"Sanki Azərbaycan millisinin üzvləri oynamaqdan zövq almırlar" - Roman Qriqorçuk

"Sanki Azərbaycan millisinin üzvləri oynamaqdan zövq almırlar" - Roman Qriqorçuk
XƏBƏR 13 Oktyabr 2025 / 16:27 1399
-  A +

“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda bu gün keçiriləcək Ukrayna - Azərbaycan matçı ilə bağlı fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, ukraynalı mütəxəssis “UA-Football” nəşrinin suallarını cavablandırıb.

Müsahibəni kiçik ixtisarla təqdim edirik.

– Analitiklər, bukmekerlər, mütəxəssislər və azarkeşlər Ukraynanı bu oyunun açıq favoriti hesab edirlər. Bu qədər yüksək gözləntilər sizcə, həddindən artıq deyilmi?

– Mənim fikrimcə, Ukrayna bu oyunun aşkar favoritidir və Bakıda qeydə alınan heç-heçəyə (1:1) görə mütləq revanş almalıdır. Əminəm ki, bizim uşaqlar bu oyunda 3 xal qazanacaq, qrupda ikinci pillədə möhkəmlənəcək və biz gələcəyə ümidlə baxacağıq.

– Bu inam hardandır? Düzdür, səfərdə İslandiya üzərində 5:3 hesablı qələbə qeydə alındı. Orda da 3 qol cərimə meydançası xaricindən vuruldu. İslandiyanın qapısını Donarumma və ya Kurtua qorusaydı, bu topların qol olmasına əmin olmayacaqdıq.  

– İlk növbədə mənim inamım ondan qaynaqlanır ki, Ukrayna yığmasının futbolçularının səviyyəsi Azərbaycan millisinin oyunçularından daha yüksəkdir. Ukrayna futbolçularının çoxu ciddi Avropa klublarında çıxış edir – bu bir. İkincisi, İslandiya ilə oyunda mənim diqqətimi çəkən bir məqam oldu: ən azı mənə elə gəldi ki, komandada bir dəyişiklik, bir yenilənmə hiss olunurdu. Futbolçular meydanda qələbə uğrunda sona qədər vuruşurdular, bu qələbənin nə qədər vacib olduğunu anlayırdılar. Sentyabr oyunları ilə müqayisədə münasibət, yanaşma tamamilə fərqli idi.

– Siz Azərbaycanda çalışmısınız, oradakı futbolu yaxşı tanıyırsınız. Pul problemi yoxdur, infrastruktur normaldır, Avropada adı hallanan “Qarabağ” kimi klub var. Bəs niyə milli komanda bu qədər müddətdir qalib gələ bilmir?

– Ümumilikdə götürsək, Azərbaycan millisinin oyunçuları texnikalı və kifayət qədər səviyyəli futbolçulardır. Sadəcə, onlar mənim üçün tam başa düşülməyən bir futbol oynayırlar. Bəlkə də məşqçinin tapşırığı belədir. Amma onlar fərqli oynamalıdırlar: daha yaradıcı, daha hücum yönümlü. Amma əksinə, son izlədiyim oyunlarda daim müdafiəyə çəkilirlər. Məncə, belə olmamalıdır.

– Yəni sizcə, Azərbaycan daha çox hücum futbolu oynamalıdır?

– Bəli. Onların heyətində “Kayzerslautern”də çıxış edən Mahir Emreli, elcədə də Emin Mahmudov kimi keyfiyyətli oyunçular var. Sadəcə olaraq, komanda topu rəqibə verib, geridən oynayır və bu, mənim üçün anlaşılmazdır. Məşqçini tənqid etmirəm, sadəcə, kənardan gördüyümü deyirəm. Belə təəssürat yaranır ki, futbolçular meydanda oynamaqdan zövq almırlar. Ümid edirəm ki, Ukraynaya qarşı da Fransa ilə oyundakı kimi müdafiəyə çəkiləcəklər.

- Azərbaycan üçün bu oyun çox vacibdir. Onlar motivasiyalı olacaqlar. Bu sizi narahat etmir? Motivasiya baxımından üstün olan rəqib təhlükəli ola bilər.

– Əlbəttə, onlar bunu başa düşürlər. Amma belə motivasiyalı rəqib qələbə üçün oyun qura biləcəkmi? Mən buna inanmıram. Məncə, Ukrayna bu oyunda tam üstünlüyə malik olmalıdır – rəqibə qarşı total təzyiq, aqressiv hücum, çoxlu qol şansı və onların yaxşı reallaşdırılması. Biz rəqibə uyğunlaşmamalıyıq, öz oyun üslubumuzu ortaya qoymalıyıq. Ukrayna daha güclüdür və Azərbaycanı məğlub etməlidir. Amma onu da deyim ki, Azərbaycan da döyüşkən rəqibdir.

– Emrelidən başqa Azərbaycan millisində kim təhlükəli ola bilər?

– "Neftçi"nin yammüdafiəçisi Emin Mahmudov texnikalı və səviyyəli oyunçudur. Həmçinin “Neftçi”dən bir neçə oyunçunun da fərdi ustalığı yüksəkdir. Üstəlik, “Qarabağ”ın oyunçularını da unutmaq olmaz – milli komandanın əsasını onlar təşkil edir.

– Bəziləri deyir ki, Azərbaycan çempionatı zəifdir. Sizin fikriniz necədir?

– Əsla razı deyiləm. Əminliklə deyə bilərəm ki, Azərbaycan Premyer Liqası kifayət qədər keyfiyyətli və ciddi bir çempionatdır

- Roman Qriqorçukun Ukrayna – Azərbaycan oyunu ilə bağlı proqnozu necə olardı?

– Mən Ukraynanın qalib gələcəyinə inanıram. Amma hesab necə olacaq – açığı, bu barədə düşünməmişəm. Əsas odur ki, qalib gələk. Qoy 1:0 olsun, bu bizi tam qane edir.


Son xəbərlər
12.10.25  14:15

Suaresdən 600-cü qol