyaya üz tutub. 2008-ci ilədək Moskva "Lokomotiv"ində 10 oyun keçirən futbolçu 2006-da "Kuban", 2007-də "Torpedo"ya (14 oyun), 2008-ci ildə "Neftçi"yə icarəyə verilib. Bakı klubunda 2008-2010-cu illərdə üst-üstə 63 oyun keçirən Kruqlov 5 qola imza atıb.
Kruqlov 2004-cü ildən Estoniya yığmasına çağırılır. İndiyədək 52 dəfə milli formanı geyinən futbolçu bir halda rəqib qapısına yol tapıb. Belə ki, o, 12 noyabr 2005-ci ildə Helsinkidəki "Finnair" stadionunda keçirilən və 2:2 hesabı ilə başa çatan Finlandiya - Estoniya yoldaşlıq oyununda fərqlənib. 2004-cü ildə "Levadiya" ilə Estoniya çempionu olan futbolçu 2004 və 2005-də ölkə kubokunu qazanıb. 2005-ci ildə isə "Lokomotiv"in heyətində Rusiya Super Kubokunu başı üzərinə qaldırıb.
Sonda onu da vurğulayaq ki, “İnter” bu yay “Neftçi”dən ayrılan daha bir oyunçunu – Valeri Abramidzeni də sıralarına qatıb və UEFA-ya göndərdiyi iştirak ərizəsinə daxil edib.


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır