"Neftçi" eniş dövrünü yaşamır"

"Neftçi" eniş dövrünü yaşamır"
ÖLKƏ FUTBOLU 23 Aprel 2014 / 15:28 2650
-  A +

"Neftçi" klubunun yarımmüdafiəçisi Mirhüseyn Seyidov Qol.Az saytına müsahibəsində sabah ölkə kubokunun yarımfinal mərhələsinin "Rəvan"la keçirəcəkləri cavab qarşılaşmasından və komandasının çempionatda düçar olduğu uğursuzluqdan danışıb.

- Sabah "Rəvan"la kubokun yarımfinal mərhələsinin cavab matçına çıxacaqsınız. Əvvəlcə rəqibinizlə ilk oyununuzdan başlayaq, 1:1 hesabı gözlənilməz nəticə oldu.

- "Rəvan" ilk oyuna heç-heçə üçün çıxmışdı. Bunu da son dəqiqədə vurduğu qolla bacardı. Bizim xeyli qol epizodumuz olsa da, istifadə edə bilmədik. Qalib gəlsək, yaxşı olardı. Ancaq bizim üçün 1:0 və ya 1:1 hesabının fərqi yoxdur. Hətta "Rəvan"ın qol vurmağı bizim üçün yaxşı oldu. Belə olan halda sabahkı oyuna daha yaxşı motivasiya olacağıq. Yəni rəqibin vurduğu qol bizi ayıltdı. Çempionluqdan əlimizi üzdüyümüz üçün nəyin bahasına olursa olsun, sabah kubokun  finalına vəsiqə qazanmalıyıq.

- İlk oyunda qeydə alınan 1:1 hesabı "Rəvan" üçün üstünlük sayılmalıdr. Sən necə düşünürsən?

- Düzdü, rəqib meydanında vurulan qolun komandaya böyük xeyri olur. Biz də "İnter"lə səfərdə 1:1 hesablı bərabərə qalmışdıq. Cavab matçında qolsuz heç-heçə ilə yarımfinala çıxdıq. Ola bilər ki, bu hesabı "Rəvan" özü üçün üstünlük sayır. Ancaq mən belə düşünmürəm. Çünki səfərdə olsa belə, qol vurub, "Rəvan"ı keçməyə qadirik.

- Komanda yoldaşların iddialı açıqlamalar verib. Sən də mərhələni keçəcəyinizə şübhə etmirsən?

- Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Ən azı "Sumqayıt"la oyunu yada salmaq lazımdır. Əksinə "Rəvan" kimi komandalarla oyuna daha yaxşı motivasiya olmaq lazımdır. Kubok oyunu fərqli olur. "Rəvan" ani bir boşluqdan istifadə edib, bizi cəzalandıra bilər. Diqqətli olmalıyıq.

- "Sumqayıt"la oyundan söz düşmüşkən, autsayderlə görüşdə acı məğlubiyyətə (1:3) uğradınız...

- Qapımızdan erkən qol buraxdığımız üçün irəli atıldıq və nəticədə daha iki qol buraxdıq. "Sumqayıt" elitada qalmaq üçün hazırda çox istəkli və məsuliyyətlidir. Biz isə zəif təsir bağışladıq.

- Qayıdaq kubok oyunlarına, yarımfinalın digər cütlüyü haqda nə deyə bilərsən?

- Komandaların ilk oyununu izləmişəm. "Qəbələ"nin finala çıxmaq şansı yüksəkdir. Çünki ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edib. "Xəzər Lənkəran" öz azarkeşləri qarşısında nəsə etməyə çalışacaq. Ancaq inanmıram ki, "Qəbələ" bu üstünlüyünü əldən versin. "Xəzər Lənkəran" əsasən hücumda oynayacaq. "Qəbələ" isə əks hücum taktikası ilə istədiyi nəticəni qazana bilər. Biz öz oyunumuzu fikirləşirik. Finala çıxsaq, hansı komanda ilə düşməyimizin fərqi yoxdur.

- Komandanız çempionatda ardıcıl iki məğlubiyyətlə üzləşdi. Bu uğursuzluqları hansı amillərlə bağlamaq olar?

- Deməzdim ki, burda hansısa başlıca bir amil var. Hər bir komandanın uğursuz dövləri olur. Son iki turda məğlub olsaq da, demək olmaz ki, "Neftçi" eniş dövrünü yaşayır. Ancaq "İnter" və "Sumqayıt"a məğlubiyyətdən sonra çempionluqdan əlimizi üzdük. "İnter" isə ikinci pillədəki yerini möhkəmləndirdi.   Məncə, sabah kubokun finalına vəsiqə qazanmaqla uğursuzluğa son qoya bilərik. Çünki komandada yenidən böyük həvəs yarana bilər. Sabahkı oyundan çox şey asılıdır. 

Ramiq AĞAMƏMMƏDOV


 

Daha çox


Son xəbərlər