"Bəxtimiz gətirdi, hesab daha böyük ola bilərdi" - "Sumqayıt"ın məşqçisi

"Bəxtimiz gətirdi, hesab daha böyük ola bilərdi" - "Sumqayıt"ın məşqçisi
ÖLKƏ FUTBOLU 25 Yanvar 2026 / 18:55 968
-  A +

Misli Premyer Liqasının 17-ci turu çərçivəsində "Sumqayıt" klubu "Turan Tovuz"la qarşılaşıb. Matç Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

QOL.az xəbər verir ki, "Sumqayıt"ın məşqçisi Veliçko Kaplanoviç matçdan sonra oyun barədə fikirlərini bölüşüb. 

Mütəxəssis komandanın ilk hissəni çox pis keçirdiyini və rəqibin standart vəziyyətlərdən maksimum yararlandığını etiraf edib:

"Bir az da bəxtimiz gətirdi. Çünki standart vəziyyətlərdən sonra daha iki qol buraxa bilərdik. İkinci hissədə daha yaxşı oynasaq da, oyunun gedişatını dəyişə bilmədik. Bu cür qarşılaşmalarda çox sadə qollar buraxdığımıza görə təəssüflənirik. Hətta birinci hissədə zəif çıxış etsək də, Aleksander Ramalinqomun yaxşı şansı oldu, lakin top dirəkdən döndü. Belə komandalarla oyunda nəticə qazanmaq üçün hər iki hissədə yaxşı oynamaq lazımdır. Rəqibi təbrik edirəm".

Müdafiə xəttindəki problemlərə və transferlərə toxunan məşqçi yeni mərkəz müdafiəçisi cəlb etdiklərini, lakin qış fasiləsində ideal həll yolu tapmağın çətinliyini qeyd edib. 

O, Aleksa Yankoviçin start heyətində yer almamasını oyunçunun son 7 gündə məşq etməməsi ilə əlaqələndirib:

"Əslində, o, komandamızın əsas oyunçularından biridir. Lakin bir həftəlik məşq qaçırması öz sözünü dedi. Bununla yanaşı, Səbuhi Abdullazadənin zədəli olması və Rüstəmin yoxluğu planlarımıza təsir etdi. "Turan Tovuz" kimi ikili mübarizələrdə güclü olan komandaya qarşı bu cür ciddi itkilərlə mübarizə aparmaq işimizi xeyli çətinləşdirir."

Kaplanoviç komandanın iki hissə arasındakı fərqli performansını izah etməkdə çətinlik çəkdiklərini vurğulayıb:

"Birinci hissəni nəyə görə bu cür zəif oynadığımızı anlaya bilmirik. Bizim hazırladığımız oyun ikinci hissədə gördüyünüz oyun olmalı idi. Sadəcə "Turan Tovuz"un standart vəziyyətlərinə və aut atışlarına reaksiya verə bilmədik. Təcrübəli oyunçularımız olsa da, bu duruma niyə düşdüyümüzü bilmirəm".

Daha çox


Son xəbərlər
topaz banner