İki gün öncə Türkiyənin ən məşhur stadionlarından olan “Ali Sami Yen”də vida matçı keçirildi. Bu möhtəşəm tədbirin iştirakçıları arasında olan tək-tük azərbaycanlı, "Qalatasaray"li tanınmış jurnalist Anar Şabanoğlu təəssüratlarını Qol.Az saytının oxucuları ilə bölüşür.
Türk dünyasının qürur və məbədi kimi yaddaşlara gömülən bu stadiona seyrçilərlə futbolçuların vəhdətindən yaranan qorxunc basqıya və gücə görə “Cəhənnəm” ləqəbi verilmişdi. Bu stadionda “Real”ından “Milan”ına, “Barselona”sından “Mancester”inə “Qalatasaray” ruhuna boyun əymək zorunda qalmışdı. Bu stadionda bir zamanlar Azərbaycan yığması kimi hamının qapazaltısı olan Türkiyə millisi devləşmişdi. Nəhayət, bu stadion türk dünyasına bir futbol klubunun yaşatdığı ən böyük uğurun unudulmaz oyunlarına şahidlik etmişdi. Amma hər gözəlin bir sonu olduğu kimi, “Ali Sami Yen”lə də vida anı gəldi...
Nə yazıq ki, 2000-ci ildə qazandığı UEFA kuboku və Avropa Superkuboku ilə bir anda Azərbaycan futbol azarkeşlərinin sevimlisinə çevrilən “Qalatasaray” bu tarixə sıradan bir klub kimi girdi. Komandanı bu hala gətirən başqan Adnan Polat azarkeşlərin fit və etiraz uğultularına davam gətirməyib vida nitqini 2-3 sözlə bitirmək zorunda qaldı. 2 il əvvəl xidmətləri “Neftci”yə təklif olunan, amma “Styaua”ya rəhbərlik etdiyi dönəm məşqləri izlənildikdən sonra heç bəyənilməyən Georgi Hacı indi bu komandanın başındadır. Həvəskar “Şəkərspor” klubunu böyük çətinliklə udandan sonra erməni əsilli aktyor Cem Yılmazın Türk Telekom Arenanın reklamında dediyi “yanlış anlamayın, mekan oynatıyor” sözləri yadıma düşdü.
Amma bu məkan son dəfə oynadırdı. “Qalatasaray” rəsmilərinin dediyinə görə, Seyrantəpədəki yeni arenanın akustikası superdi və “Ali Sami Yen”dən 2 dəfə çox tamaşaçı tutan stadion “qalatasaray”lılar üçün əsl cənnət olacaq. Bizim diləklərimiz zatən bu. Amma Adnan Polat yönətimi cəmiyyət arasında özünü hörmətdən saldığı üçün onların sözünə inanmaq bir az cətindi. Məsələn, “Ali Sami Yen”in son günü stadionun üzərinə vurulan böyük plakatlarda və klubun rəsmi saytında vida günü tədbirlərinin saat 17:00-da başlayacağı və azarkeşlərin 16:30-dan arenaya buraxılacağı xəbər edilsə də, stadionun ətrafına sığmayıb Mecidiyeköy avtomobil yolunu da dolduran azarkeşlər xəbər ediləndən təxminən 2 saat gec arenaya buraxıldı.
Arenaya girəndən sonra söz verilən tədbirlərdən bəzilərinin ixtisara salındığı bəlli oldu. Yaxşı ki, əfsanələrin oyunu bu siyahıda yox idi. Hakan Şükür, Tanju Çolak kimi ünlülərin qatıldığı matça Bülənt Qorxmazın da qatılacağı haqda klubun rəsmi saytına məlumat verilsə də, unudulmaz kapitan klubun rəhbərliyinə etiraz əlaməti kimi, bu tarixi gün “Ali Sami Yen”ə gəlmədi.
Əfsanələrə və klubun tarixinə sayğı göstərən Fatih Terim isə indiki komandanın “Şəkərsporla” qarşılaşmasını gözləmədən tribunaları tərk etdi. Türkiyə kubokunun oyunu bitəndən sonra isə “Ali Sami Yen” göz yaşına büründü. Tuqay Kərimoğlunun, TRT-3 idman xəbərlərinin xanım aparıcısının, Hakan Şükürün ağlamağını hər kəs gördü və duydu. Bu, dünyadakı milyonlarca “qalatasaray”lı okeanında görünən damlalar idi...
Sonda Türkiyə stadionlarında çox sayda qadın və uşaqları görməyin nə qədər gözəl olduğunu vurğulamaqla yanaşı, bu gözəlliyi eybəcərləşdirən bir məqama toxunmaq istəyirəm. Ola bilsin ki, bu, sırf mentalitet məsələsidir. Türkiyədə tribunalarda ara-sıra hətta qadınların və uşaqların da söyüş söyməsini görmüşəm. “Ali Sami Yen”dəki son oyunda isə daha bir yeniliklə tanış oldum. Təxminən 5-6 nəfər 35-40 yaşında avaraların meyvə şirəsi qutusunda stadiona alkoqol gətirib içməsi və bu proseslə bərabər ətrafındakı uşaqlara, qızlara, qadınlara fikir vermədən dünyanın ən murdar söyüşlərini yağdırması... Maraqlısı isə nə yanımda oturan təxminən 10 nəfərlik uşaqlı qızlı-qadınlı ailə nə də başqalarının onlara bir kəlmə də irad bildirməməsidir.
Əksinə, bu avaralara camaat irad bildirirdi ki, “niyə bağırmırsınız abdallar, geri zəkalılar...” Bundan sonra oyunu stadionda izləməkdən vaz keçib televizora üstünlük verdim.
Matçın yeni başlamasına baxmayaraq, stadiondan çıxanda bir neçə gənc cütlərin də stadionu tərk etdiyini gördüm. Daha bir maraqlı səhnə isə stadiona girə bilməyən minlərlə tərəfdarla polislərin mübarizəsi idi. Yenə də mentalitet məsələsinə qayıdıb, daha bir maraqlı məqama toxunum: Bugünlərdə ilk dəfə türk sinemasına getmək qərarına gəldim. “Çakallarla dans” adlanan filmdə eşitdiyim söyüşləri hələ ki, qız qadının tribunalarda görünmədiyi Azərbaycan stadionlarında belə eşitməmişdim.
Allahın bügününə şükür!
Anar ŞABANOĞLU,
Email:
[email protected]