Millət vəkili Siyavuş Novruzov idmançılarımızı tənqid etdi

Millət vəkili Siyavuş Novruzov idmançılarımızı tənqid etdi
LONDON-2012 31 İyul 2012 / 18:12 4340
-  A +

London Olimpiadasında Azərbaycan idmançılarının uğursuzluqları davam etməkdədir. Çoxlarının ümid bəslədiyi olimpiya çempionu Elnur Məmmədli elə ilk görüşdəcə kanadalı idmançıya məğlub olub. Uduzan idmançılarımızın əksəriyyəti əvvəlki yarışlarda müsbət nəticə göstərənlərdi. Bəs bu uğursuzluğun səbəbi nədir?

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Simsar.az-a açıqlamasında idmançılarımızın uğur qazanmamasından təəssüfünü ifadə etdi.

Qeyd edək ki, parlamentdəki çıxışında S.Novruzov beynəlxalq yarışlarda yer tutmuş idmançıları sərt tənqid edib. O, bildirib ki, idmançıların çoxu bir-iki dəfə çempion olduqdan, pul-para qazandıqdan, ad çıxardıqdan sonra idmanla məşğul olmur. Millət vəkilinin sözlərinə görə, bəzi idmançılar çempion olur və bununla da karyerasını dayandırır, məşq etmir. Belə idmançıların həddən artıq kökəldiyini, idmana yararlı olmadığını deyən millət vəkili onlara külli məbləğdə pulun xərclənməsini doğru saymayıb: «Bu adamlar bu pulları normal işlərə, xeyriyyəçiliyə deyil, neqativ işlərə xərcləyirlər».

Azərbaycan idmançıları ilə bağlı tənqidi fikirlərinin özünü doğrultduğunu deyən S.Novruzov bildirdi ki, idmanda udmaq kimi, uduzmaq da normal qarşılanmalıdır: «Mən özüm də idmanla məşğul olmuşam. Bilirəm ki, idmanda uğurdan başgicəllənməsi keçirənlər olur. Bizim bəzi idmançılarda bunu müşahidə edirəm. Elnur Məmmədli keçən yarışda yaxşı iştirak etmişdi, amma indi ümidləri doğrulda bilmədi. Uduzmağının səbəbini özü daha yaxşı izah edər. İdmançıya qayğı lazımdır, amma qədərində. Bir də görürsən ki, hansısa şirkət vergidən yayınmaq üçün qalib gəlmiş idmançıya maşın alır və ya hansısa biznesmen çirkli yolla əldə etdiyi pulları idmançıya mükafat kimi verir. Belə olanda idmançıda özündən razılıq hissi baş qaldırır. Düşünür ki, ondan güclüsü yoxdur. Yaddan çıxarmaq olmaz ki, səndən güclü mütləq biri var. İdmançıya güc yalnız tatami üzərində lazımdır. İdmançını milli qəhrəman səviyyəsinə qaldırmaq olmaz. Uduzanda hər şey alt-üst olur».

S.Novruzov hesab edir ki, Azərbaycan idmançıları asan yolla universitetə girmək, vəzifəyə düzəlmək, pulsuz ev, maşın almaq üçün yarışlara qatılmamalıdır. Birinci yarışda qalib gəlir, istədiklərini əldə edir və sonra harınlayır. Sovet dövründə də idmançılar birbaşa ali məktəblərə qəbul olunurdular. Amma onların üzərində güclü dövlət və ictimai nəzarət var idi. Bu nəzarət indi də olmalıdır».

S.Novruzov qeyd etdi ki, Azərbaycanda müxtəlif yarışların qalibi olan idmançılar var ki, sonradan həbsə düşüblər, başqa-başqa xoşagəlməz işlərlə məşğul olublar: «Amerikanın idmançılarına baxırsan. Qələbəni hər dəfə təkrarlayırlar. Onlarda təkəbbür, arxayınlıq demək olar ki, yoxdur. Bizim idmançılarda da bu olmalıdır. Bütün bunlarla yanaşı ümid edirəm ki, qarşıdakı günlərdə digər idmançılarımız Azərbaycan xalqını sevindirəcək».

Daha çox


Son xəbərlər