"Xəzər Lənkəran"a yenə qol vurmağa çalışacam"

"Xəzər Lənkəran"a yenə qol vurmağa çalışacam"
ÖLKƏ FUTBOLU 23 Aprel 2014 / 18:38 3266
-  A +

"İlk oyunda lazımi nəticə əldə etmişik. Ancaq bu, ümumi nəticə deyil. Çalışacağıq ki, sabah da ilk görüşdəki kimi yaxşı oyun nümayiş etdirək".

Qol.Az saytına açıqlamasında bu sözləri "Qəbələ" klubunun yarımmüdafiəçisi Nizami Hacıyev sabah ölkə kubokunun yarımfinal mərhələsinin "Xəzər Lənkəran"la keçiriləcək cavab qaşılaşması haqda danışarkən deyib.

Qəbələdə keçirilən ilk oyunda meydan sahibləri rəqibini 3:0 hesabı ilə məğlub etsə də, N.Hacıyev cavab görüşünə də ilk oyunda olduğu qədər məsuliyyətlə yanaşdıqlarını bildirib: "Sabahkı oyun "Xəzər Lənkəran"ın son şansıdır. Ancaq biz qazandığımız bu fürsəti qaçırmaq istəmirik. Bütün futbolçularımız dərk edir ki, sabah bizi ölüm-dirim oyunu gözləyir. Düzdü, yaxşı madafiə olunsaq, mərhələni adlamaq bizə çətin olmayacaq. Ancaq müdafiədə diqqətli olmaqla yanaşı hücuma da fikir verməliyik. Ola bilər ki, sabah 90 dəqiqə ərzində hücum futbolu nümayiş etdirək".

İlk oyunda dubla imza ataraq görüşün qəhrəmanına çevrilən təcrübəli futbolçu sabahkı qarşılaşmada da qol vuracağına ümid etdiyini deyib: "Həmişə qol vurmağa çalışmışam. Lazım olsa, "Qəbələ" üçün canımdan da keçməyə hazıram. Uzun müddət idi ki, qol vura bilmirdim. Bu barədə baş məşqçi ilə də xeyli söhbətimiz olmuşdu. Çalışacam ki, "Xəzər Lənkəran"a yenə qol vurum və komandamı finala yüksəldim". 

N.Hacıyev uzun müddət "qara zolaq"dan çıxa bilməyən komandasının artıq özünü toparladığını vurğulayıb: "Bizə əhval-ruhiyəmizi yüksəldəcək bir qələbə lazım idi ki, komandada ab-hava dəyişilsin, futbolçularda özünəinam yaransın. Şükürlər olsun ki, kubok oyununda "Xəzər Lənkəran" üzərindəki qələbədən sonra qeyd etdiyim məsələlər qaydasına düşdü. Komanda qalib gələndə baş məşqçinin fikirləri də futbolçulara yaxşı aydın olur. Elə olur ki, 5-6 oyun uduzursan, məşqçinin nə dediyini anlamırsan. İndi isə komandamız özünə gəlib və inanıram ki, yaxşı nəticə əldə edəcəyik". 

Daha çox


Son xəbərlər