"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov

"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 11 Aprel 2026 / 20:50 1052
-  A +

"Oyun bizim üçün bir az həyəcanlı başladı. Rəqib ilk dəqiqələrdən böyük təzyiq göstərirdi".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 27-ci turunda "Sabah" ilə baş tutan matçdan (2:2) sonra bildirib. Mütəxəssis oyunun gedişatını və qazanılan bir xalın əhəmiyyətini dəyərləndirib:

"Müdafiədən çıxarkən səhvə yol verdik və qol buraxdıq. Çox məyusedici idi. Növbəti 10 dəqiqədə rəqib yenə bizə böyük təzyiq göstərdi. Amma sonrakı dəqiqələrdə fəal çıxış edərək iki qol vurduq. Fasilədən sonra standart vəziyyətdən qol buraxdıq. Futbolçularımız əzmkarlıq göstərdilər, qol vurmağa çalışırdılar. Son 10 dəqiqədə isə rəqib böyük qüvvə ilə irəli getdi. Müdafiəmiz etibarlı oynadı və 1 xal qazandıq. "Sabah"la oyunda qazanılan hər xal dəyərlidir. 1 xal üçün çox sevinirik. Düşünürəm ki, bu xal bizim üçün çox faydalı olacaq".

- Oyunun əvvəlində çox fəal idiniz, komandaya motivasiya verirdiniz.

- Bəli. Bu rəqiblə son oyunumuzun 27-ci dəqiqəsində hesab 3:0 olub. 15-ci dəqiqədə belə qol buraxanda narahat oldum ki, komanda dağıla bilər. Ona görə həmin dəqiqələrdə fəallıq göstərdim. Amma dəqiqələr ötdükcə, xüsusilə də ikinci hissədə passiv idim.

- Liderlə matçda xal qazanmaqda bir növ "Qarabağ"a da kömək etdiniz. Qarşıda isə əsas rəqiblərinizdən biri olan "Neftçi" ilə oyununuz var. Həmin qarşılaşma sizin üçün həlledici ola bilər?

- "Sabah" bu il həqiqətən də möhtəşəm futbol nümayiş etdirir. Səfərdə oynadığımızı nəzərə alsaq, qazanılan xal bizim üçün çox önəmlidir. Çempionatın favoritləri ilə oyunlarda qazanılan hər xal önəmli olur. "Qarabağ"dan 2, "Sabah"dan 1 xal almışıq. Bu xallar çox önəmli olur. Ötən tur son dəqiqələrdə qol buraxıb heç-heçə etdik. "Şamaxı" ilə matçda heç-heçə gözlənilməz deyil. Amma matçın gedişatı elə idi ki, rəqib azlıqda idi, çoxsaylı qol epizodlarımız var idi. Son dəqiqələrdə nəsə hadisə baş verdi və qol buraxdıq. Acı xal itkisi idi. Futbolçular çox məyus olmuşdular. Əsas narahatlığım o idi ki, həmin məyusluq bu oyuna təsir etməsin. Şükürlər olsun ki, futbolçular bu gün onu hiss etdirmədilər. Növbəti turda "Neftçi" ilə oynayırıq, 4 gün sonra "Turan Tovuz"la kubokun cavab görüşü var. Əvvəl də demişdim ki, apreldə bizi çox ciddi oyunlar gözləyir. Həmin matçlara çox yaxşı hazırlaşmalıyıq.

- Ayron Qomislə İssa Cibrilla meydandan çıxanda sanki narazı görünürdülər...

- Mən də onları əvəzləmək istəmirdim. İkisi də çox yaxşı idi. Qomis zədədən qayıdıb. Bir epizodda ayağını tutdu, həm də sarı vərəqəsi var idi. Yoxsa daha çox oynayacaqdı. İssa bir məhsuldar ötürmə etdi, penalti qazandı. O da zədədən yeni qayıdıb. Daha çox gələcəyi düşünərək bu addımı atdım.

- Yeni mövsüm üçün izlədiyiniz futbolçular var?

- Xeyr, futbolçuları izləmirik. Klub rəhbərliyi ilə görüşdən sonra növbəti mövsüm üçün planlarımız məlum olacaq. Hələlik bütün fikrimizi çempionata vermişik. Ötən mövsüm 3-4 tur qalmış nəticə bəlli oldu. Buna görə avrokuboklara rahat hazırlaşırdıq, seleksiyanı erkən etməyə başladıq. Bu il hələ tələsmirik.(sportal.az)


Son xəbərlər
topaz banner