"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"

"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
ÖLKƏ FUTBOLU 11 Aprel 2026 / 19:03 1917
-  A +

"Azarkeşlərə təşəkkür edirəm. Bilirdik ki, "Qarabağ" hər oyuna final kimi yanaşır. Çempionatın sonudur, hər matç gərgin keçir. Futbolçularıma təşəkkür edirəm. Sona qədər vuruşdular, rəqibin son dəqiqələrdəki ciddi təzyiqinə dözə bildik. Bizim üçün hər xal vacibdir. İstəyimiz odur ki, çempionatın sonuna qədər oyunlara yanaşmamız bu cür olsun. Növbəti turda səfərdə "Karvan-Yevlax"la çətin matçımız var. Həmin görüşə hazırlaşacağıq"

QOL.az xəbər verir ki, bu sözləri "Şamaxı"ın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 27-ci turunda doğma meydanda "Qarabağ"la baş tutan matçdan (0:0) sonra bildirib. Təcrübəli mütəxəssis komandasının fədakarlığını yüksək qiymətləndirib, heyətdəki dəyişikliklər və gələcək taleyi ilə bağlı sualları cavablandırıb:

- Kərim Rossi və Dioqo Balaunun yoxluğu oyununuza nə dərəcədə təsir etdi?

- Hər futbolçu bizim üçün önəmlidir. Onların yoxluğu böyük itkidir. Amma digər futbolçular üçün də özlərini göstərmək üçün şansdır.

- Komandanız ötən tur "Zirə"yə, bu gün isə "Qarabağ"a qarşı əzmkar oyun nümayiş etdirdi. Bu mübarizə əzmi rəqiblərin adlarına görədir?

- Xeyr. Əzmkarlığımız az olsa, bəlkə bu gün biz də digər komandalar kimi Premyer Liqada qalmaq uğrunda mübarizə aparardıq. Futbolçularımız bizə yaxın olan komandalarla oyunlarda da əzmkarlıq göstəriblər. Böyük hesabla məğlub olduğumuz oyunlar da oldu. Bu tempi saxlamaq asan deyil. Futbolçular ilk turdan bu günə kimi maksimumu etməyə çalışırlar. Heyətimizdə gənclər var. Futbolçular çox inkişaf ediblər. Onlara görə sevinirəm.

- Qazanılan nəticələrdə sizin taktiki biliyiniz əsas rol oynayır, yoxsa hansısa xüsusi sözləriniz var? 

- Bu gün tam başqa taktika ilə oynadıq. Bunu "Qarabağ"a görə etdik, məcbur idik. Sevindirici haldır ki, futbolçular dəyişikliklərə tez adaptasiya olur. Oyunçulara dəstək olmaq, onlara motivasiya vermək lazımdır. Təbii ki, komanda ruhu da çox vacibdir.

- Əsas qapıçınız cəza səbəbindən növbəti turda oynamayacaq. Bu sizi qayğılandırır?

- Bilirik ki, Rikardo bu gün Azərbaycan çempionatında ən yaxşı qapıçılardandır. Bu, müzakirə olunmur. Amma bir tərəfdən də Abdullaha şans verə biləcəyimə görə sevinirəm. Onun üçün bir şans olacaq. Ümumən qarşıdakı turlarda hər kəsə şans verəcəyik. Futbolçuları da fikirləşmək lazımdır. Əsas heyətdə debüt etməyi gözləyənlər var.

-  Belə xəbərlər var ki, mövsümün sonunda "Şamaxı"dan ayrılacaqsınız və sizin yerinizə Şərqi Avropadan yeni məşqçi gətiriləcək. Hətta deyilənə görə, danışıqlar gedir. Bununla bağlı nə deyə bilərsiniz?

- Kiminlə danışdıqlarını deyə bilmərəm. Gerçək deyil. "Şamaxı" mənim üçün doğmadır. Burada işimi davam etdirmək istəyərdim. Maddi cəhətdən də komanda möhkəmlənməlidir. İki ildir çox çətinliklər olub. Amma heç bir çətinlikdən danışmamışıq. Çalışmışıq ki, bunun öhdəsindən gələk. Məncə, klub düz yoldadır. Bunu davam etdirmək lazımdır. Rəhbərliyə böyük iş düşür. Onların yanaşmalarını bilirəm. İnanıram ki, düzgün qərar verəcəklər. "Şamaxı" həmişə mənim üçün doğma olacaq. Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm.(sportal.az)


Son xəbərlər
topaz banner