"Abşeron"la "Gəncə" də növbəti mərhələyə vəsiqə qazandı (YENİLƏNİB)

"Abşeron"la "Gəncə" də növbəti mərhələyə vəsiqə qazandı (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 27 Oktyabr 2010 / 15:53 4792
-  A +

Futbol üzrə 19-cu Azərbaycan kubokuna start verilib. Qol.Az-ın məlumatına görə ilk oyun günündə 4 qarşılaşma baş tutub.
1/16 finalın ilk oyun günündəki ən maraqlı duellərindən biri vaxtilə ölkə futbolunda “at oynadan” “Karvan”la “MKT-Araz” arasında baş tutub. Hazırda hər iki komandanın əvvəlki nüfuzundan qat-qat geridə olduğunu elə birinci divizionda çıxış etmələri sübut edir. Lakin bu dəfə yalnız keçmişiylə öyünən bu iki bölgə təmsilçisindən biri mübarizəni elə ilk mərhələdən dayandırmalı olub. Matçın 15-ci dəqiqəsində “MKT-Araz” hesabı açıb. Lakin 90-cı dəqiqədə “Karvan” tarazlığı bərpa etməsi nəticəsində oyun əlavə vaxta gedib. Əlavə vaxtda da qol vurulmadığından, qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha üstün olan İmişli təmsilçisi növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, bu, qalibin 90 dəqiqə ərzində müəyyənləşmədiyi yeganə qarşılaşma olub. Digər cütdə vaxtilə güclülür dəstəsində çıxış etmiş “Bakılı” isə “Neftçi” İSM-i mübarizədən kənarlaşdırmaqda çətinlik çəkib. “Ağ-qaralar” azlıqda qalan rəqibi üzərində elə minimal hesablı qələbəylə kifayətlənib.
İndiyə qədər heç vaxt güclülər dəstəsinə çıxa bilməyən, elə kubokda da mübarizəni adətən erkən başa vuran “Anşad Petrol” isə bu dəfə debutant “Şuşa”yla bacarmayıb. Halbuki, bu oyunun Neftçalada keçirilməsi, güclərin fərqinə görə meydan sahiblərinin daha üstün olması debüt mövsümünü keçirən şuşalıların mübarizəni ilk mərhələdən dayandıracağına şübhə yeri qoymurdu. Axı elə birinci divizionun açılış turunda “Anşad Petrol” səfər matçında bu rəqibiylə qarşılaşmış və 5 cavabsız qolla qalib gəlmişdi. Lakin şuşalılar rəqib meydanında 2 cavabsız qolla qalib gəlməklə, bəlkə də günün ən böyük sensasiyasına imza atmış olub.
Nəhayət ilk oyunun gününün son qarşılaşmasında “Şəmkir” və “Rəvan” qarşı-qarşıya gəlib. Bu ayın 9-da, birinci divizionun 6-cı turu çərçivəsində keçirilən “Rəvan” – “Şəmkir” görüşündə meydan sahibləri minimal hesablı qələbəyə sevinən tərəf olmuşdu. Bu qarşılaşmada isə hesabı şəmkirlilər açdı. Yeri gəlmişkən, meydan sahiblərinin heyətində fərqlənən Elşən Hacıyev 13-cü dəqiqədə vurduğu qolla ölkə kubokunun yeni mövsümünün ilk qolunun müəllifi oldu. Lakin onun qolu komandasının növbəti mərhələyə çıxması üçün yetərli olmadı. Əksinə buraxılan qolun əvəzini artıqlamasıyla çıxan qonaqlar əzmkar qələbəylə növbəti mərhələyə vəsiqəni rəsmiləşdiriblər.
Beləliklə, ilk oyun günü bütün meydan sahibləri üçün uğursuz alınıb və səfərdə çıxış edən komandalar adlarının 1/8 finala yazdırıblar.
1/16 final mərhələsi bu gün keçirilən 2 oyunla yekunlaşıb. Mübarizəyə ilk mərhələdən qoşulan elita təmsilçiləri - “Gəncə”ylə MOİK-in taleyi böyük maraq doğururdu. Axı “Şahdağ”la “Abşeron”un müvafiq olaraq bu rəqiblərinə sürpriz yaşatması istisna olunmurdu. Xüsusilə Premyer Liqadakı işləri qətiyyən yolunda getməyən “hərbçilər”in növbəti mərhələyə adlaya bilməməsi real görünürdü. Çünki birinci diviziona fırtına kimi başlayan “Abşeron” keçirdiyi bütün matçlardan yüzfaizlik nəticəylə ayrılmaqla, daha iddialı olduğunu isbatlamaqda idi. Gözlənildiyi kimi, Mirbağır İsayevin komandası MOİK-i kubokdan kənarlaşdırdı. Özü də 4 cavabsız qolla. Premyer Liqada qeyri-sabit çıxışıyla seçilən, “Xəzər Lənkəran”ı 4:1 udub, “Neftçi”yə 2:6 uduzan “Gəncə” isə kuboku erkən tərk etməmək üçün Qusardan üzüağ dönməliydi. Əslində bu komandanın da növbəti mərhələyə adlamamaq təhlükəsi olsa da, gəncəlilər sensasiyaya imkan vermədi. Rəqibini 3 cavabsız qolla keçən Fuad İsmayılovun komandası adını növbəti mərhələyə yazdırdı.

NBC Bank Azərbaycan kuboku
1/16 final mərhələsi

27 oktyabr (çərşənbə)

14:00. "Şahdağ" - "Gəncə" - 0:3

Qollar: Armand Feutchine, 54 (0:1). Ceyhun Sultanov, 74 (0:2).  Ceyhun Sultanov, 89-pen. (0:3).
Qırmızı vərəqə: Şıxqayıb Şıxqayıbov, 88 ("Şahdağ").
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Elşən Durmuşov, Etibar Həsənov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Əli Hüseynov
Qusar. Ş.Orduxanov adına şəhər stadionu

14:00. "Abşeron" - MOİK - 4:0

Qollar: İsmayıl Məmmədov, 15 (1:0). Emin Mehtiyev, 34 (2:0). Ruslan Qafitullin, 67 (3:0). Emin Mehtiyev, 71 (4:0).
Hakimlər: Feyzulla Feyzullayev, Zeynal Zeynalov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Akif Məmmədov
Bakı. "Şəfa" stadionu

26 oktyabr (çərşənbə axşamı)

14:00. "Karvan" – “MKT-Araz" - 1:1 (penaltilərlə 4:5)

Qol: Rafiq Koçaliyev, 15 (0:1). Ramil Ağayev, 90-pen. (1:1).
Hakimlər: Azad Mütəllimov, Hüseyn İmanov, Rasim Əhmədov, İlqar Zeynalov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Orucəli Durmuşov
Yevlax. Şəhər stadionu

14:00. "Bakılı" - "Neftçi" İSM - 0:1

Qol: Fərhad İsgəndərov, 27 (0:1).
Qırmızı vərəqə: Samir B.Quliyev ,60. (Bakılı)
Hakimlər: Alik Yunusov, Hüseyn Əsgərov, Ruslan Nəsibov, Elxan Müslümov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "Şəfa" stadionu, 4-cü meydança

14:00. "Anşad Petrol" - "Şuşa" - 0:2

Qol: Pərviz Şahbazov, 57 (0:1). Mətləb Ələsov, 80 (0:2).
Hakimlər: Orxan Məmmədov, Azad Ə.Hüseynov, Akif Adıgözəlov, Elgün Hüseynov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Neftçala. N.Nərimanov adına şəhər stadionu

14:00. "Şəmkir" - "Rəvan" - 1:3

Qollar: Elşən Hacıyev, 13 (1:0). Fəxrəddin Mürvətov, 45 (1:1). Aslan Hüseynov, 68 (1:2). Asif Zeynalov, 87 (1:3).
Hakimlər: Hacıəli Ağayev, Habil Əliyev, Samir Hacıyev, Əli Əliyev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Fazil Mürşüdov
Şəmkir. Şəhər OİK stadionu


 

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda