Zohair Benouahi: “Bakıda şortiklə gəzəndə məni fitə basırlar”

Zohair Benouahi: “Bakıda şortiklə gəzəndə məni fitə basırlar”
ÖLKƏ FUTBOLU 17 İyul 2011 / 00:55 4008
-  A +

AZAL klubunun mərakeşli futbolçusu Zohair Benouahi ölkəmiz haqda maraqlı fikirlər səsləndirib. Qol.Az saytı futbolçunun müsahibəsini təqdim edir. 

Mərakeşli futbolçu ilk öncə xarici görünüşü haqda danışıb. Zohair deyir ki, onun üçün geyim kompleksi olmasa da Bakıda onun şortiklə gəzişməsi heç də birmənalı qarşılanmır. Bəzən yolla gedərkən ona tərs-tərs baxanlar, hətta fitə basanlar da olur: “Bu, mənə qəribə gəlir. Çünki heç bir Qərb ölkəsində belə şeylə qarşılaşmaq mümkün deyil. Azərbaycan da sivil bir ölkədir, burada insanlar istədikləri kimi geyinir. Hətta bu müasirliyinə görə onu Qərb ölkələri ilə də müqayisə etmək olar. Amma şortik məsələsi burada çox qəlizdir” (gülür).

Qeyd edək ki, Mərakeş Krallığı Afrika materikinin şimal-qərb hissəsində yerləşən İslam dövlətidir. Cənub-şərqdən Əlcəzair, cənub-qərbdən Böyük səhra, şimaldan Aralıq dənizi, qərbdən Atlantik okeanı ilə sərhəddir. VI Məhəmməd Mərakeşin kralıdır. Əhalisinin sayı 33,8 milyon nəfərdir. Mərakeş Misir və Sudandan sonra üçüncü böyük ərəb dövlətidir. Yəni coğrafi parametrlər də ölkə barədə az-çox təəssürat yaradır. Hətta Çörçillin sözləri ilə desək, “Mərakeş dünyadakı ən gözəl yerdir”.

Amma futbolçu üçün o gözəl yerdən bura gəlmək çətin olmayıb. AZAL futbol klubundan təklif gələn kimi şərtlər cəlbedici olduğu üçün qəbul edib. Deyir gəlməzdən əvvəl Bakı haqqında heç bir araşdırma aparmayıb: “Sadəcə bildim ki, müsəlman ölkəsidir. Bu da mənim üçün hər şey demək idi. Özü də insan həyatda hər cür dəyişikliyi yaşamalıdır. Həyatı kitablardan öyrənmək mümkün deyil. Gərək fərqli məkanlar görüb öyrənəsən”.

“Şəhərinizin yalnız mərkəzi gözəldir, kənarları isə...”

Mərakeşli gənc Bakı ilə ilk tanışlığını da gözəl xatırlayır. Deyir, aeroportdan qaldığı otelə gələnə qədər qısa tanışlıq öz sözünü deyib. Hamar küçələr, bahalı maşınlar, müasir geyimli insanlar. Anlayıb ki, burada yaşamaq onunçün çətin olmayacaq: “Bizdə iqlim çox istidir. Bununla belə təbiət gözəldir, hər yer gül-çiçək, yaşıllıqdır. Bakıda isə daha çox mərkəzi yerlərdə gözəllikdir. Şəhərdən bir az kənarda bu gözəlliklər azalır”.

Təkcə gül-çiçəkmi? Mərakeş dünyanın məşhur turizm mərkəzlərindədir, bilənlər bilir. Müsahibim danışır ki, onlarda mərkəzi küçələr az qala festivalı xatırladır, xüsusən də axşamlar. Həmin saatlarda mərkəzi küçələrdəki piştaxtalarda elə oradaca hazırlanmış yeməklər satılır. Küçələrdə müxtəlif hekayələr danışan nağılçılar, falçılar da var ki, bu şəhərin koloritini artırır: “Bakıda təəssüf ki, belə şeylər görmək mümkün deyil. Küçə ticarəti də demək olar yoxdur. Bununla belə, sakit şəhərdir. Kriminal hadisələr çox deyil, özünü burada təhlükəsiz hiss edirsən”.

Zohair hesab edir ki, Azərbaycan da Mərakeş kimi müsəlman ölkəsi olsa da bizdə bəzi qaydalar daha yumşaqdır. Məsələn, Mərakeş insanı küçədə görüşüb öpüşən, əl-ələ tutub gəzən qadınla kişiyə sərt yanaşır. Bundan başqa, mərakeşlilər xaricilərin “amerikan gülüşü” dediyi, küçədə tanımadıqları adamlara da gülümsəməsini yanlışlıq sayır. Daha bir qəribə münasibət: “Bizdə turizm ölkəsi olduğu üçün əsas məqsəd həm də turistləri məmnun etməkdir. Tutaq ki, bizdə gələn turistə özü, yanındakı qadın, eləcə də səhhəti, əhvalı barədə çoxlu sual verirlər. Avropalılar bu sualları yersiz hesab etsə də bizdə bu, nəzakət qaydası sayılır”.


“Mərakeşlilər azərbaycanlılardan da qonaqpərvərdir”

Mərakeşli gənc deyir ki, Azərbaycanda da qonağa qarşı hədsiz mehribançılıq var. İnsanlar qonaq özünü yaxşı hiss etsin deyə onunla çox zəif bildikləri ingilis dilində belə danışmağa cəhd göstərirlər. Girişdə yazdığımız geyim məsələsinə gəlincə, Zohair Benouahi öz milli geyimlərinə də toxunur. Deyir ki, onlarda qadınlar qapalı da geyinə bilir, açıq da. Uzun, qapalı paltar isə ölkənin iqliminə uyğundur. Bu, qışda insanı küləkdən və soyuqdan qoruyur, yayda isə sərin saxlayır: “Amma böyük şəhərlərdə çoxu avropasayağı geyinir. Qızlar arasında da adi cins və nazik kofta geyinənlər çoxdur. Müasir işgüzar qadınlar isə ciddi, amma Avropa stilində, dəbdə olan iş kostyumları geyinməyi sevirlər”.

Mərakeş küçələrində qarşılaşan kişi ilə qadın isə ancaq əllə görüşə bilər. Yox, əgər söhbət təkcə qadınların, ya da kişilərin qarşılaşmasından gedirsə, onlar bu görüşü üçqatlı öpüşmə ilə qeyd edirlər. Böyük bir məclisdə qarşılaşanda isə hər bir insanla ayrı-ayrı əllə görüşmək qaydası var. Zohair deyir ki, hətta ev sahibi də gələn qonağa suvenir, meyvə və ya şirniyyat hədiyyə edir: “Bilirəm ki, Azərbaycanda da evin bir otağı qonaq üçün nəzərdə tutulub. Qonaqpərvərlik burada da geniş yayılıb. Amma mərakeşlilər azərbaycanlılardan da qonaqpərvərdir. Bizdə evə gələn qonaq ayaqqabısını evin kandarında çıxarır. Bir stəkan çaydan imtina etmək isə qeyri-etik hərəkət sayılır. Hətta alış-veriş yerlərində satıcı da ondan mal alan alıcıya bir stəkan çay təklif edir, o, bundan imtina edəndə isə özünü incimiş kimi göstərir”.

“Bakıda adamlar həmişə harasa tələsir, bunu xoşlayırlar”

İnsanlarımız arasındakı daha bir fərq. Zohairin müşahidəsinə görə, Bakıda insanlar daim harasa tələsir, küçədə aqressiv gəzənlər, əsəbi halda yeriyənlər dərhal diqqəti çəkir: “Bizdə həyatın ritmi daha aşağıdır. İnsanlar saatlarla kafedə oturub ətirli çay, ya da kofe içə bilərlər. Mərakeşə gələn xaricilər bu aşağı ritmi öncə aeroportda hiss edirlər. Tutaq ki, xarici aeroport işçisindən nəyisə tez həll etməsini tələb edəndə bu, çox təəccüblə qarşılanır. Çünki bizdə hər şeyi təbii axara buraxmağı xoşlayırlar, Azərbaycanda isə tələsməyi. Ona görə də burdakı nəqliyyat məni heyrətə salır. Bütün maşınlar siqnal verir, qaydalara əməl edənlər isə azdır. Həm də burda maşın çoxdur. Bir nəfərin iki maşını var. Amma bizdə nəqliyyat da bundan sakitdir”.

Mərakeş deyəndə insanın ağlına Kasablanka - ölkənin işgüzar, sənaye, maliyyə paytaxtı gəlir. Zohair danışır ki, burada dekabr və yanvar aylarında 20 dərəcə, martdan oktyabradək isə 26 dərəcə isti olur. Kasablanka Şimali Afrikanın aparıcı ticarət şəhəridir. Mərakeş beynəlxalq ticarətinin böyük hissəsi buradan keçir. Müsahibim danışır ki, Kasablanka turistləri milli mətbəxi ilə də heyran edir. Bir sıra müsəlman şəhərlərində olduğu kimi burada da donuz əti və spirtli içki qadağandır, heyvanlar “bismillah” deyilərək kəsilməlidir. Mərakeş mətbəxində xörəklər asta-asta, ədviyyat və ya təzə göyərtilərlə hazırlanır. Ölkə ziddiyyətlərlə bol olduğu kimi, mətbəxi də elədir, yəni bir xörəkdə həm acı, həm şirin dad var: “Ət xörəkləri adətən quru və ya təzə meyvələrlə bəzədilir. Bizdə "ətli və heyvalı tacin" xörəyi çox məşhurdur. Ənənəvi naharda masaya çəngəl, qaşıq qoyulmur, xörəklər sağ əlin şəhadət və orta barmağı ilə yeyilir. Nahardan əvvəl masaya əlləri yumaq üçün kasada qızılgül ətirli isti su verilir. Süfrəyə birinci şorba gətirilir. Qoyun əti və paxladan hazırlanan “harira” adlı şorbamız çox populyardır".

Zohair yeməkdən danışan kimi bir dərdini də bölüşür. Məlum olur ki, Mərakeşin milli ədviyyatlarını Bakıda heç yerdə tapa bilmir. Zohair Benouahi bir ildir ki, milli yeməkləri olan kuskusa, tacminə həsrət qalıb: “Kuskus mərakeş mətbəxinin vacib tərkib hissəsidir. Sizin "manna" dediyiniz məhsuldan hazırlanır, onu zeytun yağında qızardırlar, sonra tacindən hazırlanan qatı maddə əlavə edilir və sair. Bir az qəliz hazırlanma qaydası var. Amma maraqlı bənzərliklər də var. Bilirəm ki, Azərbaycanda da yeməkdən əvvəl mütləq çay verirlər. Hətta qonağın bunu istəyib-istəmədiyini soruşmurlar. Amma bizdə yeməyə sulu yeməklə başlayırlar. Sizin qonaqlıqlarda isə sulu yemək demək olar ki, olmur. Daha çox kabab və quru yeməkləriniz məşhurdur".


“Azərbaycan dili qəliz olmasaydı, öyrənərdim”

Mərakeşli qonaq uzun müddət Bakıda qalmağı düşünür. Daha doğrusu, müqaviləsi nə vaxta qədər çəksə, Zohairi o vaxta qədər bakılı saymaq olar. Gənc futbolçu valideynlərinin, 3 qardaş və 1 bacısının da Bakı ilə çox maraqlandığını deyir: “Valideynlərim bilir ki, müsəlman ölkəsidir, ona görə narahat deyillər. Kiçik qardaşım isə bir neçə aydan sonra bura gəlib bir az yanımda qalacaq. O da futbolçudur”.

Əcnəbi futbolçu bir müddət Azərbaycan dilini öyrənməyə cəhd etsə də buna nail olmadığını deyir. Onun sözlərinə görə, dilimiz çox qəlizdir. Buna görə də sevdiyi mahnılarımızın sözlərini başa düşmür, filmlərimizi isə anlamadan ancaq maraqla seyr edə bilir. Amma ayrı-ayrı sözləri, müraciətləri anlaya bilir: “Məsələn, sizdə insanlar bir-birinə zəng edən kimi "haradasan" soruşurlar. Bu, mənə çox gülməli gəlir. Çünki adam bir-birinə öncə salam deyər, sonra halını soruşar. Ondan sonra harada olması ilə maraqlanar. Bu detal da bayaq dediyim məsələ ilə bağlıdır - Azərbaycanda həyat çox dinamikdir, insanlar hər yerə həmişə tələsirlər".

“Bizdə toy azı üç gün, ən çoxu bir həftə davam edir”

Söhbət zamanı Mərakeş toylarına da toxunduq. Məlum oldu ki, bu əsrarəngiz Şərq ölkəsində də toy bir çox detalları, dəfə-darağı, dürlü-dürlü mərasimləri ilə birgə keçirilir. Bəylə gəlin ailəsinin maddi durumundan asılı olaraq toy üç gündən bir həftəyə qədər davam edir. Müsahibimiz danışır ki, mərakeşli ailələrdə də oğlan evi qız evinə başlıq pulu verir. Bu, qız evinin mebel, cer-cehiz alması üçün lazım olan məbləğdir. Toydan əvvəl isə gəlin hamama gedir, sonra həna mərasimi baş tutur. Toy isə bir çox hallarda həna mərasimi zamanı baş tutur. Zohair Benouahi danışır ki, bəzi toylarda gəlin mərasim boyu 7 dəfə paltar dəyişir: “O mənada Azərbaycan toylarının daha sadə olduğunu düşünürəm. Sizin toylarda da çox xərc çəkilir, amma Mərakeşdəki qədər yox”.

Sonda... Mərakeşli futbolçu danışdığı qədər varmış. Söhbət boyunca ətrafımızdakı bir çox gənclər Zohairə diqqətlə baxır, onun şortikinə gülürdülər. Sanki Bakıda yox, hansısa ucqar əyalətdə oturmuşduq. Bəs deyirdilər, Azərbaycan analoqu olmayan sürətlə inkişaf edir. Deyəsən, gənclərin təfəkkürü istisnadır axı...

Mənbə: "Yeni Musavat" qəzeti

Daha çox


Son xəbərlər