"Narazılıq olub, təhqir olmayıb"

"Narazılıq olub, təhqir olmayıb"
XƏBƏR 18 Aprel 2024 / 13:55 1483
-  A +

Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi "Qəbələ"nin meneceri Səbuhi Səfiyarlını 3 oyun şərti olmaqla 5 oyunluq cəzalandırıb. Buna səbəb olaraq S.Səfiyarlının Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”a qarşı matçın fasiləsində hakimləri təhqir etməsi göstərilib.

QOL.az məsələ ilə əlaqədar S.Səfiyarlı ilə əlaqə saxlayıb. Menecer saytımıza açıqlamasında görüşün baş hakimi Rauf Cabarovu təhqir etmədiyini və İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcəyini söyləyib:

"Mən hakimi təhqir etməmişəm. Sadəcə ilk hissədən sonra onun verdiyi qərarlardan narazı qaldığımızı bildirmək məqsədi ilə etiraz etmişəm. Təhqir olmayıb. Onun təyin etdiyi penalti epizodunda qayda pozuntusu yox idi. Videodan da görünür ki, qapıçımız topun qarşısını kəsir, ayağa heç bir toxunuş yoxdur. Şəhriyar Əliyevin əllə topa toxunduğu epizod da var idi. Bu epizodda penalti təyin oluna bilərdi. Narazı qaldığımızı bildirdim, amma təhqir etməmişəm. Seçdiyim, dediyim cümlə də yadımdadır. Xüsusən seçmişdim ki, sözlərimdə təhqir olmasın. Ona görə də həm Hakimlər Komitəsinə, həm də İntizam Komitəsinə qərardan narazılığımı bildirmişəm. Apellyasiyaya da müraciət edəcəyəm. Çünki hesab edirəm ki, məni kimisə təhqir etməkdə günahlandırmaq imicimə xələl gətirən haldır. Bunun belə olmadığını sübut etmək üçün bütün lazımi addımları atacağam".

Qeyd edək ki, sözügedən matçda "Turan Tovuz" 2:1 hesablı qələbə qazanıb. Oyunun referisi Rauf Cabarova yan xətt hakimləri qismində Rahil Ramazanov, Şirmamed Mamedov köməklik ediblər. 4-cü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirib.


Son xəbərlər
30.04.24  09:27

"Lester" çempion oldu